Vəzlər

Vəzi yaxud Vəz — (lat. glandula; glandulae; yun. aden buna görə vəzilərin iltihabına adenit — adenitis deyilir.) sekresiya ya ekskresiyaya malik epitel hüceyrələrindən (vəzi toxumasından) təşkil olunmuş üzvə deyilir. Epitel toxuma vəzinin əsas kütləsini, birləşdirici toxuma isə onun stromasını (istinadını) təşkil edir.

Vəzilər
Xarici sekresiya vəzisinin quruluş sxemi: vəzi hüceyrəsi, vəzi axacağı, dəliyi (ağzı)
Xarici sekresiya vəzisinin quruluş sxemi: vəzi hüceyrəsi, vəzi axacağı, dəliyi (ağzı)
Vəzi toxuması
Vəzi toxuması
Latınca Glandulae
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vəzilərin inkişafı

[redaktə | mənbəni redaktə et]

Yuxarıda qeyd olunduğu kimi vəzilər selikli qişanın epitel qatından inkişaf edir. Bunların inkişafı da, başqa üzvlər kimi qeyri-bərabər böyümə prinsipi üzrə davam edir. Selikli qişanın müəyyən yerində hüceyrələr törəyib artmağa başlayır və tədricən xaricə, mezenximə doğru soxulur, nəticədə bir qovuqcuq və ya borucuq meydana cıxır. Bu qovuqcuğun divarları bir qat vəzi epitelindən təşkil olunur. Həmin hüceyrələr qovuqcuğun ya borucuğun mənfəzinə doğru öz sekretini (məhsulunu) ifraz edir. Bu üsul ilə təkkameralı, təkborulu ya alveollu (qovuqcuqlu) — vəzi əmələ gəlir.

Digər hallarda həmin qovuqcuq, ya borucuq qeyri-bərabər inkişaf nəticəsində ətrafa doğru yeni çıxıntılar buraxır, ətraf mezenxim elementləri buna qarşı reaksiya törədərək həmin çıxıntıların arasına daxil olur və gələcək vəzinin stromasını (istinadını) təşkil edir. Bu üsul ilə şaxəli ya mürəkkəb vəzi əmələ gəlir. Bunun ifrazedici kütləsini vəzi epitelindən əmələ gəlmiş qovuqcuqlar ya borucuqlar, istinadını mezenximdən diferensasiya etmiş birləşdirici toxuma təşkil edir. Bu törəmələri xaricdən əhatə edən mezenxim qatından vəziyə məxsus kapsul hasil olur. Beləliklə, vəzi iki növ toxumanın (epitel və birləşdirici toxumaların) birlikdə inkişafı nəticəsində əmələ gəlir.

Bəzi hallarda vəzi selikli qişanın epitel qatından inkişaf edib oradaca qalır, digər hallarda vəzi epitel qatdan tədricən uzaqlaşır və inkişaf etdiyi mənbə ilə axacaq vasitəsilə rabitədə qalır.

Quruluşu və vəzifəsi

[redaktə | mənbəni redaktə et]

Hər bir təkborulu vəzinin dibi — lat. fundus, cismi — lat. corpus, boynu — lat. collum və dəliyi (ağzı) — lat. ostium vardır. Vəzinin dibi ilə cismi birlikdə uz kamera adlanır. Şaxəli vəzilərdə boyun axacaq vəzifəsini ifa edir. Mürəkkəb vəzilərdə bir baş axacaq və bir neçə əlavə kiçik axacaqlar olur ki, bunlar da uz kameralara açılırlar. Vəzinin ifrazedici hissəsini həmin kameralar təşkil edir. Axacaqların və kameraların daxili səthləri bir və ya çoxqatlı epitel ilə örtülüdür; epitel təbəqəsini xaricdən birləşdirici toxuma fibrillərindən təşkil olunmuş əsas zar — lat. membrana basalis əhatə etmişdir. Bir sıra kameraların toplaşmasından paycıqlar — lat. lobuli; bunların birləşməsindən paylar — lat. lobi və nəhayət payların da bir yerə yığışmasından vəzinin özü hasil olur. Pay ya paycıqlar bir-biriləri ilə birləşdirici toxuma qatları vasitəsilə birləşir.

Vəzi xaricdən lifli qişa — lat. tunica fibrosa və ya ağlı qişa — lat. tunica albuginae ilə, yəni kapsul ilə əhatə olunmuşdur. Beləliklə vəyilər ifrazedici epitel ünsürlərindən (vəzi toxumasından) — parenximadan və onları bir-birilə birləşdirən birləşdirici toxumadan — stromadan təşkil olunmuşdur. Ona görə vəzi toxumasından təşkil olunmuş böyük vəzilərə parenximatoz üzvlər deyilir. Vəzilərdə qeyd olunan ünsürlərdən başqa artıq miqdarda qanlimfa damarlarısinirlər də vardır.

Vəzilərin vəzifəsi məhsul hazırlamaqdır. Bunların hasil etdikləri məhsul iki nıvdür: ifrazat — sekret və ifrağat — ekskret. Sekret bədənə lazım olan məhsula deyilir, məsələn: mədə şirəsi, ağız suyu. Ekskret isə bədənə lazım olmayan məhsuldur, məsələn: sidik, tər. Sekret çox vaxt maye halında olur, bəzən isə diri, ya ölü hüceyrələrdən ibarət olur, məsələn cinsiyyət vəzilərinin sekreti kişilərdə toxum, qadınlarda — yumurtadır.

Vəzilərin təsnifatı

[redaktə | mənbəni redaktə et]
  1. Xarici sekresiya vəziləri — axacaqlara malikdir, bunların məhsulu həmin axacaqlar vasitəsilə müəyyən üzvlərə tökülür, ya xaricə çıxarılır. Bu vəzilərə misal olaraq ağız suyu vəzilərini göstərmək olar.
  2. Daxili sekresiya vəziləri — öz məhsullarını qana ya limfaya buraxırlar: bunların axacaqları yoxdur; rüşeym dövründə olsa da bu axacaqlar sonradan reduksiya edirlər. Bu vəzilərdən ifraz olunan məhsul hormon ya inkret bir tərəfdən üzvlərdə vəya toxumalrda gedən mübadiləyə təsir edərək onlarda kimyəvi korrelyasiya (saziş) törədir və eyni zamanda orqnizmin böyüməsinə və inkişafına kömək edir. Daxili sekresiya vəzilərinə: qalxanabənzər vəzi, qalxanabənzər ətraf vəziləri, çəngələbənzər vəzi, böyrəküstü vəzilər, hipofiz, epifiz və cinsiyyət vəzilərinin inkretor elementləri aiddir.
  3. Qarışıq sekresiya vəziləri həm hormon, həm də sekret ifraz edir. Bunlara qaraciyər və mədəaltı vəzi aiddir.

Həmçinin baxın

[redaktə | mənbəni redaktə et]
  • Prof. Kamil Əbdülsalam oğlu Balakişiyev, İnsanın Normal Anatomiyası, III cild, "Maarif" Nəşriyyatı, Bakı, 1931.
  • Р. Д. Синельников. Атлас анатомии человека (4 тома)