Uluxanlı məktəbi

Uluxanlı məktəbiİrəvan quberniyasında 1881-ci ildə Zəngibasar mahalının Uluxanlı kəndində yaradılmış Uluxanlı məktəbi İrəvanda fəaliyyətə başlayan ilk dünyəvi məktəblərdən biri.[1]

Uluxanlı məktəbi
Əsası qoyulub 1881-ci il
Şəhər Uluxanlı
Ölkə
Ünvan Uluxanlı, Zəngibasar mahalı, Qərbi Azərbaycan

Uluxanlı məktəbi haqqında

[redaktə | mənbəni redaktə et]

"Qafqaz təqvimi" (rus. "Кавказский календар") məcmuəsinin 1892-ci il tarixli nömrəsində İrəvan quberniyasında Uluxanlı məktəbinin ilk yeni tipli məktəblərdən biri olması və 1881-ci ildə fəaliyyətə başlaması barədə məlumat verilmişdir. Allahverdi Hacı Hüseyn oğlunun evində yerləşən bu məktəbin ilk müdiri o zamanın tanınmış maarifçisi Muxin olmuşdur. Tanınmış ədəbiyyatşünaslardan və tənqidçilərdən Əziz Şərifin "Molla Nəsrəddinin yaranması" və Qulam Məmmədlinin "Molla Nəsrəddin" kitabında qeyd olunur ki, "keçən əsrin 80-ci illərində (XIX əsr nəzərdə tutulur – Z. M.) Uluxanlı kəndində ilk dünyəvi məktəb açıldı. Əziz Şərif "Molla Nəsrəddinin yaranması" kitabında bu məktəb haqqında lazımi məlumatlar vermişdir. Mədəni irsimizə hörmət əlaməti olaraq respublikada yüksək səviyyədə həyata keçirilən tədbirlər sırasında Uluxanlı məktəbinin 125 illik yubileyinin qeyd olunması, məktəbin keçdiyi yol, məzunları və burada müəllim işləmiş böyük ədib və dramaturq Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinə ithaf olunan "Zülmət səltənətində məşəl" adlı ensiklopedik toplu- kitabın 2006-cı ildə nəşr olunması təqdirəlayiq haldır. Kitab Uluxanlı məktəbinin keçmiş direktorlarından biri olmuş İsmayıl Abdulla oğlu İsmayılov və dünyasını çox cavan yaşlarında dəyişmiş Eldar Hüseyn oğlu Həsənovun birgə müəllifliyi ilə işıq üzü görmüşdür.[2] Burada Azərbaycanın ictimai-siyasi və mədəni həyatında əvəzsiz xidmətləri olan məşhur ziyalıların tərcümeyi-hal – oçerkləri oxuculara təqdim edilmişdir.[3] 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan sonra məktəb bir müddət fəaliyyət göstərməmişdir. 1940-cı illərdə isə məktəb üçün ikimərtəbəli yeni bina inşa edilmişdir. 1988-ci ildə azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra Uluxanlı məktəbi fəaliyyətini dayandırmışdır. Hal-hazırda Salyan rayonunda Uluxanlı sakinlərinin sıx yaşadığı bir kəndə Yeni Uluxanlı adı verilmişdir. Burada fəaliyyət göstərən Yeni Uluxanlı kənd tam orta məktəbi vardır.[4]

1881-ci ildə İrəvan gimnaziyası və İrəvan Müəllimlər Seminariyası ilə bərabər fəaliyyətə başlamışdır. İstər çar Rusiyası, istərsə də sovet hakimiyyəti illərində İrəvanı erməniləşdirmək siyasəti nəticəsində bütün təzyiqlərə, deportasiyalara baxmayaraq 108 il (1988-ci ilədək) ayaqda qalmağı bacaran bu təhsil ocağı, hətta o dövr üçün Qori seminariyasının kiçik modeli olaraq da tanınırdı.[5] Bu məktəb haqqında o zaman nəşr etdirilmiş "Kavkazskiy kalendar" məcmuəsinin 1892-ci il nömrəsində məlumat verilmişdir. İlk vaxtlar Uluxanlı məktəbində 31 nəfər şagird təhsil almışdır. Məktəbin fəxri nəzarətçisi Məşədi İbrahim Hüseyn oğlu Hüseynov, müəllimi isə Rəhim Musarza oğlu Xəlilov olmuşlar. "Kavkazkiy kalendar" məcmuəsinin 1900-cü il nömrəsində qeyd edilir ki, Uluxanlı məktəbində əvvəlki həyat tamamilə dəyişdirilmişdir. Sonradan məktəb öz fəalliyətini xeyli genişləndirmişdir. 1904-cü ildə çap olunmuş məcmuədən aydın olur ki, həmin vaxt Uluxanlı məktəbində təhsil alan şagirdlərin sayı 63-ə çatmışdır. Həmin illərdə məktəbin müdiri Məhəmməd bəy Qazıyev olmuşdur.[6][7] XIX əsrin 80-ci illərində Uluxanlı kəndində açılmış ilk dünyəvi məktəbin tarixi Azərbaycan maarifçiliyi ilə sıx bağlıdır. 2006-cı il dekabr ayının 29–da Uluxanlı məktəbinin 125 illiyi və 2016-cı ildə 135 illiyi münasibətilə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Sərəncam imzalamışdır.[8] 1918-ci il avqustun 6-da İrəvan Müəllimlər Seminariyası və İrəvan Gimnaziyası ilə yanaşı, Uluxanlı məktəbi də bağlanmışdır, lakin bir müddətdən sonra – 1920-ci ildən məktəb öz işini yenidən bərpa etsə də, İrəvan Müəllimlər Seminariyası və İrəvan Gimnaziyası bir daha fəaliyyət göstərməmişdir. 1924-cü ildə İrəvan Pedaqoji Texnikumunun açılması Uluxanlı məktəbinin daha da genişlənməsinə şərait yaratmışdır.[9]

Məktəbin müəllimləri

[redaktə | mənbəni redaktə et]

Uluxanlı məktəbində bir sıra görkəmli pedaqoqlar dərs demişdir. Xanlar bəy Həsənbəyov fənn müəllimi, Hacı Məşədi Hüseyn oğlu şəriət müəllimi, Məmməd bəy Lütfəli bəy oğlu Qazıyev, Əbdüləli Bağır oğlu Muxtarov, Hacı Molla Kərim Rzaquliyev, Rəhim Xəlilov və başqaları burada işləmişdir.[10] Məktəbin müəllimlərindən Əli Xəlilov, Əli Həsənov, Heydər Nağıyev, Əkbər Əliyev və başqaları İrəvan Pedaqoji Texnikumunun məzunları olmuşlar.[11] Akademik Yusif Məmmədəliyev 1928–1930-cu illərdə İrəvan Pedaqoji Texnikumunda Əsəd Məmmədova və Əli Xəlilova dərs demişdir. Görkəmli maarifçi Cəlil Məmmədquluzadə 1887-ci ildən müəllimlik fəaliyyətinə Uluxanlı məktəbində başlamışdır". İkisinifli Uluxanlı məktəbində Ovdeyi Tahirov, Kələntər Kələntərov fəxri nəzarətçi, Molla Axund Hacı Molla Vəli Məhəmməd Əli oğlu şəriət müəllimi, Məhəmməd bəy Lütfəli bəy oğlu Qazıyev isə nəzarətçi kimi çalışmışlar. O zamanlar Qafqaz tədris dairəsinin müdiri 1887-ci il 7 avqust tarixli məktubunda qeyd edir:[12]

Uluxanlı məktəbində müəllim vəzifəsini yerinə yetirən Məmməd bəy Qazıyev azad edilmiş, onun yerinə Cəlil Məmmədquliyev təyin edilmişdir

Artıq 1930-cu illərdən başlayaraq Uluxanlı məktəbinin məzunları ali təhsilli ziyalılar kimi yetişməyə başlamışlar. Belə ki, Məmməd Rzayev 1936-cı ildə İrəvan Dövlət Universitetini ermənicə bitirmiş, Heydərqulu Quliyev, Əsəd Məmmədov və Heydərqulu Salmanov Bakıda ali təhsilə yiyələnmişlər.[13]

Kavkazskiy kalendar məcmuəsi

[redaktə | mənbəni redaktə et]
  • "Kavkazskiy kalendar" məcmuəsinin 1892-ci il nömrəsində göstərilir ki, iki sinifli Uluxanlı məktəbində Məşhədi İbrahim Hüseyn oğlu Hüseynov məktəbin fəxri nəzarətçisi, Rəhim Musarza oğlu Xəlilov isə müəllim idi və burada 41 şagirdin təhsil alacağı nəzərdə tutulmuşdu.
  • Məcmuənin 1895-ci il sayında Uluxanlı məktəbində Oadey Tahirov və Kələntər Kələntərovun fəxri himayəçi, Nikolay Semyonoviç Zazunovun nəzarətçi, Molla Axund Hacı Məşhədi oğlu Hüseynovun şəriət müəllimi olduğu bildirilir.
  • Məcmuənin 1896-cı il nömrəsində isə Uluxanlı məktəbində Oadey Tahirov və Kələntər Kələntərov himayəçi, Viktor Aleksandroviç Muxin müdir, şəriət müəllimi Hacı Məşhədi Hüseyn oğlu Axundov, müəllim isə Xanlar bəy Həsənbəyov təqdim olunur.
  • Məcmuənin 1897-ci il nömrəsində Uluxanlı məktəbində Oadey Tahirov və Kələntər Kələntərov fəxri himayəçi, Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev, Molla Axund Hacı Məşhədi Hüseyn oğlu Axundov şəriət müəllimi, Xanlar bəy Həsənbəyov müəllim kimi göstərilmişdir.
  • Bəlli olduğu kimi, Muxin Uluxanlı məktəbindən sonra İrəvan Müəllimlər Seminariyasında fəaliyyətini davam etdirmiş, onu burada Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev əvəz etmişdi. Muxin burada hazırlıq kursunun müdiri idi.
  • Məcmuənin 1898-ci il nömrəsində məktəbdə 35 şagirdin təhsil aldığı və Tahirovun, Kələntərovun, Məmməd bəy Qazıyevin, Molla Axund Hacı Məşhədi Hüseyn oğlu Axundovun eyni vəzifədə qaldığı, ancaq müəllim yerinin boş olduğu aydınlaşır.
  • Məcmuənin 1900-cü il nömrəsində Uluxanlı məktəbində 64 şagirdin təhsil aldığı, Oadey Tahirovun və Kələntər Kələntərovun fəxri himayəçi, Molla Vəli Məmmədəli oğlunun şəriət müəllimi, müəllim yerinin isə boş olduğu bildirilir.
  • Xatırlatmaq lazımdır ki, Uluxanlı məktəbi 1901-ci ildə də həmin heyətlə fəaliyyət göstərmişdir.
  • Məcmuənin 1902-ci il nömrəsində Uluxanlı məktəbində dəyişikliyin baş verməsi aydınlaşır. Belə ki, Tahirov və Kələntərovu fəxri himayəçi kimi Andrey Aleksandroviç Qluxov əvəz etmiş, Məmməd bəy Lütvəli bəy oğlu Qazıyev isə yenə də nəzarətçi vəzifəsində qalmışdır.
  • Məcmuədən o da bəlli olur ki, Oadey Tahirov və Kələntər Kələntərov Qəmərlinin Koyləsər kənd məktəbində fəxri nəzarətçi işləyirdilər.[14]
  • 1904-cü ildə də Uluxanlı məktəbində həmin heyət fəaliyyət göstərirdi.
  • Axtarışlar zamanı "Kavkazskiy kalendar" məcmuəsində Uluxanlı məktəbilə bağlı son məlumata 1909-cu ildə rast gəlinir. Burada göstərilir ki, həmin ildə Uluxanlı məktəbində Şəmdin bəy Mahmudbəyov nəzarətçi, Frans Verjibitski müəllim, Hacı Molla Vəli Məşhədi oğlu şəriət müəllimi işləmişlər.[15]

Məktəbin məzunları

[redaktə | mənbəni redaktə et]

Uluxanlı məktəbinin bir sıra məzunları müxtəlif vaxtlarda qızıl medala layiq görülmüşlər. Bunlar aşağıdakılardır:

  1. Teymur Əkbər oğlu Əhmədov
  2. Hidayət Şirzad oğlu Ağayev
  3. Heydər Məmməd oğlu Quliyev
  4. Kərəm Yusif oğlu Həsənov
  5. Gültəkin Sərvət qızı Qədiməliyeva
  6. Firudin Xəlil oğlu Xəlilov
  7. Maral İslam qızı Mirzəyeva
  8. Mahirə Kamal qızı Qasımova

Gümüş medalla bitirənlər:

  1. Ümbül Ağa qızı Həsənova
  2. Hüseyn Möhsün oğlu Məmmədov
  3. Zakir İslam oğlu Mirzəyev
  4. Elmira Orucəli qızı Orucova
  5. Xəlil Qurbanəli oğlu Ələkbərov
  6. Telman Məmməd oğlu Babayev
  7. Maarif Qasım oğlu Qasımov
  8. Sevil Məmməd qızıMəmmədova.

Uluxanlı məktəbinin bir sıra məzunları dissertasiya müdafiə edərək elmlər namizədi, elmlər doktoru, professor adma layiq görülmüşlər. Uluxanlı məktəbini bitirənlərdən elmi dərəcə alanlar:

  1. Əhmədov Teymur Əkbər oğlu — filologiya elmləri doktoru, professor
  2. Əsgərov Telman Mirzə oğlu — texnika elmləri doktoru
  3. Qasımov Maqsud Səfər oğlu — tibb elmləri doktoru, professor
  4. Məmmədova Gülçöhıə Hüseyn qızı — memarlıq elmləri doktoru, professor
  5. Məmmədov Fərrux Məmməd oğlu — biologiya elmləri doktoru
  6. Rzayev Zakir Məhərrəm oğlu — kimya elmləri doktoru
  7. Quliyev Abbas Məmməd oğlu — kimya elmləri doktoru
  8. Xəlilov Firidun Xəlil — texnika elmləri doktoru
  9. Zeynalov Əsgər Məmmədəli oğlu — filologiya elmləri doktoru, professor
  10. Əliyev Rafiq — iqtisadiyyat elmləri doktoru
  11. Rzayev Orucəli Hüseynqulu oğlu — fizika-riyaziyyat elmləri doktoru
  12. İsmayılov Oruc Bayram oğlu — tibb elmləri namizədi
  13. Əhmədov Ələmdar Paşa oğlu — fəlsəfə elmləri namizədi
  14. Teyyubov Rəhim Abbas oğlu — tibb elmləri namizədi
  15. Axundov Səttar Əbdüləli oğlu — fizika-riyaziyyat elmləri namizədi
  16. Məmmədov Nuru Zeynalabdin oğlu — tarix elmləri namizədi
  17. Tağıyev Nazim Əli oğlu — kənd təsərrüfatı elmləri namizədi
  18. Əliyev Əli Əkbər oğlu — fizika-riyaziyyat elmləri namizədi
  19. Xudaverdiyev Rəhim Əkbər oğlu — kimya elmləri namizədi
  20. Hüseynov Firidun Səfər oğlu — fizika-riyaziyyat elmləri namizədi
  21. Məmmədova Asiya Hüseyn qızı — tibb elmləri namizədi
  22. Bağırov Adil Məmməd oğlu — texnika elmləri namizədi
  23. Məmmədov Vaqif Əli oğlu — coğrafiya elmləri namizədi
  24. Məsimova Hicran Sabir qızı — fizika-riyaziyyat elmləri namizədi
  25. Məmmədli Sevil Akif qızı — biologiya elmləri namizədi
  26. Bayramov Nizami Səttar oğlu — fizika-riyaziyyat elmləri namizədi
  27. Bayramov Məhərrəm Bağır oğlu — filologiya elmləri namizədi
  28. Əhmədov Nizami İbrahim oğlu — fizika-riyaziyyat elmləri namizədi[16]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • "ULUXANLI MƏKTƏBİ televiziya filmi". www.youtube.com. İstifadə tarixi: 19 iyun 2023.
  • "Uluxanlı məktəbi Azərbaycan maarifçilik hərəkatı ilə sıx bağlı olmuşdur". old.xalqqazeti.com. İstifadə tarixi: 15 iyul 2023.
  1. Zeynalov Ə. İrəvan xanlığı... Gerçəkliyin aydınlığı. North Carolina: Lulu Enterprises Inc.,. 2016.
  2. "UNUDULMAZ ULUXANLI MƏKTƏBİ". www.anl.az. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2023.
  3. "Qərbi Azərbaycan məktəbləri silsiləsindən". davam.az. 2023-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2023.
  4. Eldar Həsənov. ülmət səltənətində məşəl. Uluxanlı məktəbi-125 il.
  5. "Qori seminariyasının kiçik modeli - Uluxanlı məktəbi". modern.az. 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 iyun 2023.
  6. Professor Əziz Şərif. Molla Nəsrəddinin yaranması.
  7. Professor Əziz Şərif. Molla Nəsrəddin.
  8. "İrəvan mahalı Uluxanlı məktəbinin 125 illik yubileyi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2023-06-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.
  9. Sarıyeva İ. Böyük ədib, qüdrətli satirik, xalqın müəllimi Cəlil Məmmədquluzadə. Bakı. 4 dekabr 2014.
  10. Ələkbərli Ə. Qərbi Azərbaycan abidələri. Bakı: “Nurlan” nəşriyyatı. 2007.
  11. "Uluxanlı məktəbi 140 yaşında". 2023-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.
  12. Qulam Məmmədli. Molla Nəsrəddin.
  13. "Uluxanlı məktəbi Azərbaycan maarifçilik hərəkatı ilə sıx bağlı olmuşdur". 2023-06-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-06-19.
  14. "Qərbi Azərbaycanın tarixində məşhur Uluxanlı məktəbi". www.baki-xeber.com. 2023-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2023.
  15. "Uluxanlı məktəbi Azərbaycan maarifçilik hərəkatı ilə sıx bağlı olmuşdur". www.anl.az. 2023-07-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2023.
  16. Əsgər Zeynalov İrəvan məktəbləri. Müəllif, Zeynalov Əsgər. Nəşriyyat, Mütərcim. Nəşr yeri, Bakı. Nəşr ili, 2011