Fransalı Mariya

Fransalı Mariya (fr. Marie de Lorraine; 22 noyabr 1515[1], Bar-le-Dyuk[d][1]11 iyun 1560[1], Edinburq qalası[1]) — Şotlandiya kralı V Ceymsin ikinci xanımı, Şotlandiya kraliçası. 1538-ci ildə Şotlandiya kralı ilə evləndi və Şotlandiya kraliçası oldu. Ən kiçik övladı Mariya Stüartın doğumundan 6 gün sonra kral vəfat etdi və körpə qızcığaz Şotlandiya kraliçası elan edildi. Ceyms Hamiltonun 12 illik naibliyinin ardından Mariya 1554-cü ildə kraliçanın naibəsi olaraq vəzifəyə gətirildi. 6 illik naibəliyi dövründə katolik Fransa krallığı ilə əlaqələri gücləndirmiş, İngiltərədən azad və katolikləşmiş bir Şotlandiya krallığı qurmaq istəmişdi. Ancaq Şotlandiyadakı protestant reformasiyasının önünü ala bilmədi və ölümündən sonra qızına iğtişaşlarla çalxalanan bir krallıq buraxdı.

Fransalı Mariya
fr. Marie de Lorraine
Şəxsi məlumatlar
Doğum tarixi 22 noyabr 1515[1]
Doğum yeri
Vəfat tarixi 11 iyun 1560[1] (44 yaşında)
Vəfat yeri
Vəfat səbəbi şiş
Həyat yoldaşları
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uşaqlıq illəri

[redaktə | mənbəni redaktə et]

Medlin 22 noyabr 1515-ci ildə Lotaringiyadakı Bar-le-Dyuk sarayında Quiza hersoqu Klaud və xanımı Burbonlu Antuanettanın ilk qızı olaraq dünyaya gəldi. Hələ 5 yaşında ikən doğulan bacısına xaç anası olaraq seçildi. Çox keçmədən Mört-Mozeldəki bir kilsədə rahibə həyatı yaşayan nənəsi Filippanın yanına getdi və onun himayəsində böyüdü. O dövr üçün olduqca uzun hesab edilən — 1.80 boyu vardı. 14 yaşı olanda əmisi onun ziyarətinə gəldi və gözəl qardaşı qızının kilsədə qalmasına razı olmadı. Onu alaraq Fransa kral sarayında yaşamağa hazırladı. Onun ictimaiyyətə ilk çıxışı isə 1531-ci ildə Fransa kralı I Fransisk və xanımı Avstriyalı Eleonoranın toy mərasimi oldu. Mərasimin ardından kralın ilk evliliyindən doğulan qızları — MedlinMarqarita ilə yaxın münasibət qurdu.

4 avqust 1534-cü ildə o, Lonqvil hersoqu II Lüdoviklə evləndi və Lonqvil hersoqinası oldu. Cütlük xoşbəxt idi ancaq evliliyi çox çəkmədi. 30 oktyabr 1535-ci ildə Mariya ilk övladı Fransiski dünyaya gətirdi. Çox keçmədən 9 iyun 1537-ci ildə II Lüdovik vəfat etdi və hamilə olan 21 yaşlı Mariya dul qaldı. Ərinin ölümündən 2 ay sonra — 4 avqustda ikinci oğlu dünyaya gəldi və ərinin şərəfinə oğlunun adını Lüdovik qoydu. Ancaq bu uşaq ancaq 4 ay yaşaya bildi. Böyük oğlu Fransisk isə anasının ikinci dəfə evlənməsinin ardından nənəsi Antuanettanın himayəsinə verildi. Bu səbəblə anasını uzun illər görə bilmədi. 22 mart 1545-ci ildə o, anasına nə qədər uzun olduğunu göstərmək üçün bir parça ip, ertəsi il isə öz portretini yolladı.

İkinci evliliyi

[redaktə | mənbəni redaktə et]

Ərinin ölümü və ikinci övladının dünyaya gəlişinin ardından Mariyanın Şotlandiya kralı V Ceymslə evlənməsi müzakirə edilməyə başlandı. Belə ki, V Ceyms gənc xanımı Valualı Medlinin (Mariyanın keçmiş rəfiqəsi) vəfatından sonra İngiltərəyə qarşı Fransa ilə olan ittifaqın pozulmaması üçün yeni bir fransız gəlin axtarırdı. Dövrün bir çox tarixçisinə görə, V Ceyms Mariya ilə, ilk xanımıyla tanış olmaq üçün tərtib olunan Paris səyahəti əsnasında tanış olmuşdu. Üstəlik onun, ərinin ilk toy mərasimində iştirak etdiyi məlumdur.

Yenicə dul qalan İngiltərə kralı VIII Henri bu nikaha və ittifaqa mane olmaq üçün Mariya ilə özü evlənməyi təklif etdi. Ancaq onun evlilik keçmişi çox ürküdücü idi. Belə ki, VIII Henri ilk xanımı Araqonlu Ketrini zorla boşamış, məşuqəsi və ikinci xanımı Anna Boleyni isə edam etdirmişdi. Bu səbəblə Mariya onun bu təklifini qəbul etmədi.

Fransa kralı I Fransisk isə İngiltərənin təklifinin ardından keçmiş kürəkəni olan Şotlandiya kralı V Ceymslə əlaqə saxladı. Vəfat edən qızının yerinə gənc kralla Mariyanın evlənməsini istəyən I Fransisk hazırladığı nikah sazişində Mariyanın oğlunun mülklərini də gəlinin cehizinə əlavə etdi. Mariya isə həm oğlunun mülklərinin əlindən alınması, həm də övladından ayrılacağı üçün bu təklifi qəbul etmək istəmədi.

Evlilik sazişi 1538-ci ilin yanvarında imzalandı. Cütlüyün nikahı isə 9 mayda Er-Luar şəhərində baş tutdu. Nikaha Şotland kralı gəlmədi və 2 min nəfərlik heyət göndərdi. Mərasimin ardından Mariya həmin heyətlə birlikdə 10 iyunda Şotlandiyaya yola düşdü. 6 günlük səyahətin ardından Edinburqa gələn Mariya kral tərəfindən qarşılandı. Cütlüyün ikinci nikah mərasimi isə 18 iyun 1538-ci ildə baş tutdu. Kralın anası Marqarita Tüdor, qardaşı olan İngiltərə kralına yazdığı məktubda yeni gəlini haqqında xoş sözlər yazmışdır.

Mariyanın tacqoyma mərasimi 22 fevral 1540-cı ildə Holirud monastırında baş tutdu. Mərasim səbəbilə David qülləsindənn 30 top atəşi atıldı. Cütlüyün 2 oğlu — 22 may 1540-cı ildə Ceyms və 12 aprel 1541-ci ildə Robert dünyaya gəldi. Ancaq uşaqların hər ikisi 21 aprel 1541-ci ildə bilinməyən bir səbəblə vəfat etdi. Cütlüyün üçüncü və son övladı isə 8 dekabr 1542-ci ildə doğulan Mariya adlı bir qız uşağı oldu. Ancaq uşağ hələ 6 günlük ikən V Ceyms vəfat etdi. Körpə qızcığaz Şotlandiya kraliçası elan edildi.

Qızının evliliyi məsələsi

[redaktə | mənbəni redaktə et]

Şotlandiya hakimiyyəti hiyləgər diplomat Ceyms Hamiltona əmanət edildi. İngiltərə kralı VIII Henri balaca kraliçanın yeganə oğlu Şahzadə Eduardla evlənməsini təklif etdi. Ancaq bu təklif Şotlandiyada daxili çatışmalara səbəb oldu. Belə ki, azyaşlı kraliçanın gələcəkdə kiminlə evlənəcəyi ölkədəki ingilispərəst və fransızpərəstlər arasında müzakirə məsələsi oldu. Digər tərəfdən kraliçanın naibi bir tərəfdən körpə kraliçanın zəif və cılız olduğu, tezliklə öləcəyi barədə şaiyələrini yaymağa başlamış, digər tərəfdən isə İngiltərə kralının qızı Leydi Elizabetlə öz oğlunu evləndirərək özünə ingilis tərəfdarı toplamağı planlaşdırırdı. İngiltərə kralı tərəfindən göndərilən bir diplomat 22 mart 1543-cü ildə körpə kraliçanı görmək üçün Linlitqou sarayına dəvət edildi. Körpə olduqca sağlam və güclü görünürdü. Göndərilən ingilis diplomat vasitəsilə Mariya İngiltərə kralından qızı üçün dəstək tələb etdi.

Çox keçmədən İngiltərə kralının Mariya ilə evlənmək istədiyi şayəsi yayılmağa başladı. Bu şaiyələr yayıldığı ərəfədə 1543-cü ilin iyulunda Mariya və qızı Stirlinq qalasına köçdü. Evlilik danışıqları davam etdi və Mariya qızının 10 yaşı tamam olanadək evlənməyi düşünmədiyini bildirdi. Şotlandların vədlərinin boş çıxması və körpə kraliçanın öz vəliəhdiylə evlənməsi yalanının üstünün açılmasının ardından VIII Henri Şotlandiyaya qarşı 1543-cü ilin sonunda hərbi əməliyyat başlatdı. 1544-cü ildə Mariya yaranan iğtişaşlardan istifadə edərək Ceyms Hamiltonun naibliyinə son vermək məqsədilə saray çevrilişi tərtib etsə də, bu cəhd bir nəticə vermədi.

1547-ci ilin sentyabrında baş verən şotland məğlubiyyətinin ardından fransız hərbi birlikləri ölkəyə daxil oldu və buradakı ingilisləri geri püskürtdü. Mariyaya siyasi dəstək verən fransızlar 1548-ci ilin iyulunda Haddinqton qalasını mühasirəyə aldılar. 7 iyulda toplanan parlamentin qərarına əsasən balaca kraliça gələcəkdə Fransa kralı II Henrinin oğlu Fransisklə evlənəcək və o vaxta qədər Fransa kralının himayəsində böyüyəcəkdi. Bu məqsədlə Mariya və balaca qızı 1548-ci ilin avqustunda Fransaya yola düşdü. Ancaq Mariya Edinburqda keçirilən yeni parlament səbəbilə yarı yoldan geri döndü.

Mariya 1549-cu ilin milad bayramı ərəfəsində Stirlinq qalasında toplanan fransız birlikləriylə ingilislərin ölkədəki yeganə nöqtəsi olan Brouti qalasını mühasirəyə aldı. 1550-ci ilin fevralında başa çatan mühasirənin nəticəsində qala ələ keçirildi və ingilislər ölkədən qovuldu. Qələbənin ardından sülh danışıqları başladı və tərəflər 24 mart 1550-ci ildə atəşkəs elan etdi. Mariyanın qardaşı Klaudla birlikdə digər 5 fransız aristokratı İngiltərəyə girov olaraq göndərildi. O əsnada 12 apreldə vəfat edən atalarının cənazəsi səbəbilə Klaud verilən xüsusi icazəylə 11 mayda Şotlandiyaya qayıda bildi. Sülh danışıqlarının bitməsinin ardından Mariya ailəsini görmək üçün Fransaya yola düşdü.

İngiltərə və Fransa səfəri

[redaktə | mənbəni redaktə et]

6 sentyabr 1550-ci ildə Şotlandiyadan ayrılan Mariya 1 oktyabrda Fransa kralı tərəfindən onun şərəfinə tərtib olunan əyləncə mərasiminə qızıyla birlikdə qatıldı. Mariya və kraliça olan balaca qızı böyük bir hərbi alayla mərasimə qatıldı. Alayda fransız birliklərlə yanaşı, bir çox şotland əsilzadəsi də yer alırdı. Qış boyunca Blua sarayında qalan Mariya yayın gəlməsiylə Fransa kralı II Henriylə birlikdə Fransa turuna çıxdı. Ancaq səyahət əsnasında aprel ayında Parisdə qalan qızına qarşı sui-qəsd olması xəbərini eşidərək geri döndü. Balaca kraliçanı zəhərləməyə çalışan sui-qəsdçi Londonda ələ keçirildi və may ayında fransızlara təslim edildi.

Bu əsnada Mariya böyük oğlu Fransiskin ölüm xəbərini aldı. 1551-ci ilin oktyabrında o, İngiltərəyə yola düşdü və kral VI Eduardla görüşdü. Görüş əsnasında bir çox əsilzadəylə tanış olsa da, gənc kralın bacıları Leydi MariyaLeydi Elizabetlə görüşə bilmədi. Gənc kral ona vaxtilə ögey anası Ketrin Parra aid olan almas üzük hədiyyə etdi.

Ardından şimala doğru yola çıxan Mariya Şotlandiyaya doğru irəlilədi. Kraliçanın naibi olan Ceyms Hamilton Mariyanı qarşılamaq üçün ölkənin hər tərəfindən əsilzadələri topladı. 24 noyabr 1551-ci ildə Edinburqda baş tutan qarşılama mərasimində top atəşləri açıldı.

Naibəlik illəri

[redaktə | mənbəni redaktə et]

1552-ci ilin dekabrında Müqəddəs Roma imperatoru V Karlın bacısı və Macarıstan kraliçası olan Avstriyalı Mariyanın yazdığı məktubda onun Fransaya olan yaxınlığını tənqid etdi. Digər tərəfdən imperatorun Londondakı səfiri azyaşlı kraliçanın devrilməsi və yerinə mərhum kralın nikahdan kənar oğlu olan Ceyms Stüartın taxta çıxarılmasını təklif edirdi. Artan siyasi təzyiqdən qorxan Mariya dərhal saray çevrilişi tərtib etdi və naibi devirərək özünü kraliçanın naibi elan etdi. O əsnada nənəsi və dayısı ilə birlikdə Fransada olan balaca kraliça anasına bununla bağlı təbrik məktubu yazdı.

Mariya krallığın idarəsindəki bir çox məsələni Fransadakı qardaşları ilə müzakirə edirdi. Üstəlik ölkədəki mühüm vəzifələrə də fransız əsilli bürokratları təyin edirdi. Onun naibəliyi dövründə ölkədə artan fransız tərəfdarlığı yerli əsilzadələrin narazılığına səbəb olurdu. Bu isə gələcəkdə baş verəcək qarışıqlığın təməlini atdı. Belə ki, klanlar arası yaranan çəkişmələri yatırmaq məqsədilə Mariya 1554-cü ilin iyulunda ölkə boyunca səyahətə çıxdı. Ancaq səyahət əsnasında Mariya klanlar arasındakı çatışmaları zor tədbiq edrək yatırdı. Lordların bəziləri həbs edildi, bəziləri isə edam olundu. O əsnada İngiltərə üzərinə ordu göndərildi. Ancaq yerli əsilzadələr onlara qarşı bu cür zor tədbiq edən naibənin əmrinə riayət etməyərək öz aralarında məclis topladılar və ortaq qərarla hücumu yarım qoyaraq vətənə döndülər.

Protestantlarla mübarizə

[redaktə | mənbəni redaktə et]

Ölkədə artan protestantlar Mariyanın naibəliyini zəiflətməyə başlamışdı. İlk illərdə Mariya bu dini icmaya qarşı çıxmamışdı. Çünki İngiltərə qatı katolik olan Mariya Tüdorun idarəsində idi və bu şəraitdə ölkədəki protestantlar ingilislərin dəstəyini ala bilməzdi. Ancaq çox keçmədən 17 noyabr 1558-ci ildə Mariya Tüdor vəfat etdi və yerinə onun protestant bacısı Elizabet taxta çıxarıldı. Üstəlik onun səltənəti Roma papası tərəfindən dəstəklənmirdi və Şotlandiya kraliçası olan qızı Mariya Stüartın İngiltərə taxtı üzərində haqq iddiası vardı. Ancaq bunun üçün Roma papasının dəstəyini qazanmaq və ölkədə qatı katolik hakimiyyəti qurmaq vacib idi. Bu səbəblə Şotlandiyada protestantlara qarşı sərt tədbirlər alındı. Digər tərəfdən 10 iyul 1559-cu ildə Fransa kralı II Henri vəfat etdi və Mariya Stüart Fransa kralının xanımı oldu.

Protestant Elizabetin 1558-ci ildə İngiltərədə hakimiyyətə gəlməsi Şotlandiyadakı protestantları həvəsləndirdi. Gənc kraliça qonşu ölkədəki tərəfdarlarını dəstəkləməyə başladılar. Üstəlik naibənin təyin etdiyi bir çox bürokrat da katoliklikdən üz çevirmiş, ölkədəki katolik tərəfdarları və fransızların nüfuzu zəifləmişdi. Nəticədə bununla razılaş Mariya 25 iyul 1559-cu ildə protestantlarla atəşkəs elan etdi və Stirlinq qalasına çəkildi. Ancaq həmin ilin sentyabrında keçmiş naib Ceyms Hamilton protestantların rəhbərliyini ələ aldı və müvəqqəti hökumət qurdu. Fransız hərbi birliklərinin yardımıyla Mariya üsyançıları qılıncdan keçirdi və noyabrda geri döndü. 1560-cı ilin yanvarında ingilislərin bura dəstək birliklər göndərməsinin ardından fransızlar geri çəkildi.

İngilis birliklərinin geri püskürtülməsinin ardından protestant lordlar 12 may 1560-cı ildə Edinburq qalasına müzakirəyə gəldilər. Müzakirələr davam etdiyi əsnada Mariyanın səhhəti pisləşdi. 8 gün boyunca ölüm döşəyində yatan Mariya vəsiyyətini etdikdən sonra 11 iyunda vəfat etdi. Ölüm səbəbi damcı xəstəliyi olaraq göstərildi. Dərmanlanan cənazəsi bir müddət Edinburqdakı Müqəddəs Marqarita kilsəsində saxlanıldı. Ardından 18 mart 1861-ci ildə gizlicə Fransaya qaçırıldı və burada dəfn edildi.

  • Calendar State Papers Spain, vol. 10 (1914): Jordan, WK ed., Chronicle of Edward VI, (1966), 62.
  • Marshall (1977), 268–269 (fn. 15), the letter first appeared in Stefan Zweig, Mary Queen of Scots (London, 1935), 1–2
  • Magnus Magnusson, Scotland: the Story of a Nation (New York: Grove Press, 2000) p. 337
  • Annie I. Cameron, The Scottish Correspondence of Mary of Lorraine, Scottish History Society (1927)
  • Pamela E. Ritchie – Mary of Guise in Scotland, 1548–1560: A Political Study (2002)