Torpaq fondunun mülkiyyət növləri - Hər bir dövlətin vahid torpaq fondunu onun hüdudları daxilində olan torpaqlar təşkil edir. Azərbaycanda torpaq islahatı zamanı respublikanın vahid torpaq fondu dövlət mülkiyətində saxlanılan (dövlət torpaqları), bələdiyyə mülkiyyətinə verilən (bələdiyyə torpaqları) və xüsusi mülkiyyətə verilən torpaqlara ayrılmışdır. Relyef, iqlim şəraitinin və bitki örtüyünün müxtəlifliyi respublikamızın vahid torpaq fondunu təşkil edən torpaqların müxtəlif dərəcədə eroziyaya, şorlaşmaya və şorakətləşməyə uğramasını şərtləndirən səbəblərdəndir.[1]
Azərbaycan respublikasının vahid torpaq fondunun 4.925.197 ha-ı dövlət mülkiyyətində saxlanılmışdır. Bura dövlət hakimiyyəti orqanlarının və dövlət obyektlərinin yerləşdiyi torpaqlar; yay, qış otlaqları və meşə fondu torpaqları, su fondu torpaqları, xüsusi mühafizə olunan ərazilərin torpaqları, daxildir. Bundan başqa elmi-tədqiqat və tədris müəssisələrinin, eləcə də dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan, həmçinin dövlət ehtiyat fondu torpaqları da bura aid edilir.
Bələdiyyə torpaqlarına respublikanın vahid torpaq fondunun 2,054.293 hektarı bələdiyyə mülkiyyətinə verilmişdir. Bura ümumi istifadə olan torpaqlar, fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar və ehtiyat fondu torpaqları daxildir. Bələdiyyə torpaqlarına həmçinin şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin torpaqları və əhalinin mal-qara üçün istifadə etdikləri örüş sahələrinin torpaqları aiddir.
Xüsusi mülkiyyətdəki torpaqları 1.662.016-ha təşkil edir. Bura vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan, həmçinin özəlləşdirilən torpaq sahələri daxildir.