Vitor Huqo Roke Ferreyra (28 fevral 2005, Braziliya) — Vitor Roke kimi də tanınan, Braziliya A Seriyası təmsilçilərindən olan "Atletiko Paranaense" klubunda və Braziliya millisində hücumçu kimi çıxış edən peşəkar Braziliya futbolçusu. O, 2024-cü ilin yanvar ayında La Liqa təmsilçilərindən olan "Barselona" klubuna transfer olacaq.
Vitor Minas-Jerays ştatının Timoteo şəhərində anadan olmuşdur. 10 yaşı olarkən o, "Amerika Mineyro" klubunun akademiyasına qəbul olmuşdur. 2018-ci ildə akademiyanın əsas oyunçusu vəziyyətinə gəlmişdir.[2] 2019-cu ilin mart ayında Vitor "Kruzeyro" akademiyası ilə müqavilə imzalamışdır.[3] Bu keçid keçmiş komandasının yeni komandasını Dövlət Əmək Departamentində məhkəməyə verməsinə səbəb olmuşdur.[2] Hər iki klub yalnız may ayında razılığa gələ bildi.[4] "Kruzeyro" klubu oyunçunun səhmlərinin 65%-ni, keçmiş klubu isə yerdə qalan 35%-ni əlində saxlamış oldu.[3]
25 may 2021-ci ildə Vitor "Kruzeyro" klubu ilə ilk peşəkar müqaviləsini imzalamışdır.[5] O, peşəkar karyerasında debütünü 12 oktyabr tarixində Seriya B liqasında "Botafoqo" klubuna qarşı oyunda etmişdir.[6] İkinci hissədə Bruno Xosenin əvəzinə meydana daxil olan Roke 18 dəqiqə oynadıqdan sonra Keke ilə əvəz olunmuşdur. Görüş 0-0 hesablı bərabərliklə başa çatmışdır. Görüşdən sonra baş məşqçi Vanderley Luksemburqo oyunçu haqqında "tempi saxlamadığı üçün əvəzləndiyini, amma debüt üçün çox yaxşı təsir bağışladığını" sözlərini işlətmişdir.[7]
2022-ci il mövsümü üçün əsas oyunçulardan biri halına gələn Vitor karyerasında ilk qolunu 20 fevral tarixində Mineyro çempionatı görüşündə "Villa Nova" klubuna qarşı vurmuşdur.[8] Həmin görüşdə komandası rəqibi ilə 2-2 hesabı ilə bərabərə qalmışdır. Üç gün sonra Braziliya Kubokunda "Serjipe" klubuna qarşı görüşdə Roke dublla yadda qalmış və komandası 5-0 hesabı ilə qələbə qazanmışdır.[9]
13 aprel 2022-ci ildə Roke "Atletiko Paranaense" klubu ilə beş illik müqavilə imzalamışdır.[10] Klub oyunçu üçün 24 milyon Braziliya realı sərbəstqalma məbləği təyin etdikdən sonra o, klub tarixinin ən bahalı transferi olmuşdur.[11] Dörd gün sonra Roke klubda debütünü etmişdir. "Atletiko Mineyro" klubuna qarşı Seria A görüşündə Luis Manuel Orexuelanın əvəzinə meydana daxil olsa da, komandası rəqibinə 0-1 hesabı ilə məğlub olmuşdur.[12]
Vitor Furakao üçün ilk qolunu 29 may 2022-ci ildə "Kuyaba" klubuna qarşı oyunda vurmuşdur. Həmin görüşdə yeganə qolun müəllifi olmuşdur.[13] 7 avqust tarixində səfərdə "Atletiko Mineyro" klubunu 3-2 hesabı ilə məğlub etdikləri görüşdə də qolla yadda qalmıdır.[14] Beləliklə, Roke 6-sı Kruzeyro, 7-si isə Atletikoda olmaqla mövsümü 13 qolla başa vurmuşdur.[15]
12 iyul 2023-cü ildə La Liqa təmsilçilərindən olan "Barselona" klubu 500 milyon avroluq sərbəstqalma məbləği ilə 2030-31 mövsümünün sonuna qədər oyunçu ilə müqavilə imzalamışdır.[16] Onun 2024-25 mövsümünün əvvəlində Kataloniya klubuna keçəcəyi gözlənilir.[17]
3 mart 2023-cü ildə Vitor müvəqqəti baş məşqçi Ramon Menezes tərəfindən 25 mart 2023-cü ildə Mərakeş millisi ilə oynanacaq yoldaşlıq oyunu üçün ilk dəfə Braziliya millisinə dəvət almışdır.[18]İbn Bətutə stadionunda keçirilən görüşdə Roke 65-ci dəqiqədə meydana daxil olmuş və milli rəqibinə 1-2 hesabı ilə məğlub olmuşdur.[19]