Yokoyama Matsusaburo

Yokoyama Matsusaburo (横山 松三郎?, 10 oktyabr 1838[1], İturup15 oktyabr 1884[1], İçiqata Kameqaoka Haçimanqu[d])Yaponiya fotoqrafı və rəssamı. Yaponiyada fotoqrafiyanın qabaqcıllarından biridir. Yaponiyanın ilk ciddi stereofotoqrafı olmuşdur.[2]

Yokoyama Matsusaburo
yap. 横山 松三郎
Doğum tarixi 10 oktyabr 1838(1838-10-10)[1]
Doğum yeri
Vəfat tarixi 15 oktyabr 1884(1884-10-15)[1] (46 yaşında)
Vəfat yeri
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Koryu məbədi[d]
  • Senqaku məbədi[d]
Fəaliyyəti litoqraf, fotoqraf, mühəndis, rəssam
Fəaliyyət illəri 1853–1880
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yokoyama Matsusaburo 1838-ci ildə İturup adasında doğulmuşdur. Balaca olanda ailəsi ilə birlikdə Hakodate şəhərinə köçmüşdür. 15 yaşında olanda bir kimono tacirinin şagirdi olmuşdur. Bu ərəfədə rəssamlığa marağı yaranmışdır.[3]

"Edo qəsrinin qalıqları" (1871)

1854-cü ildə Metyu Perrinin gəmiləri Hakodate limanına yanaşanda fotoqraf Elifalet Braun Cunior tərəfindən çəkilmiş fotolar Yokoyamanın diqqətini cəlb etmişdir. Həmin il Rusiyaya məxsus "Diana" gəmisi Hakodateyə gəlmiş və gəminin fotoqrafı olan Aleksandr Mojayski Hakodate küçələrinin fotolarını çəkmişdir. Bu iki hadisə Yokoyamada fotoqrafiyaya qarşı marağın oyanmasına səbəb olmuşdur.[3][4]

Bir neçə il sonra Yokoyama Hakodate limanında məskunlaşmış və özünə köməkçi axtaran rus rəssam Yuri Leman ilə tanış olmuşdur. Lemanın köməkçisi olan Yokoyama onun təsiri ilə Qərb rəssamlığına meyil etmişdir. O, daha yaxşı mənzərə rəsmlərini çəkmək üçün fotoqrafiyadan yararlana biləcəyini düşünmüşdür. Yokohamaya səyahət edərək fotoqraf Şimooka Renconun şagirdi olmuşdur. Fotoqrafiyanın əsaslarını öyrəndikdən sonra Hakodateyə qayıdan Yokoyama Rusiyanın Yaponiyadakı rəsmi nümayəndəsi, həvəskar fotoqraf İosif Qoşkeviçin köməyi ilə texnikasını inkişaf etdirmişdir. 1868-ci ildə Tokioda ilk fotostudiyasını açmışdır.[a] Həmin il Tokionun İkenohata bölgəsində yerləşən digər studiyasına keçmişdir. Bu studiyada Yaponiyada dövrün ən müasir və ən yaxşı təchiz olunmuş fotostudiyası idi.[3]

1870-ci ildə müəllimi Şimookanın xahişi ilə Nikko dağlarının fotolarını çəkmək üçün ekspedisiya təşkil etmiş və çəkdiyi fotoları Şimooka ilə birlikdə keçmiş Tokuqava ailəsinə təqdim etmişdir. 1871-ci ildə Ninaqava Noritanenin xahişi ilə qismən dağıdılmış Edo qəsrinin fotolarını çəkmişdir. Qəsrin 64 fotosundan ibarət albom "Keçmiş Edo qəsrinin fotoalbomu" (Kyu Edo-co şaşinço) adı ilə buraxılmışdır.[5] 1872-ci ilin avqustunda Takahaşi Yuiçi ilə birlikdə Meyci hökuməti üçün qədim məbədlərin statusunu əks etdirən "Cinşin kensa" adlı hesabat üçün stereoskopik fotolar çəkmişdir.[6] 1873-cü ildə yapon incəsənət işlərini əks etdirən bir çox fotosu Vyanada keçirilən Dünya Sərgisinə göndərilmişdir. Həmin il studiyasında incəsənət məktəbi açmış, incəsənət və fotoqrafiya şagirdləri qəbul etmişdir.[7] Nakacima Matsuçi,[7] Azukizava Ryoiçi,[7] Miyaşita Kin,[8] Kitaniva Tsukuba [9] və Suzuki Şiniçi[b] onun şagirdləri olmuşdurlar.[7]

Digər fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]

Yokoyama 1876-cı ildə fotoqrafiya ilə məşğul olmaqdan yorularaq studiyasını köməkçisi Oda Nobumasaya etibar etmişdir. 1876–1881-cı illərdə qədər Yaponiya Hərbi Akademiyasında fotoqrafiya və fotolitoqrafiya üzrə dərs demişdir. Burada bir çox çap texnikası ilə təcrübələr aparmış, fotoqrafik yağlı boya texnikasını (şaşin abura-e) inkişaf etdirmişdir. Bu texnika fotonun qabaq tərəfini örtən emulsiyanın soyulmasına, arxa tərəfinin isə yağlı boya ilə rənglənməsinə əsaslanırdı.[7]

Yokoyama 1882-ci ildə vərəm xəstəliyinə yaxalandıqdan sonra sağlamlığı pisləşməyə başlamışdır. Həyatının son iki ilini rəssamlığa və Tokionun Kyobaşi rayonunda qurduğu fotolitoqrafiya şirkəti "Shashin Sekibansha"ya həsr etmişdir.[7][5]

  1. Bəzi müəlliflər Yokohamada açdığını qeyd edir.[3]
  2. I yoxsa II Suzuki Şiniçi olduğu məlum deyil.[3]
  1. 1 2 3 4 5 RKDartists (nid.).
  2. Bennet. səh. 320
  3. 1 2 3 4 5 Bennet. səh. 82
  4. Hannavy. səh. 1520
  5. 1 2 Tucker. səh. 369
  6. Fukuoka, Maki. "Selling Portrait Photographs: Early Photographic Business in Asakusa, Japan". History of Photography (ingiliscə). 34 (4). 12 oktyabr 2011: 356. doi:10.1080/03087298.2011.611425. 2023-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2024.
  7. 1 2 3 4 5 6 Bennet. səh. 83
  8. Bennet. səh. 192
  9. Bennet. səh. 195