Selevkilər sülaləsi – Selevkilər dövlətində hakimiyyətdə olmuş çar sülaləsi (e.ə. 312 - 63). Əsası I Selevk Nikator tərəfindən qoyulmuşdur.
Selevk I – e.ə. 321-ci ildə diadoxların yığıncağında (Babilistan) Makedoniyalı İsgəndərin ən qabiliyyətli sərkərdələrindən birinə – I Selevkə çatmışdır. Digər diadoxlarla uzun sürən mübarizə nəticəsində e.ə. 312-ci ildə Selevk qəti olaraq Babilistanda möhkəmləndi, öz çarlığını və Selevkilər sülaləsini yaratdı.
Selevkilər dövləti – Makedoniyalı İsgəndərin ölümündən sonra meydana gəlmiş ən böyük dövlət. E.ə. 321-ci ildə diadoxların yığıncağında Babilistan İsgəndərin ən qabiliyyətli sərkərdələrindən biri olan Selevkə verildi. Digər diadoxlarla aparılan uzunsürən mübarizələr nəticəsində e.ə. 312-ci ildə Selevk Babilistanda daha da möhkəmləndi və öz çarlığını yaratdı. Bu dövrdən etibarən Şərqdə min ildən artıq müddətdə istifadə olunan Selevkilər erası (burada o səhvən “İsgəndər erası” adlandırılırdı) başlandı. Midiya, İran, Mesopotamiya, Şimali Suriya, Kiçik Asiyanın bir hissəsi, habelə Hindistan Selevkilər dövlətinə daxil idi. Amma Hindistan ərazilərini Selevk hələ e.ə. IV əsrin sonlarında itirmişdi. I Selevk Makedoniyaya etdiyi hərbi yürüş zamanı həlak olmuşdur. Onun varisləri – Selevkilər bu və ya digər dövlətlərlə fasiləsiz müharibələr aparmışlar. Selevkilərin əraziləri ən bacarıqlı ellin hökmdarlarından olan III Antioxun (e.ə. 223 - 187) hakimiyyəti illərində genişlənmişdir. Onun siyasətinin xüsusiyyəti təkcə yunanlara deyil, həm də qədimdən mövcud olan şəhər özünüidarə qaydalarına arxalanmasında idi ki, bu da öz növbəsində geniş xalq kütlələri arasında onun dəstəklənməsi ilə nəticələndi. III Antioxun ordusunda yunan və makedoniyalılardan başqa, onun dövlətinə daxil olan çoxsaylı tayfa və xalqların nümayəndələri də vuruşurdu. O, Kiçik Asiyada yeni ərazilər ələ keçirdi, rəqibi – Baktriya çarı Evtidem üzərində qələbələr çaldı. Makedoniya ilə ittifaqa girən III Antiox Suriyanın cənub hissəsini, Finikiyanı və Fələstini ələ keçirdi. Lakin az sonra Roma Aralıq dənizinin şərq bölgəsinin işlərinə müdaxilə etdi. E.ə. 190-cı ildə Maqneziya (Kiçik Asiya) yaxınlığındakı məğlubiyyəti nəticəsində romalılar Kiçik Asiya ərazilərinin bir hissəsini III Antioxun əlindən alırlar. Ermənistan Selevkilərdən müstəqillik əldə edir, Dəclə çayının arxa tərəfi parfiyalılar tərəfindən tutulur. III Antioxun oğlu iki dəfə Misirə soxulur və e.ə. 168-ci ildə Misir İsgəndəriyyəsini mühasirəyə alır. Amma Roma elçisi IV Antioxdan tələb edir ki, ləngimədən Misirdən çıxıb getsin və Antiox qoşunlarını buradan çıxarır. IV Antiox Şərq yürüşlərindən birində həlak olandan sonra romalıların tələbi ilə Selevkilərin hərbi donanması ləğv edilir və bütün döyüş filləri öldürülür. Nəticədə isə Selevkilər dövlətinin hərbi qüdrəti sarsılır. E.ə. 129-cu ildə parfiyalılar tərəfindən məğlub edilən Selevkilər dövlətinin ərazisi Suriya ilə məhdudlaşır. E.ə. 63-cü ildə Selevkilərin əlində qalmış sonuncu bölgə olan Suriya da romalılar tərəfindən ələ keçirilir və Romanın əyalətinə çevrilir.
Diadoxlar (yun. “xələf”, “varis”) – Makedoniyalı İsgəndərin varisləri – böyük sərkərdələr və onun yaxın davamçıları. Makedoniyalı İsgəndərin ölümündən sonra diadoxlar öz aralarında hakimiyyət uğrunda mübarizəyə başladılar və son nəticədə onun dövlətini öz aralarında bölüşdürdülər.