Vilya de Leqanes Kuboku (isp. Trofeo Villa de Leganés) – hər il İspaniyanın "Leqanes" futbol klubu tərəfindən keçirilən yoldaşlıq turniri. Turnirin qaliblərinə "Qızıl xiyar" mükafatı təqdim olunur.
Vilya de Leqanes Kuboku | |
---|---|
Açılış ili | 1980 |
Komandaların sayı | 2 |
Son çempion | Leqanes (24-cü dəfə) |
Ən uğurlu klub | Leqanes (24 dəfə) |
Vilya de Leqanes Kuboku 1980-ci ildə yay turniri kimi təsis olunmuşdur. Yoldaşlıq turniri xarakterli bu turnirdə ev sahibi "Leqanes" klubu ilə bir qonaq komanda yarışır. Turnir əsasən İspaniyada baş tutsa da, 1998-ci ildəki turnir "Kampomayorense" klubu ilə Portuqaliyada və 2013-cü ildəki turnir "Qətər" klubu ilə Qətərdə keçirilmişdir.[1] "Leqanes" turnirin ən uğurlu komandasıdır (24 dəfə).[2]
Turnir müxtəlif formatlar üzrə keçirilmişdir. 1980–1996-cı illərdəki turnirlərin çoxu dörd komanda ilə baş tutmuş, qalib yarımfinal və final oyunları ilə müəyyən edilmiş, üçüncü yer uğrunda oyun keçirilmişdir. 1985, 1989, 1994 və 1995-ci illərdəki turnirlər, eləcə də, 1997-ci ildən etibarən keçirilən bütün turnirlər ancaq 2 komandanın iştirakı ilə baş tutmuşdur. Yeganə istisna 2011-ci ildəki turnirdir: 3 komandanın iştirakı ilə baş tutan turnirin qalibi liqa formatı ilə müəyyən edilmişdir.[2] 2020-ci ildəki turnir COVID-19 pandemiyası səbəbilə keçirilməmişdir. Son qalib 2024-cü ildə "Rayo Valyekano"nu 3:1 hesabı ilə məğlub etmiş "Leqanes"dir.[3] Kişilərlə yanaşı, qadın klubları üçün də Vilya de Leqanes Kuboku keçirilir.[4]
2018-ci ildən etibarən turnirin qaliblərinə "Qızıl xiyar" mükafatı (isp. el Pepino D'or), ikinci yeri tutanlara isə "Gümüş xiyar" (isp. el Pepino D'plat) mükafatı təqdim olunur.[5] Belə ki, Leqanes qəsəbəsi İspaniyada xiyar yetişdiriciliyinə görə tanınır və bu bölgədə yaşayanlar "pepineros" (azərb. xiyar yetişdirənlər) adlandırılır. Bu səbəbdən klubun ləqəbi "xiyar yetişdirənlər"[6] və talismanı "Super Xiyar" adlı antropomorfik xiyardır.[7]
"Qızıl xiyar" mükafatı ən qəribə futbol mükafatlarından biri hesab olunur.[8] Mükafat 24 santimetr hündürlüyündə və 5 kiloqram ağırlığındadır.[9] Mükafatın ideyası zarafat kimi yaranmışdır: Kriştiano Ronaldo 2016-cı ildə Qızıl top mükafatını qazandıqdan sonra "Leqanes" klubunun rəsmi Twitter hesabı qızıl xiyar formasında olan mükafat fotosu paylaşmışdır.[8]