Valualı Medlin

Valualı Medlin (fr. Madeleine de Valois; 10 avqust 1520, Sen-Jermen-an-Le[d]7 iyul 1537, Edinburq) — Şotlandiya kralı V Ceymsin ilk xanımı, Şotlandiya kraliçası. O, Fransa kralı I Fransisk və xanımı Fransalı Klodun qızıdır. Evliliyi 1517-ci ildə bağlanan Şotlandiya-Fransa sülhünə əsasən baş tutdu. Ancaq Medlinin doğuşdan bəri səhhəti yaxşı deyildi və toydan yalnız 6 ay sonra vəfat etdi. Bu səbəblə Şotlandiyanın Yay kraliçası olaraq anılır.

Fransalı Madlen
Şəxsi məlumatlar
Doğum tarixi 10 avqust 1520
Doğum yeri
  • Sen-Jermen-an-Le[d]
Vəfat tarixi 7 iyul 1537 (16 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Holirud abbatlığı[d]
Atası I Fransisk[1]
Anası Fransalı Klod[1]
Həyat yoldaşı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

Medlin 10 avqust 1520-ci ildə Sen-Jermen-an-Le sarayında Fransa kralı I Fransisk və xanımı Fransalı Klodun üçüncü qızı olaraq dünyaya gəldi. Olduqca çəlimsiz bir uşaq olan Medlin həssas olan səhhətinin pozulmaması üçün daha mülayim iqlimi olan cənub torpaqlarına göndərildi. Burada anası və bacısı Valualı Marqarita ilə birlikdə bibisi Navarra kraliçası Anqulemli Marqaritanın yanında qaldı. 4 yaşında ikən anası vəfat etdi və 2 bacı bibilərinin himayəsinə verildi. Ancaq 1530-cu ildə atası Avstriyalı Eleonora ilə evləndi və 2 bacı Parisə gətirilərək ögey analarının himayəsinə verildi. 16 yaşının tamam olduğu 1536-cı ildə vərəm xəstəliyinə tutulduğu məlum oldu.

Şotlandiya kraliçası kimi

[redaktə | mənbəni redaktə et]

Medlinin doğumundan 3 il öncə ŞotlandiyaFransa krallığı arasında İngiltərəyə qarşı ittifaq qurulmuşdu. Azyaşlı Şotlandiya kralının fransız şahzadələrindən biriylə evlənməsi də bu ittifaq sazişində qeyd olunan maddələrdən biri idi. 1530-cu ilin aprelində Şotland kralının naibi Con Stüart 18 yaşlı kralla Medlinin nikahını planlaşdırmaq üzrə vəzifələndirildi və Parisə göndərildi. Ancaq Medlinin səhhətinin pis olması səbəbilə gənc kralın başqa bir fransız şahzadəsiylə — Fransa kralının uzaq qohumu olan Burbonlu Mariya ilə evləndirilməsinə qərar verildi.

Şotlandiya kralı V Ceyms yeni gəlin namizədiylə planlaşdırılan nikah sazişini imzaladı və 1536-cı ildə gələcək xanımıyla tanış olmaq üçün Fransaya gəldi. Ancaq Parisdə olduğu müddət ərzində ilk nişanlısı və Fransa kralının qızı olan Medlinə aşiq oldu. Bu səbəblə Burbonlu Mariya ilə olan nişanını pozdu və ilk nişanlısı olan Medlinlə evlənməyi tələb etdi. Fransa kralı I Fransisk Şotlandiyanın sərt iqliminin qızının həssas səhhətinə pis təsir edəcəyini bilirdi və bu səbəblə ilk başda bu evliliyə icazə vermədi. V Ceymsin və Valualı Medlinin bu evlilikdə təkid etməsinin ardından I Fransisk qızının evliliyinə könülsüzcə razılıq verdi. Cütlük 1 yanvar 1537-ci ildə Parisdə Notrdam kilsəsində evləndi.

I Fransisk qızına olduqca zəngin və Şotlandiyanın ehtiyac duyduğu bir cehiz bağışladı və bu cehizlə Şotlandiya xəzinəsi tamamilə doldu. Bağlanan nikah sazişinə görə, Medlin özünün və gələcək varislərinin Fransa taxtı üzərindəki bütün taxt hüququndan imtina etdi. Yenə sazişə görə, əgər V Ceyms xanımından öncə vəfat edərsə, Şotlandiyada ona təsis edilən bir çox mülk və gəlirləri ömrünün sonuna qədər əlindən alınmayacaqdı.

Mart ayında cütlük şimala doğru səyahətə çıxdı və La-Roş-Qiyon sarayında iqamət etdilər. Aylarla davam edən əyləncə və mərasimlərin ardından cütlük 1537-ci ilin mayında Fransadan Şotlandiyaya yola düşdü. Medlinin səhhəti bu səyahət boyunca pis idi və Şotlandiyaya çatanda daha da ağırlaşmışdı. 19 mayda Edinburqun şimalındakı Leyt limanına çatdılar. Ətraf bölgələrdən yeni kraliçanın gətirdiyi dəyərli əşyaları və böyük xidmətçi alayını görməyə gəldilər.

Medlin 8 iyun 1537-ci ildə Edinburqdan atasına yazdığı məktubunda səhhətinin yaxşı olduğunu və yaxşılaşdığını yazdı. Ancaq bu məktubun göndərilməsindən 1 ay sonra — 7 iyul 1537-ci ildə Edinburqda ərinin qollarında vəfat etdi. Şotlandiyanın yay kraliçası olaraq anılan Valualı Medlin Edinburqdakı Holirud monastırına dəfn edildi. 1776-cı ildə məzarı qarət edildi və rəvayətə görə, hələ də gözəlliyini itirməyən başı kəsilərək oğurlandı. Əri V Ceyms isə onun ölümündən bir il keçmədən Fransalı Mariya ilə evləndi.

  • Marshall, Rosalind K. (2003). Scottish Queens, 1034–1714. Tuckwell Press. p. 101
  • Hay, Denys, Letters of James V, HMSO (1954), 43–44, 51–52, 170
  • Ashley, Mike (1999). The mammoth book of British kings and queens. London: Robinson Publishers. p. 570. ISBN 1-84119-096-9
  • Wilson, Katharina M. (1991). An Encyclopedia of Continental Women Writers. Taylor & Francis. p. 258. ISBN 9780824085476
  • Thomson, Thomas ed., John Lesley's History of Scotland(Bannatyne Club, 1830), 299
  • Hadley Williams, Janet ed., Sir David Lyndsay, Selected Poems(ASLS: Glasgow, 2000), 101–108, 260–266