XYZ işi

Siyasi vəziyyəti təsvir edən Britaniya karikaturası: Şəkildə qadın ABŞ-ni, onu talamaq istəyən biri frigiya papağında olan beş fransız isə inqilabi Fransa Respublikasını təmsil edirlər. Sağda təsvir olumuş bir qrup şəxs digər Avropa dövlətlərinin nümayəndələrinə, təpənin başında oturub gülən Con Bull isə Böyük Britaniyaya işarədir.

XYZ işi (eng.XYZ Affair) - 1797-1798-ci illər, Con Adamsın prezidentliyinin ilk dövrlərində ABŞFransa Respublikası arasında elan edilməmiş Kvazi Müharibəyə səbəb olan siyasi və diplomatik hadisədir. Bu iş öz adını ABŞ-nin dövlət sənədlərində fransız diplomatları Hottinguer, Bellamy və Hauteval-ın müvafiq olaraq X, Y, Z adlandırılmasından götürüb.

1797-ci ilin iyulunda Amerika diplomatik heyəti müharibə təhlükəsini danışıqlar yolu ilə həll etmək məqsədilə Fransaya göndərilir. ABŞ diplomatları Çarlz Koutsuort Pinkni, Con MarşalElbric Cerriyə qeyri-rəsmi yolla Fransanın Xarici İşlər Naziri Taleyranın agentləri tərəfindən danışıqlara başlamazdan əvvəl rüşvət ödəməli olduqları barədə xəbərdarlıq edilir. Baxmayaraq ki, belə tələblər həmin dövr Avropa diplomatiyası üçün yad deyildi, amerikalılar razı olmayaraq Fransanı tərk edirlər. Elbric Cerri müharibədən yayınmaq üçün bütün vasitələri sınamaq istədiyinə görə komissiyanın iki üzvündən sonra bir neçə ay da Fransada qalır. Lakin onun Taleyranla danışıqları heç bir səmərə vermir.

Danışıqların belə uğursuzluqla nəticələnməsi ABŞ-də diplomatik burulğan yaradır. Bu hadisə elan edilməmiş Kvazi Müharibəyə (1798-1800) gətirib çıxarır.

ABŞ diplomatik heyətinin başçısı Çarlz Koutsuort Pinkni

Tarixi şərait

[redaktə | mənbəni redaktə et]

1789-cu il böyük Fransa İnqilabından sonra Corc Vaşinqtonun rəhbərlik etdiyi ABŞ hökuməti ilə yeni yaranmış Fransa Respublikası arasında münasibətlər mürəkkəbləşir. Avropa dövlətləri Fransanı dəstəklədiyi halda Vaşinqtonun ABŞ-nin bitərəfliyini elan etməsi vəziyyəti çətinləşdirmişdi.[1] Fransa ilə ABŞ arasında yaranan gərginlik iki siyasi qruplaşmanın yaranmasına səbəb olur. Daha sərt mövqe tutan federalistlər müdafiə vasitələrini gücləndirməyi tələb etsələr də müharibə tərəfdarı deyildilər. Respublikaçılar isə fransız inqilabçılarının respublika ideyalarını dəstəkləyirdilər.[2]

Diplomatik heyətin tərkibi

[redaktə | mənbəni redaktə et]

1797-ci il may ayının sonlarında Con Adams Fransa ilə münasibətlərin müzakirəsi və diplomatik heyətin seçilməsi üçün müşavirə çağırır. Adams Çarlz Koutsuort Pinkni, Con MarşalElbric Cerrinin namizədliyi təklif etsə də, müşavirə üzvləri Cerrinin seçilməsinə etiraz edirlər. Səbəb kimi isə onun qətiyyətli federalist olmadığını göstərirdilər.Cerrinin əvəzinə Fransiz Dana seçilir, lakin o, bu işdən imtina edir. Adams hökumət üzvləri ilə məsləhətləşmədən Amerikada iki ən qərəzsiz insandan biri (digəri özü idi) hesab etdiyi Elbric Cerrinin namizədliyini ABŞ senatına təqdim edir.[3] Marşal Pinkniyə qoşulmaq üçün iyulun ortaları Avropaya gedir, bir neçə həftə sonra isə Cerri ABŞ-ni tərk edir.[4] Diplomatların fərqli yanaşmaları danışıqlara cəhd zamanı ortaya çıxır. Çarlz Koutsuort Pinkni və Con Marşal fedralist olduqları və fransızlara inanmadıqları halda Elbric Cerri daha qərəzsiz və sakit mövqe nümayiş etdirirdi.[5]

Fransanın xarici işlər naziri Şarl Moris de Taleyran-Periqor

Böyük Fransa İnqilabının ən böyük uğuru kimi 1792-ci ildə yaranan Fransa Respublikasını 1797-ci ilə qədər icraedici funksiyanı yerinə yetirən 5 üzvdən ibarət Direktoriya idarə edirdi.[6] 1797-ci ilin iyulunda Şarl Moris de Taleyran-Periqor Fransanın Xarici İşlər Naziri təyin olunur.[7] Həyatının bir neçə ilini ABŞ-də keçirən Taleyranı ABŞBöyük Britaniya arasında yaranan sıx əlaqələr narahat edirdi. Direktoriya üzvləri və Taleyran Adamsı öz maraqlarına təhlükə kimi görsələr də, bu ziddiyyətin müharibəyə səbəb olacağını gözləmirdilər.[8]

Oktyabrın əvvəlləri Parisə çatan diplomatik heyət dərhal Taleyranla görüşmək üçün müraciət edir. İlkin görüşdə Taleyran yalnız nümayəndələrin səlahiyyətlərini təsdiq edən sənədlərlə tanış olur[9] və bir həftə sonraya ikinci görüş təyin olunur.

İlkin görüşlər

[redaktə | mənbəni redaktə et]
Elbric Cerri

Əsas görüşdən əvvəl bir neçə qeyri-rəsmi kiçik görüşlər baş tutur. ABŞ tərəfindən idarə olunan holland bankının işçisi ingilis Nikolas Habard (ABŞ dövlət sənədlərinə onun şəxsiyyəti W hərfi ilə işarələnib) Çarlz Pinkniyə şərəfli insan kimi təsvir etdiyi baron Jan Konrad Hottinguer-in onunla görüşmək arzusunda olduğunu xəbər verir.[10] Pinkni razılaşır və növbəti axşam onlar görüşür. Danışıqlar zamanı Hottinguer (X) fransız hökumətinə böyük məbləğdə borc və Taleyrana £50.000 rüşvət verilməsini tələb edir.[11] Həmin dövrdə digər dövlətlərin nümayəndələrinin Taleyrana rüşvət verməli olduqları geniş yayılmış hal olsa da[12] , ABŞ diplomatik heyəti bundan imtina etdi. Daha sonra Hottinguer onları Taleyranın yaxın çevrəsindən olan Pier Belamy (Y) ilə tanış edir.[13] Belamy Taleyranın görüş şərtlərini izah edir və diplomatik nümayəndələrin böyük məbləğdə pul ödəməli olduqlarının vacibliyini vurğulayır, lakin istəyinə çata bilmir.

Jan Konrad Hottinguer

Vəziyyətin mürəkkəbləşdiyini görən Taleyran Elbric Cerri ilə görüşmək üçün Lusien Hautevalı (Z) göndərir.Onlar bir-birlərini 1792-ci ildə Bostonda keçirilən görüşdən tanıyırdılar. Hauteval Cerrini inandırırdı ki, Taleyran sülh tərəfdarıdır, tələb olunan isə yalnız borc və rüşvəti verməkdir.[13]

Bir həftə sonra Hottinguer və Belamy ABŞ diplomatları ilə yenidən görüşərək əvvəlki şərtləri irəli sürür, qəbul edilməyəcəyi halda isə ABŞ-ni Avropa dövlətləri ilə sülh münasibətlərini yenicə bərpa edən Fransa ordusunun hücumu ilə hədələyirdilər. Bu zaman Pinkni öz məşhur cavabını verir: “Yox, yox, heç altı penni də yox!”[14] Noyabrın 1-i diplomatik heyət qeyri-rəsmi yolla baş tutan bütün danışıqları rədd edir. Bu uğursuz görüş sonralar ABŞ-də siyasi müzakirə mövzusuna çevrilir.[14]

Sonrakı danışıqlar

[redaktə | mənbəni redaktə et]

Bir neçə aydan sonra Taleyran yenidən diplomatlarla görüşmək və onlara təsir etmək üçün nümayəndələr göndərir.[14] Cerri Hautevala onun rəsmi səlahiyyəti olmadığı üçün daha görüşmək istəmədiklərini bildirir. Bunu görən Taleyran 1797-ci ilin noyabrında diplomatlarla nahar yeməyi zamanı görüşür və onların rüşvət verməkdən imtina etmələrini tənqid edir.[15]

Noyabrın sonları Taleyran digər iki diplomatdan xəbərsiz Cerri ilə danışıqlara başlayır. Münaqişəni dinc yolla həll etmək istəyən Cerri Taleyranın yemək dəvətində iştirak etməyi planlaşdırır. Lakin Pinkni və Marşal Cerriyə inamsızlıq nümayiş etdirirlər və məsələ daha da mürəkkəbləşir. Diplomatlar Taleyranın vasitəçiləri ilə istənilən şəxsi görüşmələri rədd edirlər.[16]

Con Marşal

Tədricən diplomatik heyət iki qrupa ayrılır: Federalistlər Pinkni və Marşal danışıqların əleyhinə çıxsa da, Cerri davam etdirməyin tərəfdarı olur. Bu fikir ayrılığından Taleyran da xəbərdar olur.

Martda diplomatlar Taleyranla qeyri-rəsmi olaraq yenidən görüşürlər, lakin vəziyyətin çıxılmaz olduğu hər iki tərəfə məlum idi.[17] Danışıqların təkcə Cerri ilə aparıladığını görən Pinkni və Marşal apreldə Fransanı tərk edirlər.[18][19] Cerri də digərləri ilə həmrəy olsa da Taleyranın onun Fransadan gedəcəyi halda Direktoriyanın ABŞ-yə müharibə elan edəcəyi hədəsindən sonra qalmalı olur. Cerri müharibənin başlanması təhlükəsini real saymırdı. Belə ki, o, ABŞ-nin Hollandiyadakı səfiri Uilyam Vans Murreyə yazdığı məktubda göstərirdi ki, ağılsızlıqdan başqa heç bir şey Fransanı müharibə başlatmağa vadar edə bilməz.[20]

Cerri Taleyranla sonrakı danışıqları qətiyyətlə rədd edir, özünün səlahiyyətli başqa şəxslə əvəz olunmasını [20]Parisi tərk edərkən təhlükəsizlik tədbirlərinin görülməsini Adamsdan xahiş edir.[21] Taleyran Haaqaya Uilyam Vans Murrey və Elbric Cerri ilə yenidən danışıqlar aparmaq üçün nümayəndələr göndərir, lakin Cerri 1798-ci ilin oktyabrında ABŞ-yə qayıdır.[22]

ABŞ-nin siyasi mövqeyi

[redaktə | mənbəni redaktə et]
Uilyam Vans Murrey

ABŞ diplomatları Avropada olarkən Adams danışıqların səmərə vermədiyi hallarda mümkün seçimləri müqayisə edirdi. Dövlət məmurları əsgərlərin sayının artırılması ilə ordunun gücləndirilməsini, yeni gəmilərin inşa edilməsini təklif edirlər. Diplomatik heyətin uğursuzluğu tezliklə Konqresə məlum olur, lakin Adams müharibə təhlükəsini alovlandırmamaq üçün rüşvətin tələb edilməsini gizlədir.Bu məsələyə münasibətlə bağlı hökumət 2 qrupa ayrılır: general Çarlz Li və dövlət katibi Timoti Pikerinq müharibə elan edilməsinin əleyhinə çıxırlar.[23] Demokratik-Respublikaçılar Adamsı Fransanın mövqeyini şişirtməkdə təqsirləndirir, onun müharibə tərəfdarı olması fikrini irəli sürürlər.

Münaqişələrin hökm sürdüyü bir dövrdə Konqres 12 friqatın birləşməsi əmrini verir və digər döyüş hazırlıqlarına başlayır. 1798-ci il iyulun 7-də Konqres Müttəfiqlik Sazişini (1778) ləğv edir[24] və iki gündən sonra fransız döyüş gəmilərinə hücum əmri verilir.[25]

Fransanın siyasi mövqeyi

[redaktə | mənbəni redaktə et]

Hadisələrin belə cərəyan etdiyini görən Direktoriya dərhal danışıqlarda rolunun müəyyənləşdirilməsi məqsədilə Taleyranı çağırır. O, adları Cerrininin köməyi ilə aşkar olan bütün qeyri-rəsmi vasitəçilərlə olan əlaqələrini inkar edir.[26]

İki dövlət arasında gərgin vəziyyət və Kvazi Müharibənin başlamasından sonra Taleyran başa düşür ki, o, ABŞ diplomatları ilə münasibətdə səhvə yol verib. Cavab olaraq Taleyran Uilyam Vans Murrey vasitəsilə danışıqlar aparmaq üçün yeni nümayəndələrin göndərilməsini Adamsa təklif edir. Nəticədə 1800-cü ilin sentyabrında Mortefontaine sülh müqaviləsi imzalanır.[27] Fransa tərəfindən nümayəndə kimi 1799-cu ilin noyabrında 18 brümer çevrilişindən sonra Direktoriya üzərində hakimiyyəti ələ keçirən Napoleon Bonapart, ABŞ tərəfindən artıq dövlət katibi olmuş Con Marşal çıxış edirdi. Müqavilə 1801-ci ilin sentyabrında ABŞ Senatı tərəfindən ratifikasiya olunur.[28]

Maraqlı faktlar

[redaktə | mənbəni redaktə et]

2002-2009-cu illərdə Bruklində XYZ işi adlı amerikan indi-rok qrupu fəaliyyət göstərib.

  1. Ferling, pp. 337–338
  2. Elkins and McKitrick, pp. 546–555
  3. Ferling, p. 345
  4. Elkins and McKitrick, p. 556
  5. Billias, p. 267
  6. See Doyle, ch. 14 for details on the French Constitution of 1795.
  7. Stinchcombe (1977), pp. 593–594
  8. Stinchcombe (1977), pp. 594–595
  9. Stinchcombe (1977), pp. 596–597
  10. Stinchcombe (1977), p. 597
  11. Stinchcombe (1977), p. 598
  12. Stinchcombe (1977), pp. 599, 602
  13. 1 2 Stinchcombe (1977), p. 599
  14. 1 2 3 Stinchcombe (1977), p. 600
  15. Stinchcombe (1977), p. 601
  16. Stinchcombe (1977), pp. 599–601
  17. Stinchcombe (1977), p. 611
  18. Stinchcombe (1977), pp. 612–613
  19. Billias, p. 280
  20. 1 2 Billias, p. 281
  21. Billias, p. 282
  22. Stinchcombe (1977), p. 616
  23. Ferling, p. 353
  24. "A Century of Lawmaking for a New Nation: U.S. Congressional Documents and Debates, 1774–1875". Library of Congress. 2020-01-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-12-02.
  25. Wells, p. 742
  26. Billias, p. 283
  27. Smith, p. 130
  28. Lyon, pp. 325–333

Elşən Bayramzadə "Amerika Prezidentləri" ISBN 978-9952-812-57-2

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]