"Yani Yapon Mohbiri" (tatar. یاڭی یاپون مخبری; yap. ヤニヤポンモフビリー) — 1931–1938-ci illərdə Yaponiya tatarları tərəfindən Tokioda nəşr olunmuş tatardilli jurnal.[1][2] "Mətbəəyi-İslamiyə" nəşriyyatı tərəfindən nəşr olunmuş bu jurnal Yaponiyada yaşayan tatar icmasının fəaliyyətlərinə və həyatına həsr olunmuşdu.
Yani Yapon Mohbiri | |
---|---|
tatar. یاڭی یاپون مخبری | |
Növ | islam jurnalı |
Nəşriyyat | Mətbəəyi-İslamiyə |
Təsis tarixi | 1931 |
İlk buraxılışı | 25 may 1931 |
Nəşrini dayandırıb | 1938 |
Ölkə | Yaponiya |
Qərargah | |
Dil | tatarca |
"Yani Yapon Mohbiri" 1930-cu ildə Tokioda tatarlar tərəfindən qurulmuş "Mətbəəyi-İslamiyə" nəşriyyatının əsas nəşri olmuşdur.[3] Jurnalın ilk sayı 25 may 1931-ci ildə "Yapon Müxbiri" adı ilə çıxmışdır.[3] İlk sayda jurnala təbrik yazısı göndərənlərdən biri Yaponiyadakı tatar icmasının dəstəkçisi olan, ultramillətçi Toyoma Mitsuru olmuşdur.[4] 4–5 saydan sonra 1932-ci ildə "Yani Yapon Mohbiri" adı ilə nəşr olunmağa başlamışdır.[3]
Jurnal 1938-ci ilə qədər nəşr olunmuş, 33 ölkəyə göndərilmiş, bir çox abunəsi olmuşdur.[5][6] 1938-ci ildə jurnalın nəşrindən məsul olan Məhəmməd Qabdulxay Kurbanqaliyev (1889–1972) Yaponiyadan xaric edilməsindən sonra jurnal fəaliyyətini dayandırmışdır.[3] Nəşr olunduğu illər ərzində 50-ə yaxın sayı nəşr olunmuşdur.[7]
Tatar dilində nəşr olunmuş jurnalda[8] Yaponiya və Yaponiyadan asılı ərazilərdə yaşayan İdil-Ural türkləri və digər müsəlmanlarla bağlı cari xəbərlər və məlumatlar nəşr olunurdu.[3] Jurnalın məqsədi müsəlmanlara Yaponiyanı tanıtmaq, yaponlarla müsəlmanlar arasında mədəni və iqtisadi münasibətləri təbliğ etmək olmuşdur.[3] Bu səbəbdən jurnalda Yaponiya lehinə olan yazılara üstünlük verilmişdir.[3] Jurnalda tatarlar üçün aktual və vacib olan mövzular haqqında məqalələr dərc olunmuşdu.[9] Məsələn, jurnalın 15-ci sayında dərc olunmuş "Ərəb hərflərini buraxıb latın hərflərinə keçmə" məqaləsində tatarların Türkiyədəki əlifba islahatı haqqında fikirləri müzakirə olunmuşdur.[9]
Kurbanaliyevin Yaponiyadakı siyasi rəqibi olan Ayaz İshakinin tərəfdarları jurnalı tənqid edərək tatar millətinin inkişafına qarşı fikirlər yaydığını bəyan etmiş və jurnalın bağlanmasını tələb etmişdirlər.[3]