Sərtqanadlılar

Sərtqanadlılar (lat. Coleoptera) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinə aid heyvan dəstəsi. Bu dəstənin başqa dəstələrin nümayəndələrindən fərqləndirən ən mühüm əlamətlərindən biri — onların qanadlarının quruluşudur ki, bu da dəstənin adında öz əksini tapmışdır. Qanadüstü adlanan yuxarı cüt qanadlar, demək olar ki, həmişə sərt, çoxt vaxt qabarıq, az və ya çox dərəcədə iri qabarlar və ya çuxurlarla örtülmüş və ya uzununa qabırğalarla zolaqlanmışdır ki, bu da onlara daha çox möhkəmlik verir. Qanadüstləri tısbağa zirehi kimi daha zərif, şəffaf və ya yarımşəffaf qanadları örtür. Bunların köməyilə böcəklər uçur. Ancaq elə növlər, cinslər, hətta fəsilələr də vardır ki, onlarda qanadlar bitişmiş, alt qanadlar reduksiya olunmuşdur və bu böcəklər uçmur. Dinclik halında qanadlar elə yığılır ki, qanadüstləri onları tamamilə örtür. Uçmazdan əvvəl böcək qanadüstlərini qaldırır, qanadlarını açır, az və ya çox vızıltı ilə havaya qalxır.[3]

Sərtqanadlılar
Elmi təsnifat
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Ranqsız:
Aləm:
Yarımaləm:
Tipüstü:
Ranqsız:
Ranqsız:
Yarımtip:
Ranqsız:
Yarımsinif:
İnfrasinif:
Ranqsız:
Dəstə:
Sərtqanadlılar
Beynəlxalq elmi adı

Xarici quruluşu

[redaktə | mənbəni redaktə et]

Böcəklərin əksəriyyəti parlaq və rəngarəng boyanmışdır. Onlardan bəziləri mavi, metal parlaqlı yaşıl və ya bənövşəyidir. Bir çox böcəklərin, xüsusilə orta və kiçiklərin bədən səthi az və ya çox dərəcədə sıx tükcük və ya pulcuqlarla örtülmüşdür.[4] Uçan böcəklərin qanadüstlərində tükcüklər olmur. Bəzi böcəklər rənginə və bədən formasına görə başqa cücülərə, xüsusən zəhərli və yeyilməyən cücülərə bənzəyir. Böcəklərin bir çox növləri bədənin müxtəlif yerlərində müxtəlif, tez-tez olduqca parlaq təsvirlərə malikdirlər.

Böcəklərin bədəni, bütün digər həşəratlar kimi, üç əsas hissədən ibarətdir: baş, döş və qarıncıq. Bədəni əsasən oval, uzun-oval və ya uzanmış, güclü sklerotlaşdırılmış örtüklər və onların əlavələri ilə xarakterizə olunur.[4] Başı baş kapsulu (təkamül prosesi zamanı bədənin bir neçə seqmentinin və akronun birləşməsi ilə formalaşmış və dairəvi bir formaya malikdir) və əlavələrdən (ağız orqanları və bığcıqları) ibarətdir. Başın yanlarında bir cüt faset göz yerləşmişdir. Ancaq mağaralarda tam qaranlıqda yaşamağa uyğunlaşmış növlərdə gözlər öz əhəmiyyətini itirmiş orqanlar kimi reduksiya olunmuşdur.[5] Gözlərdən qabaqda bığcıqlar yerləşmişdir. Böcəklərin böyük əksəriyyətində onlar 11 buğumlu olub, forma və uzunluğuna görə müxtəlifdir. Formasına və ölçüsünə görə eyni buğumlardan ibarət olan bığcıqlar sapşəkilli adlanır. Bəzən son buğumların bir hissəsi qalınlaşaraq sancaq əmələ gətirir. Bəzi növlərdə hər buğumda tikanvari artım olur və bütövlükdə bığcıq darağı xatırladır (daraqşəkilli bığcıq).[5] Böcəklərin ağız orqanları gəmiricidir, özü də qidanı xırdalamağın əsas yarağı kimi üst çənələr (çeynəyici və mandibullar) çıxış edir.[6] Böcəklərin önkürəyi çox müxtəlif formalarda olur, bəzən onun üzərində tikanlar və itiuclu çıxıntılar yerləşir. Önkürək döş seqmenti adlanan 3 seqmentdən ibarətdir: ön-, orta- və arxadöş. Bel tərəfdən orta- və arxadöşlə qanadüstləri və qanadlar birləşir. Bunların tikişləri döş tərəfdən yaxşı sezilir, bel tərəfdən isə tamamilə qovuşuqdur. 3 döş seqmentinin hər birinə bir cüt ayaq birləşir. Bir sıra növlərdə bunlar qaçış, budaqlara çıxmaq, qazmaq, ovunu tutmaq (yırtıcılarda) və ya üzmək üçün uyğunlaşmış güclü ətraflardır. Ayaqlar uzun (karabidlər, bəzi qızılböcəkləruzunbığlar) və ya gödək olur. Pəncələrdə buğumların sayı 3-dən 5-ə qədər dəyişir, ancaq həmişə sonuncu buğum tutucu caynaqla təchiz olunmuşdur ki, bu da böcəklərə üfüqi səthdə beli aşağı və istənilən başqa vəziyyətdə durmağa imkan verir. Bəzən caynaqları əmziklər əvəz edir. Ayaqlarda həmişə iti tikanlar və tükcüklər olur ki, bunların sayı və yerləşməsi sistematikada əhəmiyyət kəsb edir.

Titanus giganteus

Böcəklərin ölçüsü 0,3–150 mm arasında dəyişir. Dünyadakı ən böyük böcəklərdən biri Cənubi Amerikada Titanus giganteus sayılır, uzunluğu 167 mm-ə çatır, və bəzi təsdiqlənməyən mənbələrə görə, hətta 210 mm-ə qədər.[7] Ən böyük böcəklərdən biri də Macrodontia cervicornis, maksimum uzunluğu 169 mm-ə catır, orta uzunluq 130–155 mm-dir. Ardınca Dynastes neptunus növü gəlir, uzunluğu 158 mm, orta uzunluq 110–135 mm.[8] Xixuthrus heros da beş ən böyük böcək arasındadır, uzunluğu 155 mm-ə çatır.[9] NDB-də ən iri böcək — mühafizə altına götürülmüş relikt olan uzunbığ böcəyidir, uzunluğu 85–108 mm-ə çatır. Azərbaycanda ən iri böcək — Qafqaz karabidi, uzunluğu 50 mm-ə çatır.

Daxili quruluşu

[redaktə | mənbəni redaktə et]

Böcəklərin daxili strukturu həşəratlar sinifinin bütün üzvləri üçün tipikdir.[10] Həzm sistemi ön, orta və arxa bağırsaqdan ibarətdir. Ön bağırsaq ağız boşluğu ilə başlanır. Udlaq, güclü şəkildə genişlənib çinədan əmələ gətirə bilən bir qida borusuna aparır. Orta bağırsaqda əsasən qidanın həzm olunması, arxa bağırsaqda isə həzm olunmuş qidanın və suyun sorulması baş verir.[10] Mərkəzi sinir sistemi baş beyin (udlaqüstü düyün) və qarın sinir zəncirindən ibarətdir. Qan-damar sistemi zəif inkişaf etmişdir, perikardial sinusda yerləşən bel qan damarı ilə təmsil olunmuşdur. Onun arxa hissəsi bir sıra ardıcıl kameralardan ibarət olan ürək ilə, ön hissəsi isə aorta ilə təmsil olunur. Qanhemolimfa, bədən boşluğunda sirkulyasiya edib, bütün orqanları yuyur. Hemolimfa xüsusi döyünən ürək vasitəsilə hərəkətə gətirilir. Tənəffüz sistemi bir neçə cüt stiqma vasitəsilə bayıra açılan traxeya ilə təmsil olunur.[10] Böcəklərin ifrazat sistemi malpigi boruları və perikardial hüceyrələrdən ibarətdir.

Çoxalması və inkişafı

[redaktə | mənbəni redaktə et]
Sərtqanadlıların həyat dövrü

Böcəklər müxtəlif cinslidir və çox vaxt onlarda kəskin fərqlənən cinsi dimorfizm müşahidə olunur. Bu hər şeydən əvvəl erkəklərin kiçik, yaxud hər iki cinsin tamamilə başqa rəngdə olmasında və yaxud da daha mühüm əlamətlərlə təzahür edir.[11] Böcəklərin ontogenezi iki mərhələdən-embrional və postembrional inkişafdan təşkil olunmuşdur. Embrional inkişafı yumurta fazasını, postembrional isə yumurtadan sürfənin çıxışından sonra yetkin faza-imaqonun formalaşdığı fazaya qədərki dövrü əhatə edir. Embrional inkişaf yumurtanın bölünməsi ilə başlanır. Bu zaman çox sayda, blastulanı formalaşdıran hüceyrələr əmələ gəlir. Sonradan qastrula mərhələsi başlanır və rüşeym vərəqləri-ektoderma, mezoderma və entoderma inkişaf edir. Postembrional inkişaf sürfənin yumurtadan çıxması ilə başlanır.[12] Böcəklərin özləri kimi, sürfələri də bədən formasına və həyat tərzinə görə çox rəngarəngdir. Onlar ən müxtəlif mühitlərdə-torpağın altında, çürüntüdə, torpağın üstündə, yarpaqlar və oduncaq üzərində, suda yaşayırlar. Bədənin rəngi yaşama mühitindən asılıdır. Açıq yaşayan sürfələr fəal hərəkət edir və çox vaxt əlvan rəngli olur. Bir neçə qabıqdəyişmələrdən sonra yetkin fərd formalaşır. Sürfənin yetkin fərdə kimi inkişafı prosesində baş verən morfoloji dəyişikliklər metamorfoz kimi xarakterizə olunur. İnkişafı tam çevrilmə ilə gedən böcəklər Holometabola qrupuna aiddirlər. Holometamorfozun fazaları-yumurta, sürfə (və ya tırtıl), pup və yetkin fərddir.[12]

Böcəklər dünyanın hər tərəfində, Antarktika, Arktikanın buzlaq zonası və ən yüksək dağlıq zirvələri xaricində yayılır. Ən zəngin dəstə tropik bölgələrdə təmsil olunur. Yayılma sahəsi daxilində böcəklərə demək olar ki, her yerdə rast gəlmək olar. Əksər növləri quruda, torpaqda, xəzəllərin altında, bitkilərdə yaşayır. Bir hissəsi su həyat tərzinə keçmişdir.

Böcəklərin müasir təsnifatında dörd yarımdəstə fərqləndirilir: archostemata, myxophaga, adephaga, polyphaga. Birincilər, nadir halda rast gəlinən, azsaylı, yumşaq elitralara malik və pedoqenetik növlərdir. Miksofaqlar aydın şəkildə yeri məlum olmayan və səciyyəvi xüsusiyyətləri tam öyrənilməmiş böcəklərdir. Adefaqlar yırtıcılardır, polifaqlar isə müxtəlif qida ilə qidalanan böcək növləridir. Azərbaycanda böcəklər dəstəsi iki yarımdəstə-yırtıcı böcəklər (Adephaga) və müxtəlif qida ilə qidalananlar (Polyphaga) ilə təmsil olunmuşdur. Yırtıcı böcəklər dörd, polifaqların isə 42 fəsiləsi müəyyənləşmişdir.

  1. Integrated Taxonomic Information System (ing.). 2011.
  2. Ślipiński S. A., Leschen R. A. B., Lawrence J. F. Order Coleoptera Linnaeus, 1758. // Animal Biodiversity: An Outline of Higher-level Classification and Survey of Taxonomic Richness / red. Z. Zhang 2011. C. 3148, burax. 1. S. 203–208. ISBN 978-1-86977-849-1, 978-1-86977-850-7
  3. "Arxivlənmiş surət" (PDF). 2022-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-22.
  4. 1 2 "Arxivlənmiş surət". 2022-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  5. 1 2 "Arxivlənmiş surət". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  6. "Arxivlənmiş surət". 2021-12-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  7. "Arxivlənmiş surət". 2020-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  8. "Arxivlənmiş surət". 2017-06-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  9. "Arxivlənmiş surət". 2019-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  10. 1 2 3 "Arxivlənmiş surət" (PDF). 2022-03-09 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-10-22.
  11. "Arxivlənmiş surət". 2022-03-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  12. 1 2 "Arxivlənmiş surət". 2022-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-10-22.
  • Azərbaycanın heyvanlar aləmi. II cild. Bakı: "Elm",2004; səh. 158–160.