Tofiq Bakıxanov (tam adı: Tofiq Əhmədağa oğlu Bakıxanov; 8 dekabr 1930, Bakı) — Azərbaycanın görkəmli bəstəkarı, Azərbaycan SSR xalq artisti (1990), professor (1983).
Tofiq Bakıxanov | |
---|---|
Tofiq Əhmədağa oğlu Bakıxanov | |
| |
Ümumi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, ZSFSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Atası | Əhməd Bakıxanov |
Musiqiçi məlumatları | |
Fəaliyyəti | bəstəkar |
Musiqi aləti | skripka |
Təhsili |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tofiq Əhmədağa oğlu Bakıxanov 1930-cu il dekabr ayının 8-də Bakıda, görkəmli tarzən, Azərbaycanın xalq artisti Əhməd Bakıxanovun ailəsində dünyaya göz açıb.
Tofiq Bakıxanov ilk musiqi təhsilini Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) nəzdindəki onillik musiqi məktəbində (indiki Bülbül adına orta ixtisas musiqi məktəbi) skripka aləti üzrə respublikanın Əməkdar müəllimi M. İ. Simberovdan almışdır. Daha sonra Azərbaycan Dövlət Konservatoriyasında iki ixtisas üzrə təhsil almış, buranı 1953-cü ildə skripka ixtisası (Aleksandr Amitonun sinfi), 1957-ci ildə isə bəstəkarlıq ixtisası üzrə (professor Q. Qarayevin sinfi) bitirmişdir.
Tələbəlik illərində T. Bakıxanov ifaçılıq fəaliyyəti ilə məşğul olaraq Azərbaycan Dövlət Simfonik Orkestrində, həmçinin Azərbaycan radiosunun simfonik orkestrində solist kimi çalışmışdır.
T. Bakıxanovun yaradıcılığında kamera-instrumental və simfonik janrlı əsərlər üstünlük təşkil edir. O, üç balet ("Xəzər balladası", "Şərq poeması" və "Xeyir və Şər"), bəstəkar Nəriman Məmmədovla birlikdə yazdığı 3 musiqili komediya ("Altı qızın biri pəri", "Məmmədəli kurorta gedir", "Qız görüşə tələsir"), tar və müxtəlif alətlər ilə simfonik orkestr üçün 25 konsert, 20 sonata, 5 simfonik muğam ("Nəva", "Şahnaz", "Rahab", "Humayun", "Dügah"), 8 simfoniya, 6 simfonik poema, kamera musiqisi sahəsində 26 sonata, müxtəlif tərkibli ansambllar üçün əsərlərin, 100-dən artıq mahnı və romansın müəllifidir.
Bəstəkar yarım əsrdən artıqdır ki, Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyətlə məşğuldur.
23 noyabr 1973-cü ildə "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adına layiq görülmüşdür. 1983-cü ildə professor adı almışdır. 31 dekabr 1990-cı ildə ona "Azərbaycan SSR xalq artisti" fəxri adı verilib. 1996-cı ildə Azərbaycan Milli Yaradıcılıq Akademiyasının İncəsənət Doktoru seçilmişdir. 1994–2000-ci illərdə Abbasqulu ağa Bakıxanov adına mükafatın laureatıdır. 7 dekabr 2000-ci ildə "Şöhrət" ordeni, 26 yanvar 2021-ci ildə isə "Şərəf" ordeni ilə təltif olunmuşdur. 1969-cu ildə Parisdə keçirilən VII beynalxalq rəqs festivalının; 1998, 2000, 2001-ci illərdə Quzey Kıbrıs Türk Cumhuriyyətində II, IV, V beynəlxalq "Bellapais" musiqi festivallarında, Moskvada, Tbilisidə, son illərdə İstanbul, İzmir, Tehran, Bolqarıstanda müəllif konsertləri ilə çıxış etmişdir.[1][2][3] 2002-ci ildən prezident təqaüdçüsüdür.[4] Haqqında resenziyalar, monoqrafiyalar, silsilə məqalələr yazılmış, "Tofiq Bakıxanov" adlı televiziya filmi çəkilmişdir.