Xəzər parandrası

Xəzər parandrası (lat. Caspian parandra) — Azərbaycan Respublikasının qırmızı kitabına düşmüş böcək, Sərtqanadlılar dəstəsinə, Uzunbığ böçəklər fəsiləsinə aid növ. Təhlükə həddinə yaxınlaşır, yaxın gələcəkdə təhlükəli vəziyyətə düşə bilər. Cinsin yeganə nümayəndəsidir. Azərbaycanın endemikidir.

Xəzər parandrası
Elmi təsnifat
Beynəlxalq elmi adı
  • Parandra caspia

Böcək şabalıdı və ya qırmızımtıl – qəhvəyi rəngdədir, qanadüstlükləri çox parlaqdır. Bədəni bir qədər yastılaşmış formada olub, uzunluğu 12 –36 mm-dir. Bığcıqları qısadır, mandibulaları erkək fərdlərdə dişilərinkinə nisbətən daha irirdir və çox əyilmişdir. Pəncələri 5 buğumludur, 3-cü buğum enliləşməmiş və parçalanmamışdır. Bu da primitivlik xüsusiyyətidir.[1]

Talış, Şimali - Qərb İran (Elburus dağı), Lənkəran bölgəsinin dağları (dəniz səviyyəsindən 35 m-dən – 1000 m-dək yüksəkliklərdə) və Xəzər dənizi sahili boyunadakı ovalıqları.

1916-cı ildə M.Şidlovski tərəfindən Lənkəranda 8 fərd, 1926-cı ildə V.Nazarova tərəfindən 4 fərd, 1929-cu ildə K.Predum tərəfindən 10 fərd, 1936-cı ildə A.V.Boqaçev tərəfindən 15 fərd, həmin ildə K.Predum tərəfindən 7 fərd, 2010-cu ildə İ.Q.Kərimova tərəfindən Hirkan Milli Parkında 2 fərd qeydə alınmışdır.

Söyüd, qovaq, cökə, palıd, qızılağac və s. Ağaclar bitən meşə sahələri. Generasiyası 3 illikdir. Yetkin fərdlər həm dağlıq meşələrdə, həm də Xəzəryanı ovalığın meşə sahələrinə rast gəlinir. Müxtəlif çürümüş ağacların nəm, ölü oduncağı içərisində yaşayır, gecələr buranı tərk edir. Böcəklərin uçuşu maydan avqustadək olur. Yumurtalarını çıxdıqları yolların divarlarına qoyurlar. Yumurtanın inkişafı iki həftəyə qədər davam edir. Sürfələri zəifləmiş oduncaq qatlarında yaşayır.[2] Təbii düşmənləri və xəstəlikləri məlum deyil.

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Hirkan Milli Parkına daxil edilməmiş ərazilərdə böcəyin yaşayış yerlərində qurumuş, çürümüş ağacların kəsilməsi məhdudlaşdırıcı amillərdəndir. Kolleksiyaçılar tərəfindən tutulması da Xəzər parandrasının sayına mənfi təsir göstərir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Xəzər parandası Hirkan Milli Parkında qorunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

[redaktə | mənbəni redaktə et]

Hirkan Milli Parkına daxil edilməmiş ərazilərdə də böcəyin yaşayış yerlərini qorumaq lazımdır. Xəzər parandrası çürümüş kötüklərin içərisində yaşadığına görə həmin ərazilərdən belə kötükləri çıxarmaq qadağan edilməlidir. Yaşayış ərazilərində say uçotu aparmaq üçün hər il monitorinqlər təşkil etmək lazımdır.

  1. Плавильщиков Н.Н. Жуки-дровосеки. Фауна СССР. Насекомые-жесткокрылые, т. XXI, ч. 1, М.-Л., Изд-во АН СССР, 1936, 611 с.;
  2. Azərbaycan Qırmızı Kitabı II cild, 2013
  1. Плавильщиков Н.Н. Жуки-дровосеки. Фауна СССР. Насекомые-жесткокрылые, т. XXI, ч. 1, М.-Л., Изд-во АН СССР, 1936, 611 с.;
  2. Плавильщиков Н.Н. Жуки-дровосеки. Фауна СССР, Жесткокрылые, ч. 23, вып. 1, М.-Л., Изд-во АН СССР,1958, 591 с.;
  3. Богачев А.В.Животный мир Азербайджана. Академия Наук Азербайджанской ССР, Баку, 1951, с. 271 - 373; 4. Данилевский М.Л., Мирощников А.И. Жуки-дровосеки Кавказа (Coleoptera, Cerambycidae). Опеделитель. Краснодар, 1985, с. 94.
  4. Azərbaycan Qırmızı Kitabı II cild, 2013