Vəhdət kilsəsi — müasir dini cərəyan.
Sinkretik səciyyəli yeni dini cərəyan hesab edilən Vəhdət Kilsəsinin əsasını 1954-cü ildə Seul şəhərində San Myen Mun qoymuşdur.
1920-ci ildə kəndli ailəsində dünyaya gələn Mun məktəb illərində Presviterian kilsəsinə üzv olmuş, həmçinin "əllinci"lərin dini yığıncaqlarında iştirak etmişdir. Gənc yaşlarında Bibliyanı öyrənməklə məşğul olan gələcəyin təriqət yaradıcısı 1936-cı ildə Pasxa günü İsa Məsihi gördüyünü iddia etmişdir. Munun sözlərinə görə, İsa Məsih ona yer üzündə "Tanrı Səltənəti"ni qurmağı və özünün yerinə yetirə bilmədiyi missiyanı həyata keçirməyi tapşırmışdır.
Munun bu iddiası xristianları qəzəbləndirmiş və o, Presviterian kilsəsindən xaric edilmişdir. Ümidsizliyə qapılmayan və "missiya"sını yerinə yetirməyə qərarlı olan Mun təbliğat sayəsində özünə həm Cənubi, həm də Şimali Koreyada ardıcıllar toplaya bilmişdir. Müxtəlif təqiblərlə üzləşən yeni "peyğəmbər" hər iki ölkədə dəfələrlə məhkəməyə cəlb edilmişdir. Ona qarşı hərbi qulluqdan yayınmaq, arvadbazlıq, çoxarvadlılıq, ictimai əxlaqın pozulması və maliyyə fırıldağı kimi ittihamlar irəli sürülmüşdür.
Yaponiyada elektrik mühəndisi ixtisasına yiyələnən Mun Şimali və Cənubi Koreya arasında gedən müharibə zamanı kommunistlər tərəfindən konslagerə salınmışdır. O, hərbi düşərgədə də ideyalarını yaymış, buradan çıxdıqdan sonra isə fəaliyyətini genişləndirmişdir. Zaman keçdikcə Munun təbliğatı öz bəhrəsini vermiş və təsiri Koreya hüdudlarından kənara çıxmışdır.
1954-ci ilin mayında Dünya Xristianlığının Vəhdəti uğrunda Müqəddəs Ruh Cəmiyyətini, yəni Vəhdət Kilsəsini yaradaraq Mun ardıcıllarını (munçuları) vahid idarə altında birləşdirmiş və üç il ərzində 30-dan artıq kilsə açmışdır.
1957-ci ildə Mun Bibliyaya əlavə mahiyyəti daşıyan və munçuların əsas dini əsərinə çevrilən "İlahi prinsiplər" adlı kitab yazmış və yeni dini cərəyanın etiqadını formalaşdırmışdır.
Qarşısına qlobal məqsədlər qoyan və missionerlik fəaliyyətinə böyük önəm verən Mun Yaponiya və Qərb dünyasında, xüsusilə Amerika Birləşmiş Ştatlarında özünə tərəfdar qazanmağa çalışmışdır. O, həmin regionlara missionerlər göndərmiş, beynəlxalq konfranslar təşkil etmiş və bu yolla məşhur adamları öz tərəfinə çəkmişdir. ABŞ-də munçuların təsir dairəsinin genişləndiyini görən Mun dünyanı iki dəfə səyahət etdikdən sonra buraya köçmuşdür.
Müxtəlif iri korporasiyalara sahib olan, günü-gündən zənginləşən və nüfuzu artan Mun dini iddialarında daha da irəli gedərək, 1992-ci ildə özünü və dördüncü arvadı Hak Dja Munu bəşəriyyətin "həqiqi valideyn"ləri elan etmiş, Əhdi-Cədid erasının bitdiyini və yeni dövrün, yəni Mun erasının başlandığını bəyan etmişdir.
"Vəhdət Kilsəsi"nin çoxsaylı iri korparasiyaları, qida, kompüter texnologiyası, balıqçılıq, tibbi avadanlıq sahələrində iri sənaye müəssisələri var. Sadə munçular həmin müəssisələrdə Kilsəyə fayda gətirmək bəhanəsi ilə istismar olunur, aşağı məvaciblə çalışırlar. "New York City Tribune", "The Washinqton Times", "Middle East Times" kimi məşhur dövri mətbu orqanlar da munçulara məxsusdur. Totalitar təriqət səciyyəsi daşıyan "Vəhdət Kilsəsi"ndə Mun və onun həyat yoldaşı, həmçinin uşaqları böyük hakimiyyətə malikdirlər. O, "Kainatın imperatoru", "ikinci Zühhurun Tanrısı", "Həqiqi Ata" kimi epitetlərlə mədh edilir, onun əmirlərinə şəksiz əməl olunur.
Təhsil, elm, mədəniyyət, səhiyyə və ekologiya sahəsində çoxsaylı layihələr həyata keçirməyə və öz cərgələrinə nüfuzlu şəxsləri cəlb etməyə çalışan muncular fəaliyyət göstərdikləri ölkələrdə siyasi elita ilə əlaqələr qururlar. Bu məqsədlə "Beynəlxalq Təhsil Federasiyası", "Dünyada sülh uğrundagənclər federasiyası", "Dünyada sülh və vəhdət uğrunda ailələr federasiyası", "Prinsipin tədqiq edilməsi üzrə Tələbə Assosiasiyası" kimi iri təşkilatlar yaratmışlar. Onlar küçələrdə 18-29 yaşdakı gənclərə yaxınlaşaraq onları təmiz məhəbbət, bakirəliyin təbliği və QİÇS əleyhinə mübarizə mövzusunda keçirdikləri seminarlara dəvət etməklə sıralarını genişləndirməyə səy göstərirlər.
Munçular adətən arıq və zəif olurlar. Buna səbəb, onların sərt həyat tərzi keçirmələri, az yemək yeyib, az yatmalarıdır. Onların demək olar ki, istirahətə vaxtı qalmır. Gecə-gündüz təbliğat aparır, soyuq su ilə çimir, seminarlarda mühazirə oxuyur, yaxud küçələrdə icmalarına yoldan keçənlərdən pul yığırlar. Ciddi nəzarət altında olan təriqət mənsubları ailələrini tərk edir, "Həqiqi valideynlər"i uğrunda çox vaxt ölkədən ölkəyə qeyri-leqal keçərək məhrumiyyətlərə qatlaşırlar. Onlar, hətta həyat yoldaşlarının seçimində belə sərbəst deyillər. ABŞ-nin Nyu York ştatında yaşayan Mun dünyanın müxtəlif yerlərindən göndərilən üzvlərin fotoşəkillərinə baxmaqla, kimin kiminlə evlənəcəyinə qərar verir və kütləvi nikah mərasimlərinin keçirilməsini təşkil edir. Məsələn, 1982-ci ildə Medison Skver Qardendə eyni anda 2075 cütlük evləndirilmişdir.
Munçular özlərini xristian adlandırsalar da, əslində, bu dinlə heç bir əlaqələri yoxdur. Onların etiqadına görə, Tanrı qadın və kişi başlanğıcını özündə ehtiva edən əbədi enerjidir. Mükəmməl ailə isə kainatın əsl yaradılma məqsədidir. Həvvanın günah işlətməsi imanın itirilməsinə və əsl sevginin mahiyyətinin təhrif edilməsinə gətirib çıxarmışdır. Həvva Şeytandan Habili dünyaya gətirməklə Tanrının planını pozmuşdur. Bəşəriyyəti yalnız mükəmməl kişi və mükəmməl qadın arasında bağlanılmış nikah qurtara bilər ki, bütün bu cəhətlər Munun ailəsində cəm olunmuşdur. Beləliklə, Munun vətəni Koreya kainatın mərkəzi, onun özü isə kainatın hökmdarı və xilsakarı sayılır.
Din haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |