Vikipediyada etibarlı istifadəçilər uğurlu sorğulardan sonra Vikipediya icması tərəfindən inzibatçı (həmçinin admin, adminstrator və ya sisop, yaxud da keçmiş adı ilə idarəçi kimi də bilinir) olaraq təyin edilə bilər.[1]:327 Hal-hazırda Azərbaycanca Vikipediyada 15 inzibatçı var. İnzibatçılar digər redaktorlardan fərqli olaraq səhifələri mühafizəyə almaq, silmək və istifadəçilərin səhifələri redaktə imkanlarını məhdudlaşdırmaq kimi əlavə texniki imkanlara malikdirlər.
İlk Vikipediya inzibatçıları 2001-ci ildə Cimmi Vels tərəfindən təyin edilmişdir.[2] Vikipediyada istifadəçilərə inzibatçı səlahiyyətləri artıq müvafiq prosedur və müzakirələr vasitəsilə Vikipediya icması tərəfindən verilir.[1] Qeydiyyatdan keçmiş hər hansısa bir istifadəçi müvafiq şərtləri ödədiyi halda, özü namizədliyini verə, yaxud digər bir istifadəçidən bunu istəyə bilər. Həmçinin namizədlik şərtlərini ödəyən digər istifadəçiləri də onlara təklif edərək inzibatçılığa namizəd göstərə bilər, istifadəçi bu təklifi qəbul etməyə bilər. İngiliscə Vikipediyada inzibatçı olan elm adamı və professor Endryu Li(en) prosesin "Ali Məhkəmədən keçməklə bənzər" olduğunu qeyd etmişdir. O, həmçinin prosesin "hazırda bunun mübarizə aparma ritualı olduğunu" və Vikipediyanın ilk vaxtlarında prosesin necə işləməsindən fərqli olaraq, inzibatçı olmaq üçün tək etməyiniz lazım olan şeyin "bir axmaq olmadığınızı sübut etmək" olduğunu bildirmişdir.[3]
Hüquq üçün namizədliyə təbii olaraq sadəcə vikidə müəyyən bir vaxt keçirdikdən və kifayət qədər təcrübə toplandıqdan sonra baxılır.[1] Həmçinin, bu, istifadəçinin inzibatçı seçkisinin gedişatı üçün də vacibdir. Səsvermələrdə hər bir istifadəçi iştirak edə bilsə də, sadəcə müəyyən edilmiş tələblərə cavab verən istifadəçilərin səsləri nəzərə alınır.
İstifadəçilər müvafiq səsvermələrin nəticələrinə əsasən inzibatçı statusunu götürdükdən sonra müəyyən işləri yerinə yetirə bilmək üçün əlavə funksiyalara icazə əldə edirlər.[3] Bunlara təmizlik aparma işləri,[1] şərtlərə cavab verməyən məqalələrin silinməsi, səhifələrin mühafizə edilməsi (həmin səhifədə redaktə imkanlarının məhdudlaşdırılması)[4]:66 və destruktiv fəaliyyət göstərən istifadəçi hesablarının bloklanması daxildir.[1][3] İstifadəçilərin fəaliyyətinin məhdudlaşdırılması Vikipediya siyasətlərinə uyğun olaraq icra edilməli və blokun səbəbi mütləq qeyd olunmalıdır, eyni zamanda bu, istifadəçinin blok jurnalına proqram təminatı tərəfindən daimi olaraq qeyd olunur.[1]:401[4]:120 Bu funksiyalardan "redaktə üstünlükləri əldə etmə" üçün istifadə uyğunsuz qəbul edilir.[1]