Digər bütün postsovet ölkələrində olduğu kimi Ukrayna xüsusi təyinatlıları (Spetsnaz) da keçmiş Sovet Silahlı Qüvvələrinin qalıqlarıdır. Ukraynanın hazırkı xüsusi təyinatlıları Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyinin tabeliyi altında fəaliyyət göstərir. Ukrayna Təhlükəsizlik Xidmətinin isə ayrıca xüsusi təyinatlıları var və onlar Alfa qrupu adlanır. "Alfa" Rusiya, Belarus, Qazaxıstan kimi bir sıra digər postsovet ölkələrində də keçmiş SSRİ-nin Alfa qrupunun əsasında yaradılıb. 2014-cü ildə Ukraynada baş verən hadisələr zamanı Berkut xüsusi təyinatlı polis dəstəsi hökumət tərəfindən ölkədə baş verənləri yatızdırmaq üçün istifadə olunan əsas qüvvələrdən biri hesab olunur. Ukrayna Spetsnazları kəşfiyyat məlumatları toplama, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, terrorizmə qarşı mübarizə və bir çox digər məsələlərə görə cavabdehdir. Spetsnaz qüvvələri 2014-cü ildə ölkədə baş verən Maydan hərəkatını yatırmaq üçün Yanukoviç hökuməti tərəfindən aktiv istifadə olunmuşdur. Lakin, Krım böhranı və Donbass müharibəsi ərzində yeni hökumət xüsusi təyinatlılardan əvvəlki hakimiyyət qədər aktiv istifadə etməyə tərəddüd etdi. Sonradan bir çox Spetsnaz üzvləri döyüşlərdə iştirak etmək üçün Ərazi müdafiə batalyonlarına və ya Milli Qvardiyaya qoşuldu. Rusyönümlü separatçılar bəzi əraziləri ələ keçirməyə başladıqdan sonra, nəhayət Spetsnaz qüvvələri də döyüş əməliyyatlarına cəlb olundu. 2014-cü ilin may ayında baş verən döyüşlərdə 3-cü Spetsnaz alayının vəzifəsi Donetsk Beynəlxalq hava limanını mühafizə etmək idi.