Yaxın Şərqdə Amerika Yardımı Cəmiyyəti

Yaxın Şərqdə Amerika Yardımı cəmiyyətiABŞ hökumətinin Birinci dünya müharibəsində hərbi əməliyyatlardan zərər çəkmiş xalqlara yardım göstərilməsi məqsədilə yaratdığı təşkilat.

Tarixi[redaktə | mənbəni redaktə et]

1915-ci ilin sentyabrında yaradılmışdır. Cəmiyyətin Yaxın şərq ölkələrində, habelə Qafqazda (Bakı, Şuşa, Tiflis, İrəvan. Batum və b. şəhərlərdə) şöbələri təşkil olunmuşdu. Bu şöbələr ehtiyacı olan əhaliyə maddi yardım göstərməklə bərabər, bölgələrdəki vəziyyət barəsində məlumatlar da toplayırdılar.

Fəaliyyəti[redaktə | mənbəni redaktə et]

Cəmiyyətin fəaliyyəti əsasən, erməni əhalisinə ünvanlandığı üçün əldə edilən və Amerika hökumətinə göndərilən məlumatlar da bir qayda olaraq ermənilərin mənafelərini və baxışlarını əks etdirirdi. Cəmiyyətin Azərbaycanda fəaliyyəti xüsusilə 1919-cu ilin ortalarında xeyli güclənmişdi. 1919-cu ilin noyabrında Cəmiyyətin Qafqaz bölməsinin rəhbəri vəzifəsinə polkovnik V.Haskel təyin edilmişdi. Bölmənin heyəti 40 nəfərdən ibarət idi. Bölmə 1919-cu ilin noyabrında Azərbaycan hökumətinə müraciət edərək avtomobil nəqliyyatının ehtiyaclarını ödəmək üçün haqqı ödənilməklə müəyyən qədər benzin və sürtgü yağlarının göndərilməsini xahiş etmişdi. Cəmiyyətlə Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti arasında mal mübadiləsi barəsində danışıqlar 1920-ci ilin yanvarında Tiflisdə aparıldı.

Cəmiyyətin israrla Azərbaycan Hökumətinə təqdim etdiyi saziş iqtisadi və kommersiya cəhətdən ədalətsiz xarakter daşıyırdı. Belə ki, cəmiyyət neft məhsullarının ona Sənanin stansiyasında (Gürcüstan) təhvil verilməsini tələb etdiyi halda, bunun əvəzində ödəniləcək ağ buğda ununu Azərbaycan Hökumətinə Batum limanında təqdim edirdi. Beləliklə, cəmiyyət Gürcüstan yollarında da yükün məsuliyyətini Azərbaycan Hökumətinin üzərinə qoyurdu. Azərbaycan nümayəndələrinin qarşı tərəfı bərabər hüquqlu müqavilə bağlamağa inandırmaq cəhdləri bir nəticə vermədi. 1920-ci il yanvarın 26-da Tiflisdə cəmiyyətin təqdim etdiyi layihə əsasında qarşı tərəflərin mənafeyinə uyğun olan müqavilə imzalandı. Müqaviləyə əsasən Azərbaycan hökuməti cəmiyyətə tonu 20 dollar hesabı ilə 10 min ton mazut, tonu 35 dollar hesabı ilə 150 ton kerosin verməli, cəmiyyət isə bunun əvəzini qeyri-bərabər şərtlə tonu 210 dollar hesabı ilə unla ödəməli idi. Müqaviləni cəmiyyətin adından polkovnik V.Haskel, Azərbaycan Hökuməti adından isə Azərbaycan Xalq Cümhuriyyətinin Gürcüstandakı diplomatik nümayəndəsi Faris bəy Vəkilov imzalamışdılar. Lakin Azərbaycan tərəfi öz müqavilə öhdəliyini yerinə yetirmiş, müqabil tərəf isə Azərbaycana ödəməli olduğu 4760 pud unu verməyərək borclu qalmışdı. Aprel işğalından (1920) sonra Azərbaycan SSR hökuməti həmin borcun ödənilməsini tələb etsə də, cəmiyyət borcun ödənilməsi ilə bağlı müraciətlərə cavab verməmişdi.[1]

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Ədəbiyyat[redaktə | mənbəni redaktə et]

  • Азербаиджанская Демократическая Республика (1918-1920). Внешняя политика (документы и материалы), Б., 1998.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Yaxın Şərqdə Amerika Yardımı Cəmiyyəti // Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. II. Bakı: "Lider". 2005. səh. 434. ISBN 9952-417-44-4.