Dağ meşələri

Dağlıq rayonlarda meşə[1] bitkisi yüksəklik qurşaqlığı ilə səciyyələnir. Respublikanın[2] ayrı-ayrı dağ sistemlərində bitki qurşaqlığı qanunauyğunluğunda müəyyən oxşarlıq olsa da onları bir-birindən fərqləndirən cəhətlər də var. Böyük Qafqazda[3] və Kiçik Qafqazın şimal, şimal-şərq makroyamaclarında aşağı dağ meşə qurşağında (600(900–1000)m) vələslə qarışıq iberiya palıdı (lat. Quercus iberica) meşələri, orta dağ qurşağında şərq fıstığı (lat. Fagus ]) meşələri, yuxarı dağ-meşə qurşağında isə şərq palıdı (lat. Q. macranthera), tozağac (lat. Betula) və yüksək dağ (trautvetter) ağcaqayını (lat. Acer trautvettery) meşələri yayılmışdır. Lənkəran regionu rayonlarında aşağı meşə qurşağında şabalıdyarpaq palıd, Qafqaz vələsi və bir sıra hirkan tipli relikt ağac cinslərinin iştirakı ilə mürəkkəb tipli dəmirağac meşələri yayılmışdır. Lənkəran regionunun aşağı meşə qurşağında meşələr üçüncü dövrün relikt və endem növlərinin zənginliyi ilə seçilir. (ipək akasiyası, dəmirağac, azatağac, xəzər lələyi, hirkan əncili və s.) 

Meşələrin yayılması

[redaktə | mənbəni redaktə et]

Meşələrimizin 90%-i (təxminən 800 min ha) dağ yamaclarında yerləşir. Dağ meşələrinin çox hissəsi Böyük Qafqazda (360 min ha) yayılmışdır. Kiçik Qafqazda[4] meşə ilə örtülü sahə 250 min ha, Talış dağlarında isə 134 min ha təşkil edir. Tədqiqatlar göstərir ki, dağlarımızda meşənin təbii (iqlim) yuxarı sərhədi iyul ayının orta temperaturu 10dərəcə və bir qədər də aşağı olan xətdən keçməlidir. Bu qanunauyğunluğu respublikamızın ayrı-ayrı dağlıq vilayətlərinə tətbiq edək. Əgər 10dərəcə iyul izotermini meşənin iqlim sərhədi qəbul etsək, qışı rütubətli keçən və soyuq iqlimə malik olan Böyük Qafqazın cənub yamacında və Kiçik Qafqazın şimal-şərq yamacı rayonlarında (Göygöl, Gədəbəy, Daşkəsən) bu sərhəd 2600–2650m-dən, qışı quraq keçən, nisbətən kontinental soyuq iqlimə malik olan Kəlbəcər və Laçın rayonlarında 2800m-dən, yayı quraq kontinental iqlimi olan Naxçıvan zonasında isə 3000m-dən keçməlidir. Apardığımız tədqiqatlar göstərir ki, respublikamızda insanın təsərrüfat fəaliyyətinin təsiri nəticəsində meşənin yuxarı iqlim sərhədi çox böyük dəyişikliyə uğramışdır. Hazırda demək olar ki, meşənin təbii yuxarı sərhədi hər yerdə antropogen amillərin təsiri nəticəsində pozulmuş, aşağı salınmışdır. Meşənin müasir (antropogen) yuxarı sərhədi respublikamızın dağlıq rayonlarında orta hesabla 1600 — hündürlükdən keçir. Bu hündürlük isə iyul ayının orta temperaturu 14–17dərəcə olan yüksəkliyə uyğun gəlir. Çox nadir hallarda, məs. Tərtərçay hövzəsində 2350–2400m-də tozağac meşəsinin qalıqlarına, ardıc kollarına isə Gəncəçayın sol sahilində 2400–2500m, Zəyəmçayın mənbəyində, dağın lap zirvəsinə qədər (2600–2700m)rast gəlinir.

Azərbaycanın dağ meşələrində əsasən fıstıq, palıd və vələs üstünlük təşkil edir.

  1. Qrossheym A. A. Qafqazın bitki örtüyü. M.,1948, 265 s. (rus dilində)
  2. Qrossheym A. A. Qafqazın zəngin bitki örtüyü M., 1952, 631 s. (rus dilində)
  3. Qrossheym A. A. Qafqazın bitki örtüyü. M.,1948, 265 s. (rus dilində)
  4. Qrossheym A. A. Qafqazın zəngin bitki örtüyü M., 1952, 631 s. (rus dilində)