Ziyəddin Məhərrəmov (tam adı:Ziyəddin Həmil oğlu Məhərrəmov; 31 may 1947, Qoşabulaq, Basarkeçər rayonu) — filologiya elmləri doktoru (2020), Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti[1] (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), Azərbaycan Jurnalistlər Birliyinin (1998), Azərbaycan Yazıçılar Birliyinin üzvü (noyabr, 2007), "Qızıl qələm" mükafatı laureatı (14.06.2013), "Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015), "Şərəf" media mükafatı laureatı (20.05.2015)
Ziyəddin Məhərrəmov | |
---|---|
Doğum tarixi | 31 may 1947 (77 yaş) |
Doğum yeri | |
Elm sahəsi | filologiya |
Elmi dərəcələri |
|
Elmi adı | |
İş yeri | |
Təhsili | |
Mükafatları | "Qızıl qələm" (14.06.2013) |
Ziyəddin Məhərrəmov 31 may 1947-ci ildə Qərbi Azərbaycanın tarixi ərazilərindən olan Göyçə mahalındakı Basarkeçər rayonunun Qoşabulaq kəndində anadan olmuşdur. 1960-cı ildə kənd 7 illik məktəbi, 1964-cü ildə Daşkənd kənd orta məktəbini, 1969-cu ildə V. İ. Lenin adına Аzərbaycan Dövlət Pedaqoji İnstitutunun tarix-filologiya fakültəsinin dil-ədəbiyyat şöbəsini, 1985-ci ildə isə Bakı Ali Partiya Məktəbini fərqlənmə diplomu ilə bitirmişdir. Həmçinin Marksizm-Leninizm Universitetinin Dağlıq-Qarabağ filialını da fərqlənmə diplomu ilə bitirmişdir (1977–1979).
Ziyəddin Məhərrəmov Qoşabulaq kəndində müəllim işləmiş, 1970-ci ildə Həştərxan vilayətində hərbi xidmətdə olmuşdur. 1971–1973-cü illərdə Qoşabulaq kənd orta məktəbində müəllim işləmişdir. 1973–1975-ci illərdə "Vardenis" rayon qəzetində ədəbi işçi işləmişdir.
1975–1976-cı illərdə Şuşa şəhər yerli radio verilişləri redaksiyasında müxbir, Kitabsevərlər Cəmiyyəti rayon təşkilatının məsul katibi işləmişdir.
1976–1983-cü illərdə Azərbaycan KP Şuşa Rayon Komitəsinin təbliğat-təşviqat və təşkilat şöbələrində təlimatçı, partiya komissiyasının sədri, 1983–1985-ci illərdə BАPM-də dinləyici olmuşdur. 1985–1991-ci illərdə Azərbaycan KP Şuşa Rayon Komitəsində təlimatçı, ideologiya şöbəsinin müdiri vəzifələrində işləmişdir. Həmin müddətdə Şuşa şəhər Sovetinin deputatı, şəhər icraiyyə komitəsinin üzvü və sədri (1986), rayon partiya komitəsinin aparat işçiləri ilk partiya təşkilatı bürosunun katibi, raykomun üzvü (1989) seçilmişdir.
1991–1992-ci illərdə Аzərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat Muzeyinin Х. B. Natavan adına Qarabağ filialının direktoru, 1992-ci ildə Xızı Rayon İcra Hakimiyyətində məsləhətçi və başçının köməkçisi işləmişdir.
1992-ci ildən Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda baş müəllim işləmişdir.
1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dillər kafedrasının dosenti, 13 noyabr 2013-cü ildən həmin akademiyanın Fəlsəfə və sosial psixologiya kafedrasında dosent vəzifəsində çalışır.
1998-ci ildə Göyçə aşıqlarının və el şairlərinin yaradıcılığı istiqamətində apardığı tədqiqat üzrə "ХХ əsr Göyçə aşıq mühiti" mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. 2020-ci ildə "İrəvan ədəbi mühiti (1800–1920-ci illər)" adlı doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsi almışdır.
əhərrəmov Ziyəddin Həmil oğlu 16.01.2018-ci il tarixində AMEA-nın Ədəbiyyat institutunun Müdafiə Şurasında doktorluq dissertasiyası müdafiə etmişdir. Filologiya elmləri doktoru üzrə elmi ad almaq üçün AMEA-nın Ədəbiyyat institutunun Dissertasiya Şurasının 16 yanvar 2018-ci il tarixli iclasında doktorluq dissertasiyası təsdiq edilmiş, 15.02.2018-ci il tarixində AAK-a təqdim edilmişdir.
2018-ci il oktyabr ayının 19-da Azərbaycan Aşıqlar Birliyinin üzvü seçilmiş və həmin ilin 22 oktyabr tarixində üzvlük vəsiqəsi verilmişdir.
"Qızıl qələm" mükafatı laureatı (14.06.2013), Azərbaycan Jurnalistlər Birliyinin (1998) və Azərbaycan Yazıçılar Birliyinin (noyabr, 2007) üzvüdür.
Qarabağ müharibəsi veteranı (1999), Qabaqcıl təhsil işçisi (sentyabr, 2009), YAP-ın 20 illiyi ilə əlaqədar Səbail rayon təşkilatının Fəxri fərmanı (21.02.2013) ilə təltif edilmişdir.
"Xalqın nüfuzlu ziyalısı" diplomu (17.03.2015) və "Şərəf" media mükafatı (20.05.2015) laureatıdır.
Ailəlidir, Namiq, İlhamə, Ruhiyyə, Vüsalə və Orxan adlı iki oğlu, üç qızı var.
Oğlu Namiq Məhərrəmov Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin mərkəzi aparatında sədrin köməkçisi vəzifəsində çalışır[2].
Ziyəddin Məhərrəmovun 2003-cü ildə çap olunan "Sözün yaddaşı əbədidir" kitabında əsasən Şuşanın tarixindən yığcam məlumat verməklə yanaşı, XX əsrin 60-cı illərindən etibarən Şuşada çalışan rəhbər işçilərin fəaliyyətinin bəzi məqamları, onların keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin separatçı erməni başçılarının təzyiqlərinə məruz qaldıqları, erməni millətçilərinin torpaqlarımıza və xalqımıza qarşı yönəltdiyi düşmənçilik siyasətinin acı nəticələri, Qarabağ torpaqları uğrunda həlak olan qeyrətli oğullarımızın, qəlbində Qarabağ, Azərbaycan sevgisi olan, özündə Vətən, torpaq təəssübünü yaşadan görkəmli elm adamlarının tərcümeyi-hal oçerkləri də öz əksini tapmışdır[3].
2006-cı ildə "Xatirələrdə yaşayan Əli müəllim" adlı kitabda Azərbaycan dilinin tədrisi metodikası sahəsində tanınmış görkəmli alim, tədqiqatçı, naşir, çoxsaylı monoqrafiyaların, dərsliklərin, müxtəsər və izahlı lüğətlərin müəllifi, pedaqoji elmlər doktoru, professor Əli Abbas oğlu Fərəcovun həyat fəaliyyəti, onunla ünsiyyətdə olan insanların, yaxın dost və tanışlarının xatirələri öz əksini tapmışdır. Burada həmçinin onun xeyirxah əməlləri, insanlara nümunə ola biləcək mənalı ömür yolu barədə söhbət açılmışdır[3].
2008-ci ildə oxuculara təqdim olunan "İrəvan türklərinin ədəbi mətbuat abidəsi: "Lək-Lək" jurnalı" adlı məcmuə XX əsrin birinci onilliyində Qərbi Azərbaycanda — oğuz yurdu İrəvanda 1914-cü il fevral ayının 22-dən həmin ilin 30 iyununadək nəşr olunmuş, cəmi 12 nömrəsi işıq üzü görmüş "Lək-Lək" (əslində senzura sənədlərində "Leylək" (Aist)) jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyadır. "Lək-Lək" "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini davam etdirmişdir[3].
Onun 2010-cu ildə "İrəvanda məktəbdarlıq və maarifçilik: 1800–1920-ci illərdə ədəbi-mədəni mühit" adlanan kitabında qədim tarixə, zəngin ədəbi ənənələrə malik İrəvan xanlığı ərazisində Azərbaycanın Qərb zonasında məktəbdarlıq və mədəniyyətin, o cümlədən maarifçilik ədəbi hərəkatının yaranması və inkişaf xüsusiyyətləri araşdırılmışdır. Müəllif elmi-tarixi mənbələrə, arxiv sənədlərinə və İrəvanda ilk yazılı mətbuat abidələri "Lək-lək", "Bürhani-həqiqət" jurnallarına istinadən ictimai-ədəbi və milli-mədəni fikir tariximizin mənzərəsini işıqlandırmağa çalışmışdır[3].
Ziyəddin Məhərrəmovun publisistikanın əksər janrlarında yazıları "Gənc müəllim", "Vardenis", "Sovet Ermənistanı", "Şərq qapısı", "Sovet Qarabağı", "Sovet kəndi", "Bərəkət", "Azərbaycan pioneri", "Şuşa", "Respublika", "Azərbaycan", "Ədəbiyyat qəzeti", "Ədalət", "Azərbaycan müəllimi", "Qarabağ", "Xalq qəzeti", "Ekspress", "Naxçıvan", "Azad Azərbaycan" və digər qəzetlərdə, filologiyaya dair toplularda, "Azərbaycan", "Laçın yurdu" və "Ozan dünyası" jurnallarında dərc olunmuşdur. "ХХ əsr Göyçə aşıq mühiti" monoqrafiyasının (1997), "Unudulmaz sazlı-sözlü yurdumuz" (2001), "Sözün yaddaşı əbədidir" (2003), "Xatirələrdə yaşayan Əli müəllim" (2006) kitab-topluların müəllifi, Tərlan Göyçəlinin "Göyçə aşıq məktəbi" toplusunun redaktoru, Müşkül Musanın "Torpağında izim qalan Göyçə", Qaçay Bəhmənoğlunun "O yerlərin yönü bəri" (2000), "Şair Bəhmən Göyçəli" (2004) kitablarının tərtibçisi və ön sözlərinin müəllifidir. Eyni zamanda ayrı-ayrı müəlliflərin, tanınmış adamların həyat və yaradıcılığına həsr edilən "Sazın Ədalət dünyası" (1999), "Müdriklik mücəssəməsi" (2003), "Sizi sevən Sərdaram" (2004), "Əkbər sənətinin işığında" (2004) kimi kitab-toplularda ədəbi-publisist məqalələri dərc olunmuşdur.