Varazqun məbədi — Azərbaycanın Laçın rayonu ərazisində yerləşən qədim alban məbədi. Məbəd II–V əsrlərdə Qafqaz Albaniyası dövründə inşa edilib və dövrümüzə xarabalıqları qalıb. Bu qədim alban məbədi dördkünc planda və yüksək dağlıq ərazidə inşa edilib.Məbədin günbəzi və cənub divarı dağılmışdır.[1]
Varazqun məbədi | |
---|---|
Ölkə | Azərbaycan |
Şəhər | Laçın |
Yerləşir | Bozlu |
Aidiyyatı | Alban Həvari Kilsəsi |
Tikilmə tarixi | II-V əsrlər |
|
Bu tikili "Alban ölkəsinin tarixi" adlı əsərin müəllifi, mənşəcə Qafqaz albanlarından olan Alban tarixçisi, Moisey Kalankatlının əsərində adı qeyd edilən Varazqun məbədidir. Qeyri-adi memarlıq quruluşuna malik olan abidə bir çox özəlliklərini itirərək günümüzə qədər öz görkəminin əsas hissəsini saxlamışdır[2].[3] Tikili Bozlu kəndinin (Laçın rayonu) ərazisində, lakin hava yolu ilə daha çox Quşçu kəndinin yaxınlığında, Həkəri çayının sağ qolu olan Ağoğlan çayının sol sahilində, sahildən 2 kilometr aralıda Varazqun adlanan sahədə qərar tutmuşdur. Qəzalı bir vəziyyətdə, II–V əsrlərə aid olan tarixi abidə – Varazqun məbədi günbəzli, ikiapsidalı (apsida (apsis) – əsasən kilsə divarlarında yarımqövs şəklində çıxıntı) planda olduqca diqqətəlayiq və dövrünə uyğun möhtəşəm bir şəkildə inşa edilmişdir[2]. Məbədin ətrafında Varazxan adlanan kəndin xarabalıqları qalmaqdadır. Bu yaşayış məntəqəsi 1904-cü ildə Qafqazın 5 verstlik xəritəsində Varazqun kimi qeyd edilmişdir. Ehtimal ki, məbədin ilk adı da elə Varazxan və ya Varazqun olmuşdur. Yerli əhali, yəni azərbaycanlılar tərəfindən məbədin adının və yaşayış məntəqəsinin türkləşdirildiyini iddia edən ermənilər bu qədim alban məbədini Varazqom adlandırırlar[2]. 1924-cü ilin may ayında məbədin ətrafında qoyun otaran çobanlar oradan qədim sikkələr tapmışlar. Sikkələr Azərbaycan SSR Dövlət Muzeyinə (indiki Milli Azərbaycan Tarixi Muzeyi) təhvil verilmişdir. Qədim sikkələrin araşdırılması nəticəsində məlum olmuşdur ki, bu Səfəvi dövlətinə aid XVI əsrdə kəsilmiş sikkələrdir[2]. Bu ərazidə olan evlərin xarabalıqlarından əlavə məbədin yaxınlığında yaşayış üçün sığınacaqlar – mağara (kaha və yaxud zağa) mövcuddur. Mağaranın adi otaq qapısı ölçüsünə uyğun ümumi bir çıxış qapısı vardır. Mağaranın daxilində olan hər bir otağın sahəsi təxmini hesablamalara görə 12 m² (3x4 m), hündürlüyü isə 2 metr, bəzi yerlərdə isə 2 metr 20 santimetrə çatır. Məbədin ərazisində sinə və baş daşları albanlara xas olan üslubda naxışlanmış, üzərində alban xaçları işlənmiş, VII əsrə aid qədim qəbiristanlığın qalıqları aşkar edilmişdir[2].[4]
Alban memarlığının səciyyəvi əlamətlərini özündə qoruyub saxlayan Varazqun məbədi yonulmuş yerli daşlardan, həmçinin adi çay daşlarından və əhəng-qum qarışığından istifadə edilməklə inşa edilmişdir. Məbədin daxili divarlarına suvaq vurulmuşdur. Məbədin günbəzi və cənub divarı tam uçub-dağılmışdır. Eləcə də məbədin şərq tərəfinin aşağı hissəsində olan fasad daşları uçmuşdur. Məbəd tikinti mədəniyyətinə və konstruktiv xüsusiyyətlərinə görə yaxın ərazilərdə olan digər tikililərlə səsləşir. Belə kompozi¬siyalar, öz növbəsində, bir-birindən bəzi cəhətlərinə, əsasən də apsidaların miqdarına görə fərqlənir. Günbəzli kompozisiyası olan bu məbədin ikiap¬sidalı (məbədin şərq və şimal tərəflərində) olması isə onu digər məbədlərdən daha çox fərqləndirir. Ta qədimdən bir, üç, dörd və daha çox apsidası olan məbədlər geniş ərazilərdə inşa edilsə də, ikiapsidalı məbədlər çox nadir hallarda qeydə alınmışdır[2].[5] Kvadrat biçimli, 100 kv.m-dən çox sahədə (xarici ölçüləri: 10.55x10.00 m) günbəzli məbəd tipində inşa edilmiş məbədin üzərində ucalan qüllə bayırdan və içəridən yumru, silindrvaridir. Məbədin mövcud qalıqlarının hündürlüyü təxminən 9.60 metrdir. Divarların qalınlığı isə 95 sm-ə qədərdir. Qeyd edək ki, günbəzin tavanı tamamilə uçmuşdur. Məbədin qapı və pəncərələrinin yanları ustalıqla yonulmuş daş kəmərlə əhatələnmişdir[2].
Ehtimal ki, Varazxan və yaxud Varazqun oykonimi vaxtı ilə bu ərazilərdə yaşamış Qafqaz Albaniyasının hökmdarlarının (Varaz) adından adlandırılmışdır[2]. Məbədin ətrafında Varazxan adlanan kəndin xarabalıqları qalmaqdadır. Ehtimal olunur ki, məbədin ilk adı da elə Varazxan və ya Varazqun olub.[6]