Vitold Zqlenitski (pol. Witold Zglenicki; 6 yanvar 1850 – 3 iyul 1904, Bakı) — Azərbaycanda fəaliyyət göstərmiş polyak alim, geoloq və xeyriyyəçi. İlk dəfə o, Xəzər dənizinin dibindən neftin çıxarılması təklifini verib.
Vitold Zqlenitski | |
---|---|
pol. Witold Zglenicki | |
Digər adı | Polşalı Nobel |
Doğum tarixi | |
Doğum yeri | Mazoviya, Polşa |
Vəfat tarixi | (54 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vəfat səbəbi | Şəkərli diabet |
Dəfn yeri | |
Milliyyəti | Polyak |
Fəaliyyəti | mesenat |
Vikianbarda əlaqəli mediafayllar |
Göstərdiyi fəaliyyətə görə Çar Rusiyası tərəfindən kollej asessoru rütbəsi alıb və Qacar şahı Müzəffərəddin şah Qacar tərəfindən "Şiri-Xurşid" ordeni ilə təltif olunub. Ölümündən sonra bütün sərvətini elm və xeyriyyə fondlarına vəsiyyət edib. Xeyriyyəçilik fəaliyyətinə görə "Polşalı Nobel" adını alıb.
1850-ci ildə Polşanın Mazoviya vilayətində Varqava Stara kəndində anadan olub.[1][2] 1859-1866-cı illərdə Plotsk Qubernator Gimnaziyasında təhsil alıb.[3] 1866-cı ildə Varşava İqtisadiyyat Məktəbinə daxil olub.[3] 1870-ci ildə Varşava İqtisadiyyat Məktəbinin riyaziyyat-fizika fakültəsini, 1875-ci ildə isə Peterburq Dağ-Mədən İnstitutunu birinciliklə bitirib.[4] 1875-ci il yulun 5-də mədəndə işləmək üçün Kieltse quberniyasında yerləşən Suxednyova təyinat alır.[5] 1876-cı il mayın 15-də Mroçkovda yerləşən metallurgiya zavoduna müdir təyin olunub.[6] 3 il burada işlədikdən sonra 1879-cu il martın 15-də titul asessoru, 1883-cü il avqustun 12-də isə kollej asessoru vəzifəsinə təyin olunub.[7] Vitold Zqlenitski 1891-ci ildə Bakıya köçüb və burada Bakı Ekspert İdarəsində ekspert kimi işə başlayıb.[8][9] Burada səmərəli fəaliyyət göstərdiyi üçün 1897-ci ildə saray müşaviri, 1901-ci ildə isə mülki rütbə olan kollej asessoru rütbəsi alıb.[4][10]
Bakıya köçdükdən sonra öz işi ilə yanaşı burada neftin çıxarılması üsullarının modernləşdirilməsi ilə məşğul olub.[11] Təkcə qazma platforması konsepsiyasını deyil, həm də qazma işini asanlaşdırmaq üçün bir sıra ixtiralar, məsələn, neft quyularının əyriliyini ölçmək üçün cihaz və valları daha sürətli və daha böyük dərinliklərə qazmağa imkan verən texniki həllər hazırlayıb.[3] Xəzər dənizinin dibində bir neçə neft yatağının yerini müəyyən edib.[12] Neftin dənizin dibindən çıxarılması ilə bağlı bir neçə təklif versə də bu qəbul olunmayıb.[3][13] 1900-cü ildə göstərdiyi fəaliyyətə görə Qacar şahı Müzəffərəddin şah Qacar tərəfindən "Şiri-Xurşid" ordeni ilə təltif olunub.[4][14] Onun və Rılski qardaşlarının dəstəyi ilə Bakıda 1912-ci ildə Müqəddəs Bakirə Məryəmin kosteli tikilib.[15] Kilsə Aprel işğalından sonra 1938-ci ildə dağıdılıb.[16]
1901-ci ildə şəkərli diabet xəstəliyi tutduğunu öyrənib. O dövrdə şəkərli diabet xəstəliyini müalicə etmək mümkün olmadığı üçün 1904-cü ildə vəsiyyətnamə hazırlayıb.[17] Neft sahələrindən gələn gəlirini, Polşa elminə dəstək olan "Yuzef Myanovski Fondu"na və digər xeyriyyəçi təşkilatlara vəsiyyət edib.[4][18]
Vitold Zqlenitski 1904-cü il iyulun 6-da şəkərli diabet xəstəliyindən vəfat edib. Cənazəsi Polşaya aparılıb və Vola Kielpinska qəbiristanlığında dəfn olunub.[19]
Bakı şəhərində göstərdiyi fəaliyyətə görə "Polşalı Nobel" adını alıb.[20]
1963-cü ildə Polşanın Plotsk şəhərində neft emalı zavodundan şəhərin mərkəzinə doğru gedən küçəyə Vitold Zqlenitskinin adı verilib.[21] Vitold Zqlenitski haqqında 1973-cü ildə rejissor Rişard Badovski "Qafqaz bioqrafiyası",[22] 1988-ci ildə rejissor Vladislav Vasilevski "Vitold Zqlenitski və digərləri",[23] 2008-ci ildə isə resjissor Adam Roqala "Polşalı Nobel" filmini çəkiblər.[24]
1975-ci ildə Plotsk Elmi Birliyinin müraciəti ilə Plotsk şəhərində heykəli qoyulub.[3] 1989-cu ildən Polşada Vitold Zqlenitski adına Gimnaziya fəaliyyət göstərir.[3][25] 2003-cü ildə hədəfi məktəblərə, universitetlərə və tədqiqat mərkəzlərinə dəstək olmaq olan "Vitold Zqlenitski" elmi fondu yaradılıb.[3]
2012-ci il iyunun 13-də Azərbaycan və Polşa arasında diplomatik əlaqələrin qurulmasının 540 illiyi münasibətilə Polşada yerləşən Zqlenitski adına məktəbdə Vitold Zqlenitskinin xatirəsinə memorial lövhənin açılışı olub. Memorial lövhə Polşada yerləşən Azərbaycan səfirliyinin təşəbbüsü ilə qoyulub.[26]
2024-cü ildə Milli Azərbaycan Tarixi Muzeyində Vitold Zqlenitski haqqında "Polşalı Nobel" adlı kitabın təqdimatı olub.[27] Kitabın müəllifi Andjey Yan Xodubskidir.[28]