Xınıslı dəfinəsi[1] – Azərbaycanın Şamaxı rayonunun Dərə Xınıslı kəndinin yaxınlığında tapılan gümüş sikkə dolu xəzinə. Xəzinə 1958-ci ildə təpədə üzüm plantasiyalarının əkilməsi üçün aparılan təsərrüfat işləri zamanı Xınıslı yaşayış yerinin qalıqları ilə birlikdə tapılmışdır.[2] Xəzinə Bakıda Azərbaycan Tarixi Muzeyində saxlanılır.
Bu tapıntı sayəsində 300-dən çox sikkə tədqiq edilmişdir. Xəzinədə yerli bənzətmə alban sikkələri (72 ədəd) ilə birlikdə, həmçinin Roma İmperiyasına (denari), Afinaya (5 tetradraxma), Frakiyaya (3 tetradraxma), Vifiniyaya (7 tetradraxma), Ponta (1 tetradraxma), Selevkilərə (76 tetradraxma) və Arşakilərə (161 draxma) aid pullar tapılmışdır. Ehtimal olunur ki, xəzinə təxminən e.ə. I əsrin üçüncü rübündə basdırılmışdır.[2]
Xəzinədə olan ən erkən pul Frakiyada Lisimahın (e.ə. 323–281 illər) adından zərb olunan tetradraxmadı, ən qədimi isə III Fraatın (e.ə. 70–58) arşaki draxmasıdır.[2]
Arxeoloji qazıntılarda sikkələrlə yanaşı gümüş bəzək əşyasının qırıntısı (5,52 qr), yastı gümüş lövhəsi (58,74 qr), gümüş külçə (29,96 qr) də tapılmışdır. Belə böyük sayda alban sikkələri ilk dəfə Xınıslı dəfinəsində tapılmışdır. Bu sikkələrin əsasında əvvəllər müxtəlif yerlərdə aşkar edilmiş sikkələrin mənşəyini müəyyən etmək mümkün oldu. Xınıslı xəzinəsi sübut edir ki, Qafqaz Albaniyasında hələ əramızdan əvvəl sikkələr zərb olunurdu və pul dövriyyəsi geniş yayılmışdır.[2]