Turşulu yağış atmosferin kükürd və azot turşuları ilə çirklənərək yağıntı (yağış, duman, qar) halında düşməsidir. Belə ki, turşulu yağışlar istilik-enerji komplekslərindən, avtomobil nəqliyyatından, həmçinin kimya və metallurgiya zavodları tərəfindən atmosferə kükürd və azot oksidlərinin atılması nəticəsində əmələ gəlir. Turş yağışların tərkibini müəyyənləşdirdikdə onun turşuluğunu (pH) təyin edən hidrogen kationunun miqdarına əsas diqqət yetirilir. Təmiz su üçün pH=7-dir, bu neytral reaksiyaya uyğun gəlir. pH 7-dən aşağı olan məhlul turş, yuxarı olduqda qələvi hesab edilir. Turşuluq-qələviliyin hüdudu 0-14 arasını əhatə edir. Həmçinin, turşuluğu pH 5,6-dan aşağı olan yağıntıların «Turş yağışlar» adlandırılması qəbul edilmişdir. Turş yağışların təxminən üçdə ikisi kükürd-2-oksid tərəfindən törədilir, qalan üçdə birinə isə azot oksidi səbəb olur. Bu oksidlər parnik effektinə səbəb olur və şəhər «smoqunun» (fotokimyəvi dumanın) tərkibinə daxil olur. Müxtəlif ölkələrin sənayesi tərəfindən hər il atmosferə 120 mln. tondan artıq kükürd 2 oksid atılır, bu, atmosferin nəmliyi ilə reaksiyaya girərək sulfat turşusuna çevrilir. Bu birləşmələr atmosferə düşərkən küləklər vasitəsilə mənbəyindən min kilometrlərlə uzaqlara aparılıb orada yağış, qar və duman şəklində Yerə düşə bilər. Belə yağışlar göl və çayları «ölü» su hövzələrinə çevirərək, praktiki olaraq oradakı bütün canlılara-balıqdan tutmuş bütün mikroorqanizmlərə, bitki örtüyünə, meşələrə ziyan yetirir. Turş yağışların əsas yayıldığı vilayətlər sənaye rayonları sayılır. Şimali Amerika, Yaponiya, Koreya, Çin, Rusiyanın sənaye şəhərlərində də bu yağışlara tez-tez rast gəlinir. İndiyə qədər məlum olan ən turş yağış Kanadada (pH=2,4) və ABŞ-nin Los Anceles şəhərində (pH=2,3) qeydə alınmışdır. Başqa sözlə desək, bu cür yağışlarda tündlüyünə görə turşuluq mətbəx sirkəsi, yaxud limon şirəsi turşuluğuna bərabər olur. Turş yağışlar qlobal iqlim istiləşməsi və ozon qatının nazilməsi kimi dünya miqyaslı problem yaratmasa da, onun çirkləndirici təsiri ölkənin hüdudlarından çox-çox kənarlara çıxır.
Əksəriyyət çay və göllərdə suyun turşuluğu (pH) təbii halda 6-8 təşkil edir. Turş yağışların su hövzələrinə çay, göl, su anbarına düşməsi prosesi bir çox mərhələlər dən keçir, onların hər birində pH azala və arta bilər. Bütün canlılar pH-ın dəyişməsinə həssasdır. Odur ki, su hövzələrində turşuluğun artması balıq təsərrüfatına dözülməz ziyan vurur. Turş yağışlardan xüsusilə Kanada, Norveç, İsveç, Finlandiya, ABŞ-nin göllərində bioloji tarazlıq pozulmuşdur. Belə ki, İsveçdə balıq yetişdirilən 15 000 göl turş yağışların mənfi təsirinə məruz qalmışdır, onlardan 4 min göldə canlı həyat əlaməti tamamilə itmişdir. Kanadada 14 000 göldə turşuluq yüksəkdir, onlardan 4 000 «ölüdür». Norveçin cənub hissəsində göllərin 80%-i ya «ölüdür», ya da kritik vəziyyətdədir, burada tədqiq olunan 5 000 göldən 1750-də balıq yoxa çıxmışdır. Kareliyanın göllərində qızılbalıq və alabalığın ehtiyatı kəskin azalmışdır. İtaliya, İsveçrə, Fransa kimi dövlətlərin alp (dağ) göllərinin çoxunda canlı aləm məhv edilmişdir. Göl ekosistemlərində suyun turşuluğunun (pH) yüksəlməsi yalnız balıq populyasiyalarını deyil, həmçinin digər hidrobiontları da deqradasiyaya uğradır. İsveç alimlərinin tədqiqatlarına əsasən pH-ın müxtəlif qiymətlərində canlılar məhv olur.
pH-ın sonrakı azalması turşuluq çirklənməsinə rezistent (davamlı) həşəratlar və bəzi nadir fito və zooplanktonlar qalır. Turş göllərdə ağ mamırın güclü inkişafı müşahidə olunur, bu isə həmin su hövzəsinin bioloji ölü olmasını göstərir. Beləliklə, pH<6,5 olduqda neqativ nəticə özünü göstərir, pH<5 olduqda isə «normal» həyat formaları dayanır.
Turş yağışlar meşə, bağ, parklara böyük ziyan yetirir. Turş mühitə malik olan meşə torpağı və bataqlıqlara düşən turş yağışlar turşuluq dərəcəsini bir qədər də yüksəldir və canlı aləmi pozur. Qeyd edək ki, iynəyarpaqlı ağac cinsləri turş yağışlara daha çox həssasdır. Bu səbəbdən dünyanın müxtəlif regionlarında 31 mln. ha meşə məhv olur. Belə ki, Almaniyanın ərazisində turşulu yağışların təsirindən küknar meşələrinin demək olar ki, üçdə biri zədələnmişdir. Almaniya ilə Çexiyanın sərhəd hissəsində bu səbəbdən xeyli meşə sahəsi sıradan çıxmışdır. Almaniyanın meşəli Bavariya və Baden vilayətlərində meşə ərazilərinin yarıya qədəri turş yağışlardan ziyan çəkmişlər. 1980-ci ildə ağ şam meşələrinin 60%-i sağlam idi. İki ildən sonra onların 98%-i məhv olmuş və ya məhv olmaq təhlükəsi altında qalmışdır. Kanadada 300 yaşlı balzam küknarı ağacları turşulu yağışların təsirindən məhv olmuşdur. Turş yağışlar Şimali Appalaçda (Şimali Amerikada dağ silsiləsi) qırmızı küknardan ibarət dağ meşələrinin vəziyyətinin pisləşməsinə və məhvinə səbəb olmuşdur. Avropanın şimalında turşulu yağışların təsirindən meşələrin 50%-i ziyan çəkmişdir. Turş yağışların təsirindən torpaqda alüminiumun hərəkəti sürətlənir, bu isə bitkini qidalandıran xırda köklər üçün zəhərli sayılır və onların 50%-ə qədəri məhv olur, ağacların yarpaqları və iynələri quruyub tökülür, cavan tumurcuqlar şüşə kimi kövrək olub qırılır. Ağaclar xəstəlik və zərərvericilərin təsirinə qarşı davamsız olur. Turş yağışlar nəticəsində meşələr deqradasiyaya uğradıqda və ya quruduqda oradakı vəhşi heyvanlar da didərgin düşür və ya məhv olurlar. Meşə ekosistemi dağıldıqda eroziya prosesi baş verir, su hövzələri zibillənir, su ehtiyatı tükənir. Ən azı onu da gözləmək olar ki, məhv olmuş ağaclar asidofil növlərlə (yəni turşuluq sevən) əvəz oluna bilər. Belə növlərin tərkibi məhdud olub, əksəriyyəti–mamırlar, qıjılar və digər alçaqboylu bitkilərdən ibarətdir, belə sahələr iqtisadi baxımdan, hətta mal-qara otarılması üçün də az qiymətli hesab olunur.
Müəyyən edilmişdir ki, kənd təsərrüfatı bitkilərinin böyümə və yetişməsinin yağıntıların turşuluğundan asılılığını bitkilərin fiziologiyası, mikroorqanizmlərin inkişafı və bir sıra faktorların qarşılıqlı əlaqələri təsdiq edir. Odur ki, turş yağışların kənd təsərrüfatı bitkilərinin məhsuldarlığına və məhsulun keyfiyyətinə təsirini göstərən bütün komponentlərin kəmiyyət uçotu aparılmalıdır. Turş yağışlar torpağın fiziki-kimyəvi xassələrini dəyişir, münbitliyini azaldır, canlı aləmin fizioloji inkişafını pozur, bitki örtüyünü deqradasiyaya uğradır, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını aşağı salır. Torpağın turşuluğu (pH) 3-ə endikdə praktiki olaraq bəhrəsiz olur. Ən çox tayqa zonasının torpaqları turşulaşmağa məruz qalır. Bir çox heyvan və bitkilər yüksək turş torpaqlarda məskunlaşa bilmir. Turşulu yağışlar səth sularını və torpağın üst horizontlarını turşulaşdırmaqla yanaşı, həm də aşağı enən su axını ilə bütün torpaq profili boyu yayılır və qrunt sularının da xeyli turşulaşmasına səbəb olur.
Turş yağışların nəticələrindən biri də arxitektur binaların və incəsənət əsərlərinin dağılmasıdır. Turşu ilə əhəng daşı arasında qarşılıqlı əlaqə olduqca tez aşınmağa və eroziyaya səbəb olduğundan, əhəng daşından və ya mərmərdən hazırlanmış tarixi qiymətə malik olan emallar, məmulatlar dağılmağa məruz qalır. Qeyd etmək lazımdır ki, yüz və hətta min illərdən bəri cüzi dəyişilmiş abidələr və binalar indi turş yağışların təsirindən ovulub dağılır. Yunanıstan və İtaliyada antik abidələrin saxlanması ciddi problemə çevrilmişdir. Mütəxəssislər alüminiumun və digər zəhərli maddələrin, o cümlədən qurğuşunun turşulu yağışlarla həll olmasından da son dərəcə narahatlıq keçirirlər, belə ki, turş yağışlar səth və qrunt sularının çirklənməsinə gətirib çıxara bilər. Turş yağışların bir sıra konstruktiv materiallara təsiri ilbəil daha aydın görünür. Amerika mətbuatının məlumatına görə turşulu yağışların təsirindən metallar sürətlə korroziyaya uğrayır. Belə ki, ABŞ-da təyyarələrin və körpülərin dağılmasına belə səbəb olur. Əsas zədələyici inqrediyentlər hidrogen kationu, kükürd-2 oksid, azot oksidləri, həmçinin ozon, formaldehid və hidrogen peroksidi sayılır. Materialların dağılma intensivliyi onun məsaməliyindən asılıdır. Belə ki, xüsusi səth yüksək olduqca onun sorbsiya qabiliyyəti də artıq olur. Tikintinin konstruktiv xüsusiyyətindən asılı olaraq səthində müxtəlif oyuqlar olduqda onlar turşulu yağışların toplayıcısı vəzifəsini görür, istismar şəraitindən, küləyin sürəti, temperatur, rütubətlik və s. asılı olaraq həyatda üç qrup materiala daha çox diqqət yetirilir.
Yağıntı və qazların təsiri zamanı onların zədələyici təsiri metalların iştirakı ilə katalitik reaksiyanın intensivliyi, həmçinin sinergizmdən, yəni bir maddənin digərinə təsirini gücləndirmə qabiliyyətindən asılıdır. Bu zaman çox vaxt bərabər korroziya müşahidə olunur. Avropa parlamentinin məlumatına görə turş yağıntıların törətdiyi iqtisadi ziyan ümumi milli məhsulun 4%-ni təşkil edir. Turşulu yağışlarla uzunmüddətli pesrpektivdə mübarizə strategiyasını seçdikdə bunu nəzərə almaq lazımdır. Turş yağışların ekoloji problemini həll etmək üçün aşağıdakı tədbirlərin həyata keçirilməsi vacibdir. Belə ki, kükürd və azot oksidlərin tullantıları, ilk növbədə kükürd qazının buraxılması kəskin azaldılmalıdır, belə ki, sulfat turşusu və onun duzları turşulu yağışın yaranmasının 70-80%-ni təşkil edir.
Məlumdur ki, yeni texnologiya tətbiq edərək:
a) yanacağa qənaət etmək;
b) yanacaqdan kükürdü kənarlaşdırmaq;
v) tüstü bacasından çıxan kükürd və azot oksidini tutmaq üzrə tədbirlər həyata keçirilməlidir.