Vladimir Maslaçenko

Vladimir Nikitoviç Maslaçenko (rus. Владимир Никитович Маслаченко; 5 mart 1936[1]28 noyabr 2010[2], Moskva) — məşhur sovet futbolçusu, milliyətcə ukraynalıdır. SSRİ əməkdar idman ustasıdır (1969). Qapıçı mövqeyində çıxış edib, 1950-ci illərin sonu 1960-cı illərin ilk yarısında SSRİ-nin ən yaxşı qapıçılarından biri olub. Futbolçu karyerasını başa vurduqdan sonra SSRİ-nin, sonralar isə Rusiyanın ən görkəmli idman şərhçilərindən birinə çevrilib. Moskva şəhərində yaşayırdı. Ailəli idi. Bir oğlu və iki qız nəvəsi var idi. Nəvəsi Yulya Maslaçenko hal-hazırda Rusiyanın NTV Sport (НТВ Спорт) televiziya kanalında idman jurnalisti kimi çalışır.

Vladimir Maslaçenko
rus. Владимир Никитович Маслаченко
Doğum tarixi 5 mart 1936(1936-03-05)[1]
Vəfat tarixi 28 noyabr 2010(2010-11-28)[2] (74 yaşında)
Vəfat yeri
Dəfn yeri
Təhsili
  • Rusiya Dövlət Bədən Tərbiyəsi, İdman, Gənclər və Turizm Universiteti[d]
Fəaliyyəti futbolçu, jurnalist, futbol məşqçisi
Fəaliyyət illəri 1953-cü ildən
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

1951-ci ildə "Stroitel"-in gəcnlər komandasına qəbul olunub. 1953-cü ildə Krivoy-Roqun "Spartak" komandasına keçib. 1955-ci ildə Dnepropetrovskun "Metallurq" klubuna dəvət olunub. 1956-cı ildə Moskva "Lokomotiv"-inə keçib və 1957-ci ildə bu komandanın heyətində SSRİ Kubokunun qalibi olub. 1962-cı ildə Vladimir Maslaçenko Moskvanın "Spartak" komandasına keçib və 1969-cu ilə qədər onun heyətində çıxış edib. 1966-cı ildən "Spartak"ın kapitanı olub.

Çıxış etdiyi illər ərzində Vladimir Maslaçenko SSRİ çempionatında 315 oyun keçirib ki, bunlardan 196-sı "Spartak"-ın (Moskva) heyətində olub. SSRİ çempionu (1962-ci il), SSRİ Kubokunun üçqat qalibi (1957, 1963 və 1965), SSRİ birinciliyinin üçqat gümüş mükafatçısı titullarına sahib olub.

1957-ci ildə SSRİ yığmasının heyətinə daxil edilib, 1958-ci ilin Dünya çempionatında və 1962-ci il Dünya çempionatının seçmə oyunlarında və final mərhələsində milli komandanın qapısını qoruyub. Sovet yığmasının qalib gəldiyi 1960-cı il Avropa çempionatında yığmanın heyətində yer alıb. SSRİ yığma komandasının heyətində səkkiz rəsmi və iyirmi yoldaşlıq matçında iştirak edib.

100-dən çox rəsmi oyunda qapısından top buraxmayan qapıçılardan ibarət "Lev Yaşin klubu"nun üzvü olub. 1961-ci ildə "İlin qapıçısı" adına layiq görülüb.

SSRİ əməkdar idman ustasıdır (1969).

1970-ci ildə karyerasını bitirdikdən sonra o idman jurnalistikası sahəsində çalışmağa başlayıb. Şərh etdiyi ən məşhur oyunlar 1988-ci il Olimpiya oyunlarının finalı SSRİ - Braziliya, 1998-1999 mövsümü Çempionlar liqasının finalı Mançester Yunayted - Bavariya, 2004-2005 mövsümü Çempionlar liqasının finalı Milan - Liverpuldur. V.Maslaçenkonun bu oyunlardakı şərhi Rusiyada futbol şərhçiliyinin klassikası hesab edilir. Ölümünə qədər "NTV-Plyus Futbol" telekanalında şərhçi işləyirdi. Son şərh etdiyi oyun 14 noyabr 2010-cu ildə İtaliya çempionatı Seria A-nın 12-ci turu çərçivəsində oynanılmış İnter - Milan derbisidir.

Vladimir Nikitoviç Maslaçenko 28 noyabr 2010-cu il tarixdə ürək çatışmazlığından vəfat edib. Onun xatirəsi 2010-cu il Rusiya çempionatının 30-cu turunun bütün oyunlarının başlamasından əvvəl bir dəqiqəlik sükutla yad edilib.

  1. 1 2 Vladimir Maslachenko // FBref.com (çd.).
  2. 1 2 http://www.championat.ru/football/news-666584.html.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]