Xanlar Haqverdiyev

Xanlar Məmməd oğlu Haqverdiyev (25 sentyabr 1906, Ağdam, Şuşa qəzası5 dekabr 1980) — müğənni (lirik-dramatik tenor). Azərbaycan SSR (1956) və Türkmənistan SSR (1939) əməkdar artisti.

Xanlar Haqverdiyev
Xanlar Məmməd oğlu Haqverdiyev
Ümumi məlumatlar
Doğum tarixi
Doğum yeri Seyidli, Şuşa qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi (74 yaşında)
Vətəndaşlığı Rusiya İmperiyası Rusiya imperiyası
Azərbaycan AXC
SSRİ SSRİ
Uşağı
Musiqiçi məlumatları
Fəaliyyəti müğənni
Mükafatları "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 1956
"Əməkdə fərqlənməyə görə" medalı

Xanlar Məmməd oğlu Haqverdiyev 1906-cı il sentyabr ayının 25-da indiki Ağdam rayonunun Seyidli kəndində, bəy ailəsində anadan olmuşdur.[1]

1928-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının (indiki AMK) Vokal şöbəsinə daxil olmuş, professor H. Speranskidən rus və Avropa musiqisini, Seyid Şuşinskidən isə klassik Azərbaycan muğamlarının incəliklərini öyrənmişdir.

1929-cu ildə Azərbaycan Dövlət Opera və Balet Teatrına xorda oxumaq üçün qəbul edilmişdir. Ona "Əsli və Kərəm" operasında Sofi rolu, Hüseynqulu Sarabski (Kərəm) kimi sənətkarın tərəf müqabili olmaq tapşırılmışdır.

1932–1933-cü illərdə Türkmənistanda Azərbaycan Dövlət Opera və Dram Teatrı yaradılmışdır. Aşqabad Azərbaycan Teatrının inkişafında bir çox sənətkarlarla yanaşı görkəmli aktyor Rza Əfqanlının, opera müğənnisi Xanlar Haqverdiyevin də rolu olduqca böyük olmuşdur. O, türkmən xalqının rəğbətini qazanmışdır. Məhz bunun nəticəsi olaraq müğənninin əməyi yüksək qiymətləndirilmiş, 1939-cu ildə ona "Türkmənistan SSR-in Əməkdar artisti" fəxri adı verilmişdir.[2]

Xanlar Haqverdiyev 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti və ədəbiyyatı ongünlüyündə iştirak etmiş, "Sevil", "Koroğlu" operalarında çıxış etmişdir.

Teatr incəsənəti sahəsində fəaliyyətinə və zəhmətkeşlər qarşısında mədəni xidmətlərinə görə 1956-cı ildə ona "Azərbaycan SSR Əməkdar artisti" fəxri adı verilmişdir.

Xanlar Haqverdiyev Azərbaycan Teatr Cəmiyyətinin üzvü idi.

Lirik-dramatik tenor səs tembrinə malik olan Xanlar Haqverdiyev Məcnun, İbn Salam ("Leyli və Məcnun" — Ü. Hacıbəyli), Kərəm ("Əsli və Kərəm" — Ü. Hacıbəyli), Şah İsmayıl, Əlyar ("Şah İsmayıl", "Nərgiz" — M. Maqomayev), Qərib ("Aşıq Qərib" — Z. Hacıbəyli), aşıq ("Şahsənəm" — R. Qlier) və s. partiyalar ifa etmişdir.[3]

Musiqili səhnə sənətini inkişaf etdirmək sahəsində göstərdiyi xidmətlərinə görə o, dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin, keçmiş Sovet İttifaqı respublikalarının fəxri fərmanları ilə təltif edilmiş, "Əməkdə fərqlənməyə görə" medalına layiq görülmüşdür.[4]

1962-ci ilin dekabr ayında Xanlar Haqverdiyev təqaüdə çıxsa da, bir neçə il yenidən opera teatrında fəaliyyət göstərmiş, gənc müğənnilərin yetişməsində yaxından kömək etmişdir.

Xanlar Haqverdiyev 1980-ci il dekabr ayının 5-də vəfat etmişdir.

  1. Xanlar Haqverdiyev //Azərbaycan Sovet Ensiklopediyası: 10 cilddə.- Bakı, 1987.- C.10.- S.125.
  2. Çəmənli, M. Sənətkar ömrünün izləri /M. Çəmənli.- Bakı: Adiloğlu, 2006.- 128 s.
  3. Rəhimli, İ. Xanlar Məhəmməd oğlu Haqverdiyev //Rəhimli İ. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı.- Bakı, 2008.- S.332.
  4. Xanlar Haqverdiyev//Üzeyir Hacıbəyli ensiklopediyası.- Bakı, 2008.- S.109.