Müasir ərazisinin ölçülərinə görə Uruqvay Latın Amerikası ölkələri içərisində kiçik dövlətlərdən biridir. O, materikin cənub-şərqində, Uruqvay çayının şərq sahilində yerləşdiyindən Oriental del Uruqvay, yəni şərqi Uruqvay Respublikası adını almışdır. Ölkənin ərazisi cənub-qərbdə və qərbdə Argentina, şimalda və şərqdə Braziliya, cənub-şərqdə isə Atlantik okeanın suları ilə əhatələnir. Ərazinin Argentina ilə sərhəddi Uruqvay çayı və La-Plata boyu keçir. Ərazisinin çox da böyük olmaması onun təbii şəraitinin bir şəkildə olmasına şərait yaradır. Ərazinin relyefl təpəli-düzənlik xarakterlidir. Bəzi yerlərdə yüksəkliklər nəzərə çarpır. Maksimum hündürlük 600 m-dən çox deyildir. Düzənlik cənub-qərbdən şimal-şərqə doğru yüksəlir. Atlantik okeanının sahili boyu qumlu düzənlik və xırda laqunlar uzanır. Bu ərazilərdə tez-tez bataqlıqlaşmış sahələrə rast gəlinir.
Uruqvay coğrafiyası | |
---|---|
Qitə | Cənubi Amerika |
Region | Amerika |
Koordinatlar | 33°00′ c. e. 56°00′ q. u. |
Sahə |
|
Sahil xəttinin uzunluğu | 660 km |
Sərhədlər |
Ümumi sərhəd: 1564 km Argentina: 579 km Braziliya: 985 km |
Ən yüksək nöqtə | Cerro Catedral (514 m) |
Ən alçaq nöqtə | Atlantik okean (0 m) |
Uruqvay subtropik iqlim vilayətində yerləşir. Ən soyuq ayın, yəni iyulun orta temperaturu +10-12 °C, ən isti - yanvarın +22-24 °C, orta illik isə +16 °C təşkil edir. Bəzən soyuq cənub küləklərinin - pamperosların əraziyə daxil olması temperaturun kəskin surətdə aşağı düşməsinə səbəb olur ki, bu da çox vaxt kənd təsərrüfatına ciddi ziyan vurur. Ölkə ərazisinə il boyu yağıntılar bərabər miqdarda düşür. Montevideo rayonuna il ərzində orta hesabla 1000 mm-dək yağıntı düşür. Uruqvayın yumşaq, rütubətli mülayim iqlimi həm taxıl bitkilərinin, həm də subtropik meyvəçiliyin inkişaf etdirilməsi üçün olduqca əlverişlidir. Ölkə sıx çay şəbəkəsinə malikdir. Ərazisinin çox hissəsini Uruqvay çayının hövzəsi əhatə edir. Ölkənin əsas çayı olan Uruqvayın ümumi uzunluğu 1650 km olub, öz başlanğıcını Braziliya yaylasından götürür. Parana çayı ilə qovuşaraq mənsəbdə La-Plata qıfabənzər estuarisini əmələ gətirir. Ölkənin əsas çayı və onun qolları nəinki əhalinin və təsərrüfatların su təminatında, hətta enerji istehsalında da böyük əhəmiyyəti vardır.
Uruqvayın torpaq-bitki örtüyü çox da mürəkkəb deyildir və torpaqları əsasən qara torpaqlardan ibarətdir. Geniş pampalar şirəli otlarla zəngindir və otlaq heyvandarlığın inkişafı üçün gözəl zəmin yaradır. Ağacsız savannalar son illər xeyli dərəcədə öz simasını dəyişdirmişdir. Təbiətdən səmərəli istifadə etməmək landşaftın xeyli dəyişməsinə səbəb olmuşdur. İspanlar ərazini zəbt edərək zəngin qızıl və gümüş ehtiyatlarına rast gəlməsələr də, şirəli otlardan ibarət çəmənliklər onları heyran etmiş və qısa müddət ərzində onlar otlaq heyvandarlığını inkişaf etdirə bilmişdilər. Sonralar Uruqvay öz müstəqilliyini əldə etdikdən sonra xarici investisiyalar hesabına geoloji kəşfiyyat işlərini genişləndirərək müəyyən qədər dəmir filizi və manqan ehtiyatları ölkənin şərq regionunda aşkar edilmişdir. Bundan başqa qızıl, gümüş və qurğuşun filizinin çox da böyük olmayan yataqları aşkar edilmişdir.
Ölkədə məhsuldar qüvvələrin inkişafı sürətli artdıqca antropogen landşaft daha qabarıq görünməyə başlayır. Bir vaxtlar öz gözəl meşələri ilə seçilən Uruqvayda indi meşəliyə çox nadir hallarda rast gəlinir.
İspanlar gələnə qədər burada müxtəlif hindu tayfaları yaşayırdı. Bu hindu tayfaları içərisində sayca daha çox, döyüşkən və ölkənin cənub ərazilərində köçəri həyat tərzi keçirən çarrua tayfası daha təhlükəli idi. Çarrua tayfası Amerikada ən qədim hindu tayfalarından biridir. Onlar inklər, asteklər və mayyalar kimi möhtəşəm tarixi abidələr, incəsənət nümunələri və s. yaratmasalar da öz torpaqlarını, azadlıqlarını hər şeydən üstün tutmuş, bunun üçün hər şeyə hazır olmuşlar. Uruqvay ərazisinin müstəmləkəyə çevrilməsi dövründə onların da fiziki cəhətdən ləğv edilməsi dövrü başlamışdır. Digər hinduların məhvində ispanların səxavətliklə təklif etdikləri keyfıyyətsiz rom içkisi az rol oynamamışdır. Yalnız çarrua tayfası müstəmləkəçilərə qarşı ciddi müqavimət göstərirdilər. Onlar yaşamaq hüququnu əldən verməyərək müstəqillik uğrunda fəal mübarizə aparırdılar. Uruqvayın müstəqilliyinin elan olunmasından sonra onların faciəsi başlandı. Çarrualar ənənəvi bayramda Kequay çayının sahilinə endilər. Ağ dərililər öz daxili aləmini açıb, dərin nifrət və simasızlıqlarını bir daha sübuta yetrdilər. Çay rom içkisi ilə doldu. Rom öz təsirini göstərməyə başladıqda vahid siqnal əsasında hinduların doğranılma mərasimi başladı. Son nəfərədək, qoca, qadın, körpə həlak oldu və beləliklə məğrur bir hindu tayfasının kökü kəsildi. Məhz bunun nəticəsidir ki, Cənubi Amerikada digər ölkələrdən fərqli olaraq Uruqvayda bir nəfər də hindu qalmamışdır.
Argentinanın 1810-cu il may inqilabı bütün La-Platada azadlıq bayrağının qaldırılmasına təkan verdi. 1811-ci il fevralın 28-də Uruqvayda Xose Artiqasın başçılığı ilə nümayiş dalğası başladı. 1814-cü ildə La-Platada ispan müstəmləkəçiliyinin 300 illik əsarətinə son qoyuldu. XIX əsrin ikinci yarısından sonra Uruqvaya avropa immiqrantlarının axını başladı. Bu immiqrantlar arasında ispan, italyan, fransız, habelə isveçrəli, alman və slavyanların miqdarı daha çox idi.
1929-33-cü illərdə ümumdünya iqtisadi böhranından sonra immiqrasiya kəskin surətdə azaldı, Uruqvay hökuməti də immiqrantlar üçün müəyyən qadağalar tətbiq etdi. Ölkə əhalisinin hal-hazırda 90%-ni uruqvaylılar təşkil edir. Ərazinin şimalında müəyyən qədər metislər, ayrı-ayrı ərazilərdə zəncilər, XIX əsrin əvvəllərində Afrikadan gətirilmiş qulların nəslinin davamçıları olan mulatlar yaşayır. Hazırda Uruqvay Argentina ilə yanaşı Latın Amerikasının ən “avropalaşdınlmış” ölkəsidir. Uruqvay əhalisinin ən çox artımı XIX əsrin sonu XX əsrin əvvəllərində immiqrantların hesabına olmuşdur. İmmiqrantların arasının kəsilməsi ilə də təbii artımın kəskin azalması müşahidə edilmişdir. Hal-hazırda təbii artım hər 1000 nəfərə 10 nəfərdir. Bu Latın Amerikasında ən aşağı göstəricidir. Əhalinin yaş strukturunda fərqli cəhətlər mövcuddur. İnkişaf etmiş ölkələrdə olduğu kimi burada da uşaqların xüsusi çəkisi azdır.
Ölkədə əhalinin yerləşməsi, məskunlaşma problemləri, urbanizasiya səviyyəsinin getdikcə artması xüsusilə də paytaxtda cəmləşməsi kəskin hal almışdır. Ümumi əhalinin 80%-dən çoxu şəhərlərdə yaşayır ki, bu da Latın Amerikasında ən yüksək göstəricilərdəndir. Ölkə əhalisinin təxminən 50%-ə qədəri Montevideo şəhərində cəmləşmişdir. Əhalinin məskunlaşması və sıxlığında da müəyyən dispraporsiya vardır. Ən çox əhali cənub, cənub-qərb, ən az isə şimal regionunda məskunlaşmışdır. Ölkə əhalisinin məskunlaşması tarixən elə qurulmuşdur ki, immiqrantların demək olar ki, əksəriyyəti şəhərlərdə yerləşmişlər. Sahibkarlara məxsus olmuş, bu ərazilərdə isə az işçi qüvvəsi tələb olunan heyvandarlıq təsərrüfatlarl fəaliyyət göstərmişdir. Buna görə də kənd yaşayış məntəqələri kiçik, əhalisi isə azdır. 1726-cı ildə Buenos-Ayres və İspaniyadan bir neçə ailənin La-Platanın gətirdiyi çöküntülərlə örtülmüş daşlı yarımadasına gəlməsi ilə Montevideo şəhərinin əsası qoyulmuşdur. Uruqvayın paytaxtı Portuqaliyalı dənizçinin qışqırdığı kimi “Monte vide eu”, yəni "Mən dağ görürəm" adını saxlamışdır. Bu fıkir nadir olmasa da Uruqvayda paytaxtın adı haqqında ən geniş yayılmış fıkirdir.
Montevideo qala kimi əsası qoyulmuş və davakar portuqaliyalılardan qorunmaq məqsədi daşıyırdı. Üç tərəfdən La-Plata ilə əhatələnən qalanın altımetrlik divarları onu tamamilə təhlükəsiz hala salmışdı. Şəhər sonralar liman kimi xüsusi əhəmiyyət kəsb etməyə başlamışdır. Bu liman vasitəsilə ixrac-idxal əməliyyatları həyata keçirilmiş, immiqrantlar burada özlərinə dayanacaq tapmış, şəhərin kəskin şəkildə böyüməsinə şərait yaratmışlar. Təxminən ölkə əhalisinin yansını özündə cəmləşdirən paytaxt iqtisadi inkişafın aynasıdır. İri sənaye müəssisələri, xüsusilə də, ət emalı müəssisələri burada cəmləşmiş, neft emalı,gön-dəri, ayaqqabı, gəmiqayırma və digər sənaye müəssisələri özlərini qabarıq şəkildə əks etdirir. Digər tərəfdən Montevideo respublikanın əsas mədəniyyət mərkəzidir. Burada uruqvaylıların bütün mədəni inkişafının xarakterik cəhətləri və ənənələri toplanmışdır.
Uruqvay Latın Amerikasında nisbətən inkişaf etmiş ölkələrdəndir. Ölkədə aparılan iqtisadi siyasət son illərdə onun sürətli inkişafını artırmağa yönəlmişdir. Ərazi təbii resurslarla təmin olunma səviyyəsinə görə kasıblar sırasındadır. XX əsrin 80-ci illərində ölkənin şimal ərazilərində müəyyən qədər dəmir filizi ehtiyatı aşkar edilmişdir. Geniş otlaq sahələri heyvandarlıqda iri ixtisaslaşmış təsərrüfatların yaradılmasına şərait yaratmışdır. Ümumi daxili məhsulun adambaşına miqdarına görə Latın Amerikasında ən yüksək göstəricisi olan ölkələrdəndir. XX əsrin ortalarından başlayaraq iqtisadiyyatında baş verən hərc-mərclik onun müəyyən qədər zəifləməsinə gətirib çıxarmışdı. 70- ci illərin ortalarında baş verən hərbi çevriliş 80-ci illərin ortalarınadək davam etmiş, nəhayət 1989-cu ildə ümumi demokratik seçkilər nəticəsində stabil dövlət və parlament formalaşmışdır. Bu da yeni iqtisadi siyasət strategiyasının fomalaşmasının əsasını qoydu. Qəbul olunmuş iqtisadi proqram dövlət bölməsinin özəlləşdirilməsini, iqtisadiyyatın liberallaşdırılmasını, tədricən iqtisadiyyata dövlət nəzarətinin azaldılmasını nəzərdə tuturdu. Bu gün də Uruqvayda iqtisadi siyasət özəlləşdirmənin sürətləndirilməsinə, xarici kapitalın cəlb edilməsinə, sənayenin, xüsusilə də emaledici sənayenin inkişaf etdirilməsinə istiqamətləndirilmişdir. Əgər keçən əsrin 80-ci illərinin axırlarında ümumi daxili məhsulun 40%-i kənd təsərrüfatının payına düşürdüsə, bu gün ölkə daxilində ümumi daxili məhsulun 14,3%-i kənd təsərrüfatı, meşə və balıq təsərrüfatlarının, 29%-i sənayenin, eletroenergetika, qaz və su təsərrüfatlarının, 2,9%-i tikintinin, 6,4%-i nəqliyyat, rabitə və anbar təsərrüfatlarının, 48,4%-i isə ticarət və xidmət sahələrinin payına düşür.
Uruqvay iqtisadiyyatının əsasını uzun müddət kənd təsərrüfatı, xüsusilə də heyvandarlıq təşkil edirdi ki, o da ixrac istiqamətli idi. İspanlar tərəfindən gətirilmiş iribuynuzlu mal-qara bol otlaq sahələrinə əsasən heyvandarlığın sürətlə inkişafına təkan verdi. Bu da öz növbəsində xarici ölkələrdə geniş maraq doğurduğundan heyvandarlığın inkişaf etdirilməsi, məhsulun isə dünya bazarına çıxarılması ilə nəticələndi. XIX əsrin sonu XX əsrin əvvəllərində artıq Uruqvay beynəlxalq əmək bölgüsündə dar ixtisaslı heyvandarlıq məhsullarının - ət, yun, dəri ixracatçısı kimi öz mövqeyini möhkəmləndirdi.
a) Kənd təsərrüfatı. Ərazisində müstəmləkə dövründə təbii resursların kasadlığı Uruqvayın ixtisaslaşmasında, xüsusilə heyvandarlıq üzrə inkişaf etdirilməsinə şərait yaratmışdır. Odur ki, heyvandarlıq təsərrüfatlarının yaradılması və ixtisaslaşdırılma prosesi sürətlənərək ölkənin iqtisadi qüdrətinin artmasına imkan yaratdı. XIX əsrin ikinci yarısından başlayaraq heyvandarlığın yüksək inkişaf sürəti xarici amillərin təsiri altına düşdü. Qərbi Avropa ölkələrinin sənayesinin sürətli inkişafı onların ərzaq məhsullarına olan tələbatlarını artırdığından digər
Latın Amerikası ölkələri kimi Uruqvayın da xarici bazara uyğunlaşmasına şərait yaradırdı. İlkin dövrdə ixrac olunan məhsullar arasında dəri, piy, yün, sonradan is ətin xüsusi çəkisi artmağa başladı. Məhsul ixracına tələbat artdıqca ətin sənaye üsulu ilə istehsalı yaranmağa və inkişaf etməyə başladı. Əvvəlcə piy və ət duzlama sahələrinin tikintisi təşkil edildi. Bu Uruqvayın tezliklə böyük miqdarda duzlu ət və piy ixracına imkan verdi. Lakin müəyyən dövrdən sonra ispanların bura gətirdikləri cins olmayan kreol mal-qarası avropa bazarmın artan tələbatını ödəyə bilmədi. Duzlama müəssisələrinin əvəzinə ət soyuducu müəssisələri yarandı. Ətin soyudulmaqla saxlanılması prosesi getdikcə daha yaxşı öyrənilməyə başladı və ilkin soyuducu gəmilər meydana gəldi ki, bu da Uruqvay iqtisadiyyatında yeni mərhələnin başlanması demək oldu. Ət soyuducu müəssisələr ölkədə ilk iri sənaye müəssisələri oldu. Yeni sənaye sahəsinin yaranması çoxlu kapital qoyluşu tələb etdikcə xarici kapitalın ölkə iqtisadiyyatında rolu artmağa başladı. Bu ilk növbədə amerika və ingilis kapitalı idi. Digər tərəfdən ət soyuducu müəssisələrinin yaranması heyvandarlığın inkişafına da ciddi təkan verdi. Heyvandarlığın və ət təsərrüfatının ixrac istiqamətində inkişafı ölkədə dəmir yollarının ingilis şirkətləri tərəfindən tikintisinə başlamağa təhrik etdi. Avropadan köçüb gələnlər buğda, kətan, tərəvəz istehsal etməyə başladılar.
Gəlmələrin sayı artdıqca yem bitkilərinin də əkin sahələrinin yaradılmasına başlandı və ilk növbədə yonca əkilərək heyvandarlığın inkişaf etdirilməsi üçün bu yem bazasının möhkəmləndirilməsi mərhələsi oldu. Uruqvayın torpaq fondunun 98%-i kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunun da 78,5%-ni otlaqlar, 8,4%-ni isə əkin sahələri təşkil edir. Burada da digər
Latın Amerikası ölkələrində olduğu kimi torpaqların təmərküzləşməsi olduqca böyükdür. Belə ki, sahəsi 1000 ha-dan çox olan torpaq sahələri ümumi təsərrüfatların 6,5%-nin payına düşür ki, bunların da xüsusi çəkisi ümumi yararlı torpaqların 55,4%-dir. Bütün bunlara baxmayaraq Uruqvayın kənd təsərrüfatında kapitalist istehsal münasibətləri Latın Amerikasının digər ölkələrindən fərqli olaraq daha yaxşı qurulmuşdur. Bu özünü ilk növbədə muzdlu əməkdə, kənd təsərrüfatı istehsalının nisbətən yüksək əmtəəliyində və mexanikləşdirmədə göstərir.
Heyvandarlıqdan fərqli olaraq bitkiçilik nisbətən kiçik təsərrüfatlarda - çakraslarda becərilir və inkişaf etdirilir. Əkin sahələrində buğda, qarğıdalı, arpa və darı üstünlük təşkil edir. Texniki bitkilərdən nisbətən geniş yayılanı kətan və günəbaxandır. Son illər şəkər çuğundurunun əkin sahələri də artmışdır.
Montevideo şəhərindən şimalda qarğıdalının əkin rayonu yerləşir. Burada qarışıq təsərrüfatlar üstünlük təşkil edir. Bu təsərrüfatlar əsasən quşçuluq, donuzçuluq, qarğıdalı, həmçinin də meyvə və tərəvəzçiliklə də məşğul olurlar. Montevideodan qərb və şimal-qərb hissədə ölkənin “südçülük zonası” yerləşir. Burada iri heyvandarlıq təsərrüfatları ilə yanaşı südlük-ətlik istiqamətli iri və orta, yüksək məhsuldarlıqlı kiçik südlük təsərrüfatları da fəaliyyət göstərir.
Uruqvay çayının sol sahilində Litoral adlanan rayon ölkənin əsas buğda istehsalçısıdır. Burada həmçinin kətan və günəbaxanın böyük əkin sahələri vardır. Bu rayonda bütün sahələr iri təsərrüfatlarda ixtisaslaşmışlar. Uruqvayın müasir iqtisadi həyatında indi də heyvandarlıq əsas təsərrüfat sahəsidir. Əsasən iri buynuzlu mal-qara və qoyunçuluq geniş yayılmışdır. Qoyunların sayı 20 mln. başdan artıqdır. Onların məhsuldar növləri bura XIX əsrin ortalarında gətirilmişdir. Bu qoyunlar əsasən zərif yunlu olub, gözəl yun tədarük etmək üçün saxlanılır. Bütün heyvandarlıq təsərrüfatları iri ölçüləri ilə fərqlənir. b) Sənayesi. Uruqvayın sənayesi onun kənd təsərrüfatı ilə sıx əlaqədardır, belə ki, ölkədəki əsas sənaye sahələri onun məhsullarının emalına əsaslanır. Argentinada olduğu kimi burada da kənd təsərrüfatı məhsulunun istehsalı, emalı və ixracı ölkənin beynəlxalq aləmdə simasını müəyyənləşdirir. Beynəlxalq əmək bölgüsündə Uruqvay qaramal və qoyun əti istehsalı ilə fərqlənir. Ölkənin əsas ət-sənaye kompleksləri Montevideo və Fraybentos şəhərlərində cəmləşmişdir.
Yeyinti sənayesinin digər inkişaf etmiş sahələrinə yağ istehsalı, unüyütmə və meyvə-tərəvəz konserv müəssisələri də aiddir. Uruqvay üçün ənənəvi sənaye sahələrindən biri də gön-dəri və ayaqqabı istehsalıdır. Bu məhsulların istehsalının inkişaf etdirilməsi üçün zəngin xammal ehtiyatı vardır. Uruqvay dəri məmulatlarının ən iri ixracatçılarındandır. Kənd təsərrüfatı ilə sıx əlaqəsi olan sənaye sahələrindən biri də toxuculuq sənayesidir. Bu sənaye sahəsi üçün də zəngin xammal zərif yun və kətan istehsalı vardır. Ağır sənayenin inkişafı üçün xammal bazası zəifdir. Əsas aparıcı sahələri sayılan neftemalı və kimya sənayesi gətirilmə xammala əsaslanır.
Uruqvayda istehsal olunan elektrik enerjisi SES-lərə əsaslanır. Əgər SES-lərin ümumi istehsal gücükeçən əsrin 80-ci illərində 80%-idisə və onun da qalan 20%-i gətirilmə neftə əsaslanırdısa, hal-hazırda SES-lərin gücü 96%-ə çatmışdır. Uruqvay SES-lərdə istehsal olunan elektrik enerjisinin 50%-ni ixrac edir. Uruqvayın nəqliyyat şəbəkəsi nisbətən seyrəkdir. Heyvandarlığın sürətli inkişafı, ət və ət məhsullarının ixracı, Avropa ölkələrinin Uruqvay məhsullarına tələbatının artması ölkədə dəmir yollarının salınmasına təkan verdi. Dəmir yolların çəkilişinə ingilis şirkətləri həvəslə qoşuldular. Bu gün ölkənin dəmir yollarının ümumi uzunluğu 3 min km-dən çoxdur. Avtomobil yollarının ümumi uzunluğu 52 min km-dən artıq olsa da, bunun yalnız 15 min km-dən çoxu bərk örtüklü şose yollarıdır. Ölkədə su nəqliyyatının rolu olduqca böyükdür. Uruqvay və La-Plata çayları müstəsna rol oynayır. Su yollarının ümumi uzunluğu 1250 km-dir. Montevideo ölkənin əsas nəqliyyat qovşağıdır.
Uruqvay Latın Amerikasında sürətlə inkişaf edən ölkələrdəndir. Uruqvay beynəlxalq əmək bölgüsündə özünün aqrar məhsulları, xüsusilə də heyvandarlıq məhsulları ilə çıxış edir. İdxal etdiyi məhsullar əsasən yanacaq, kimya məhsulları və sənaye avadanlıqlarıdır. Son illərdə turizm əsas sahələrdən birinə çevrilməkdədir.