Xəyyam Əlixan oğlu Əliyev (17 dekabr 1990; Əmircan, Suraxanı rayonu, Bakı, Azərbaycan — 30 noyabr 2021; Xızı rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin Sərhəd Qoşunlarının kapitanı və pilotu. 30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhid olmuşdur.
Xəyyam Əliyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Əmircan, Suraxanı rayonu, Bakı, Azərbaycan |
Vəfat tarixi | (30 yaşında) |
Vəfat yeri | Xızı rayonu, Azərbaycan |
Dəfn yeri | Əmircan, Suraxanı rayonu, Bakı, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Atası | Əlixan Əliyev |
Anası | Nailə Əliyeva |
Təhsili | Milli Aviasiya Akademiyası |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Sərhəd Qoşunları |
Xidmət illəri | 2008—2021 |
Rütbə | Kapitan |
Təltifləri |
Xəyyam Əliyev 17 dekabr 1990-cı ildə Bakı şəhərinin Suraxanı rayonunun Əmircan qəsəbəsində Əlixan Əliyevin və Nailə Əliyevanın ailəsində anadan olmuşdur.[1] 1996-2007-ci illərdə Bakı şəhəri 154 saylı tam orta məktəbdə orta təhsil almışdır. 2007-2011-ci illərdə Milli Aviasiya Akademiyasında ali təhsil almışdır. Ailəli idi, Əlixan adlı oğlu yadigar qaldı.
Xəyyam Əliyev ali təhsilini aldıqdan sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhər Suraxanı rayon idarəsi tərəfindən hərbi xidmətə çağırılmışdır. Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının tərkibində "leytenant" rütbəsində xidmətinə başlamışdır. Xidmət illərində "kapitan" rütbəsi almışdır.
30 noyabr 2021-ci ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi helikopteri Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğramışdır.[2] İlkin məlumatlara görə, helikopterin qəzaya uğraması nəticəsində 14 nəfər həlak olmuş, 2 nəfər isə yaralanmışdır.[3][4] Hadisə zamanı kapitan Xəyyam Əliyev şəhid olmuşdur. Onunla və şəhid olan 13 zabitlə ertəsi gün Sərhədçi İdman Olimpiya Mərkəzində vida mərasimi keçirilmiş,[5][6] Xəyyam Əliyev doğulduğu Əmircan qəsəbəsində dəfn olunmuşdur.[7]
Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsinin təmin edilməsində, ərazi bütövlüyünün qorunub saxlanılmasında və sərhəd mühafizə orqanları qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 17.08.2022-ci il tarixli Sərəncamına əsasən Xəyyam Əliyev ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilmişdir.[8]