Məmmədnicat Salahov

Məmmədnicat Qılman oğlu Salahov (04 yanvar 1934, Bakı - 2020) — heykəltaraş, dünyada futbol hakiminə qoyulan ilk heykəlin müəllifi.

Məmmədnicat Salahov
Məmmədnicat Qılman oğlu Salahov
Doğum tarixi
Doğum yeri Bakı, Azərbaycan SSR
Vəfat tarixi
Fəaliyyəti heykəltaraş
Təhsili
Janr Heykəltaraşlıq

Həyat və yaradıcılığı

[redaktə | mənbəni redaktə et]

Məmmədnicat Salahov 1934-cü ildə anadan olmuşdur. O, 1958-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq məktəbini bitirmişdir. Onun diplom işi — komsomolun 40 illiyinə həsr olunmuş "Gənclik" kompozisiyası hazırda İncəsənət Muzeyində saxlanılır

1959–60-cı illərdə "Azərbaycanfilm" kinostudiyasında işləyən M. Salahov "Bir qalanın sirri", "Səhər", "Matteo Falkone" və başqa filmlərdə rəssam kimi çalışmışdır.

Məmmədnicat Salahov Tbilisi Rəssamlıq Akademiyasını bitirdikdən sonra fəal yaradıcılığa başlamışdır. O, 1966–1969-cu illərdə gənclərin birinci respublika sərgisində "Quraşdırıcı" işi ilə iştirak etmiş, bəstəkar Cövdət Hacıyevin portretini yaratmış, Mirzə Fətəli Axundovun mərmərdən büstünü Azərbaycan Elmlər Akademiyası üçün işləyib hazırlamışdır.

1970-ci ildə M. Salahovun "Xəzər" alleqorik kompozisiyası respublika sərgisində nümayiş etdirilmişdir. Əsər rəhbərlik tərəfindən bəyənilmiş və Bakının dənizkənarı parkında qoyulması məsləhət görülmüş, məlum olmayan səbəblərə görə bu, baş tutmamışdır.

M. Salahovun müəllifi olduğu, Böyük Vətən müharibəsində həlak olan Balaxanı sakinlərinə əbədi xatirə abidəsi.

Məmmədnicat Salahovun yaradıcılığında Böyük Vətən müharibəsi mövzusu xüsusi yer tutur. Onun bu mövzuda hazırladığı xatirə abidələri Kürdəmir, Masallı, Füzuli, Ağcabədi rayonlarında, Bakının BalaxanıHövsan qəsəbələrində ucalır.

Böyük Vətən müharibəsi qəhrəmanlarından Gəray Əsədov, Məmiş Abdullayev, Məstan ƏliyevHüseynbala Əliyevin büstlərini, habelə tanınmış futbol hakimi Tofiq Bəhramov, bəstəkar Qılman Salahov, neftçi usta Baba Pirməmməd və kəşfiyyatçı İsmayıl Kərimovun portretlərini hazırlamış, həmin işlər ümumittifaq və respublika sərgilərində nümayiş etdirilmişdir.

1986-cı ildə Moskvada keçirilən Azərbaycan rəssamlarının sərgisində Məmmədnicat Salahov üç işi — "Çövkən", "Gənc fəhlə" və "Ucalın portreti" ilə iştirak etmişdir. Mərmər və tuncdan hazırlanmış son iki əsər Moskvanın sərgilər mərkəzi tərəfindən alınmışdır.

Sultan Məhəmmədin Azərbaycan Milli Kitabxanası binasının lociyasında heykəli.

O, eyni zamanda İmran Qasımov və usta Baba Pirməmmədin xatirə lövhələrini yaratmışdır. Neft daşlarında dəniz neftçilərinə ithaf edilmiş 4 metr hündürlüyündə, 5 fiqurdan və 40metrlik barelyefdən ibarət abidə ansamblının müəllifidə M. Salahovdur. 1991-ci ildə M. F. Axundov adına kitabxananın binasında qoyulmuş dahi miniatürçü rəssam Sultan Məhəmmədin 3 metrlik abidəsi də onun sənətinin məhsuludur.

Məmmədnicat Salahov 1987–1989-cu illərdə Zəngilan rayonunda qoyulması nəzərdə tutulan Babəkin at üstündə abidəsini işləyib hazırlamışdır. Lakin ermənilərin rayonu işğal etməsi abidənin ucaldılmasına imkan verməmişdir.

1998-ci ildə Məmmədnicat Salahov Moskvada yaşayan həmyerlimiz, məşhur Neyrocərrah, tibb elmləri doktoru Həbib Həbibovun tuncdan büstünü hazırlamış, respublika sərgisində keçmiş maliyyə naziri işləmiş babası Əliağa Həsənovun portreti ilə çıxış etmişdir. Müxtəlif illərdə o, Həzi Aslanov, Üzeyir Hacıbəyov, H. Soltanov, Səməd Vurğun, neft sahibkarı Balaməmməd Salahov, Qaçaq Nəbi və b. azərbaycanlıların büst və portretlərini yaratmışdır.

Məmmədnicat Salahov 2004-cü ildə Tofiq Bəhrəmovun heykəlini hazırlamaqla dünyada futbol hakiminə qoyulan ilk heykəlin müəllifi olmuşdur. Heykəlinin açılışı 2004-cü il oktyabrın 13-də dünya çempionatının seçmə qrup mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan – İngiltərə matçından öncə olub.

Onun əsərləri Respublika İncəsənət Muzeyində, İncəsənət Fondunda, şəxsi kolleksiyalarda və xarici ölkələrdə saxlanılır.

Məmmədnicat Salahov 30 ildən artıq Ə. Əzimzadə adına Rəssamlıq məktəbində müəllim işləyib.

Məmmədnicat Salahovun oğlanları Ucal və Orxan da atalarının yolunu seçmiş, hər ikisi heykəltaraşdır.

Ucal 1991-ci ildə Ə. Əzimzadə adına rəssamlıq məktəbini, 1997-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir.

Orxan 1994-cü ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirmişdir. Ucal və Orxan mütamadi olaraq respublika sərgilərində yeni əsərləri ilə iştirak edirlər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • Oqtay Qasımovun "Bizim və sizin Balaxanı" kitabı, səh, 256–257.