1959-cu il dekabr ayının 13-də Aeroflota məxsus “İl-14P” sərnişin təyyarəsi Kabuldan havaya qalxaraq Daşkəndə doğru istiqamət götürdü. Onun göyərtəsində 25 sərnişin və 5 nəfər də gəmi heyəti vardı. Təyyarə Özbəkistanın Termez şəhərindəki hava limanına qısa eniş etdi və sonra yenidən havaya qalxdı. Amma Hissar dağ silsiləsi üzərindən uçarkən “İl-14P” ilə əlaqə kəsildi. Dərhal təyyarənin yoxa çıxması ilə bağlı axtarışlara başlanıldı. “İl-14P” -nin qəzaya uğraması ehtimal edilən bütün ərazilər qarış-qarış axtarıldı. Lakin təyyarənin izinə rast gəlmək mümkün olmadı. Üstündən 5,5 ay ötəndən sonra, 1960-cı il iyun ayının 2-də “İl-14P”-nin qalıqları təsadüfən hadisə yerinin yaxınlığından uçan vertolyot tərəfindən aşkar edildi. Dərhal bu barədə müvafiq qurumlara məlumat verdilər. Hadisə yerinə gələn axtarış qrupu tərəfindən müəyyən edildi ki, “İl-14P” məlum olmayan səbəblərdən dağa çırpılıb. Təyyarənin bir hissəsi 3500 metr hündürlükdə iti qayanın ucuna ilişmişdi. Sərnişinlərin isə hamısı həlak olmuşdu. Araşdırmalar zamanı müəyyən edildi ki, qəzadan sonra sağ qalanlar olub. Lakin vaxtında onlar aşkar edilmədiyindən faciədən sağ qurtulanlar dağlarda o dövrdə hökm sürən 35–40 dərəcə şaxtaya tab gətirməyərək donaraq ölmüşdülər. Qeyd edək ki, həmin ərazi üzərində dəfələrlə xilasedici təyyarələr dövrə vurmuş, ancaq “İl-14P”-nin qalıqlarını aşkar etmək mümkün olmamışdı.
Digər bir analoji qəza 1972-ci il oktyabr ayının 13-də baş verdi. Belə ki, Uruqvayın Montevideo şəhərindən havaya qalxaraq Çilinin Santyaqo şəhərinə doğru uçan “Fairchild FH-227D” təyyarəsi And dağları üzərindən uçarkən qəzaya uğradı. Təyyarədə 40 sərnişin vardı. Sərnişinlərin əksəriyyəti reqbi komandasının üzvləri və onları müşayiət edənlər idilər. Dərhal hadisə yerinə axtarış-xilasedici qrupu göndərildi. Lakin onlar qəzaya uğrayan təyyarənin yerini müəyyən edə bilmədilər. 40 gün davam edən uğursuz axtarışlardan sonra qəzaya uğrayan təyyarə ilə bağlı axtarışlar dayandırıldı. Belə hesab edildi ki, qəzaya uğrayan təyyarədəkilərin hamısı həlak olub. Bu da əsassız deyildi. Belə ki, həmin dövrdə And dağlarında dəhşətli çovğunlar və şaxtalar hökm sürürdü. Amma axtarışı dayandıran xilasedicilər bilmirdilər ki, qəza nəticəsində 33 nəfər sağ qalıb. Onlar 3,5 min metr hündürlükdə köməksiz vəziyyətdə qalmışdılar. Aclıq və soyuq qəzadan sağ qurtulanların vəziyyətini gündən-günə ağırlaşdırırdı. Onlar artıq ölümün pəncəsindən xilas ola biləcəklərinə olan ümidlərini itirmişdilər. Bu cəhənnəmdən xilas olmaq isə mümkün deyildi. Çünki hər tərəf keçilməz dağlar və qayalıqlar idi. Yolun haradan başlayıb haraya getdiyini isə heç kim bilmirdi. Belə bir vəziyyətdə isə iki nəfər bu cəhənnəmdən xilas olmaq qərarına gəldi. Onlar ağlasığmaz bir şəkildə qayalıqları aşaraq dekabrın 20-də özlərini dağ ətəyindəki kəndlərdən birinə çatdıra bildilər və hadisə barədə kənd sakinlərinə məlumat verəndən sonra huşlarını itirdilər. Kənd sakinləri isə bu barədə dərhal müvafiq qurumlara xəbər verdilər. Nəticədə hadisə yerinə gələn xilasedicilər 16 nəfəri xilas edə bildilər. Qəza nəticəsində sağ qalan digər 17 nəfər isə aclıq və soyuğa tab gətirməyərək ölmüşdülər.
Digər bir təyyarə qəzası isə 1976-cı il avqust ayının 15-də baş verdi. Ekvatorun Kito şəhərindən Kuenka turist şəhərinə adi reysi yerinə yetirən “Vickers 785D Viscount” təyyarəsi dağlıq ərazi üzərindən uçarkən müəmmalı şəkildə yoxa çıxdı. Təyyarədə 4 ekipaj üzvü də daxil olmaqla 59 nəfər vardı. Təyyarənin axtarışları heç bir nəticə vermədi. Ona görə də belə ehtimal edildi ki, təyyarə dağlardakı partizanlar tərəfindən ələ keçirilib, onun sərnişinləri isə girov götürülüb. Yalnız üstündən 27 il ötəndən sonra alpinistlər 5800 metr hündürlükdə Çimbaroço vulkanı ətrafındakı buzlaqlarda təyyarənin qalıqlarını aşkar etdilər.
Təyyarələrin müəmmalı şəkildə qəzaya uğramaları ilə bağlı ekspert araşdırmaları isə bu günə kimi məsələyə tam aydınlıq gətirə bilməyib.
Müəmmalı şəkildə daha bir müasir reaktiv yük təyyarəsinin yoxa çıxması 1979-cu ildə baş verdi. Belə ki, 1979-cu il yanvar ayının 30-da Tokiodan-Rio de Janeyroya uçan “Boeinq 707” reaktiv təyyarəsi Sakit okean üzərində yoxa çıxdı. Təyyarənin göyərtəsində 6 nəfər vardı. Onun yükü isə nadir rəsm əsərlərindən ibarət idi. Bir ay davam edən axtarış-xilasetmə tədbirləri nəticə vermədi. Ona görə də, təyyarənin axtarışını dayandırmağa məcbur oldular. Bu günə kimi də təyyarənin qalıqlarına rast gəlmək mümkün olmayıb. Halbuki super reaktiv təyyarlərdən biri hesab edilən “Boeinq 707”-nin qəzaya uğraması mində bir faiz hesab edilirdi. Üstəlik o qəzaya uğrayacağı halda xüsusi siqnallar buraxaraq, harada olduğu barədə məlumat verməli idi. Əvvəlcə belə güman edildi ki, təyyarənin ekipajı qiymətli yükü müşayiət edən 6 nəfərlə əlaqəyə girərək, rəsm əsərlərini götürüb aradan çıxıblar. Bu ehtimal uzun illər boyu əsas fakt kimi gündəmdə qaldı. Lakin təyyarədəki qiymətli rəsm əsərlərinin izlərinə dünyanın heç yerində rast gəlinməməsi bu ehtimalın doğru olmasını şübhə altına aldı. Belə ki, əgər qiymətli rəsm əsərləri qaçırılsaydı, onda onu harada isə satmaq lazım gələcəkdi və bununla da məsələyə aydınlıq gətiriləcəkdi. Ancaq bu günə kimi qiymətli rəsm əsərlərinə dünyanın heç bir yerində rast gəlinməməsi onun qaçırılması ehtimalını boşa çıxarıb.
2008-ci il yanvar ayının 4-də Venesuelada “L-410” sərnişin təyyarəsi qəzaya uğradı. Qəzaya uğramazdan əvvəl təyyarənin pilotu yerə məlumat verdi ki, mühərrikdə nasazlıq əmələ gəlib. Həmin vaxt təyyarə Los Rokes arxipelaqı üzərində uçurdu. Pilot bundan sonra yerlə daha əlaqəyə girmədi və təyyarə radarlardan yoxa çıxdı. Təyyarənin göyərtəsində 14 sərnişin və iki ekipaj üzvü vardı. Təyyarənin axtarışları nəticə vermədi. Halbuki təyyarənin qəzaya uğradığı yeri pilot məlumatına əsasən təxminən məlum idi. Ona görə də, ilk günlər təyyarənin tezliklə tapılacağına və sağ qalan sərnişinlərin xilas ediləcəyinə ümidlər bəslənilirdi. Lakin uzunmüddətli axtarışlar təyyarənin qalıqlarının aşkar edilməsinə imkan vermədi. Yalnız 2013-cü ilin iyun ayında “L-410” sərnişin təyyarəsinin qalıqlarını arxipelaqdan cəmi 9 kilometr məsafədə, dənizin 900 metr dərinliyində aşkar etmək mümkün oldu.
2014-cü il mart ayının 8-də içərisində 227 sərnişinin olduğu Malayziyaya məxsus “Boenig 777-200” sərnişin təyyarəsinin müəmmalı şəkildə yoxa çıxması beynəlxalq aləmdə çoxsaylı ehtimalların ortaya çıxmasına səbəb olub. Təyyarə ilə son əlaqə sahildən təxminən 220 kilometr aralıda, Cənubi Çin dənizi üzərində olub. Malayziyanın paytaxtı Kuala-Lumpurdan Pekinə uçan və göyərtəsində 227 sərnişin və 12 ekipaj üzvü olan “Boenig 777-200” təyyarəsi şənbə günü Malayziya vaxtı ilə saat 02:40-da radarların ekranlarından itib.
“Malaysia Airlines” aviaşirkətinin məlumatına görə, təyyarədəki 227 sərnişindən 153-ü Çin, 38 nəfəri Malayziya, 12-si İndoneziya, 7-si Avstraliya, 4-ü ABŞ, 3-ü Fransa vətəndaşı olub. Bundan əlavə, təyyarədə hər birindən iki nəfər olmaqla Yeni Zelandiya, Ukrayna və Kanada, hər birindən bir nəfər olmaqla Rusiya, Tayvan, İtaliya, Niderland və Avstriya vətəndaşları olub.
Təyyarənin terrorçular tərəfindən qaçırılması və ya partladılması barədə çoxsaylı ehtimallar mövcuddur. Lakin dünyanın aparıcı dövlətlərinin, o cümlədən Yaponiya və ABŞ-nin da iştirak etdiyi axtarış-xilasetmə əməliyyatlarının nəticə verməməsi irəli sürülən ehtimalların doğru və ya yalan olması barədə qəti fikir söyləməyə imkan vermir. Əgər Malayziyadan Çinə uçan və okean üzərindən böyük məsafə qət etməli olan təyyarə qəzaya uğrasaydı, onda məntiqi baxımdan onun qalıqlarına hökmən rast gəlinməli idi. Amma ən müasir texniki vasitələrdən istifadə edilməklə, o cümlədən kosmosdakı peyklər vasitəsi ilə axtarışlar aparılmasına baxmayaraq təyyarənin qalıqlarına belə rast gəlinməməsi qəza baş verməsi ehtimalını heçə çıxarmaqdadır. Buna paralel olaraq əgər təyyarə terrorçular tərəfindən qaçırılsaydı, onda hökmən onlar hansısa tələb irəli sürərdilər. Amma belə bir tələbin olmaması təyyarənin terrorçular tərəfindən qaçırılması ehtimalını da şübhə altına almaqdadır. Bəzi məlumatlara görə təyyarə yerdən və ya sualtı gəmidən buraxılan raketlə vurulub. Məqsəd yeni raketin sınaqdan çıxarılması olub. Ancaq belə halda da hökmən təyyarənin qalıqlarına rast gəlinməli idi. Ola bilməzdi ki, vurulan təyyarənin hər hansı hissələri xilasedici axtarış əməliyyatlarında iştirak edənlərin diqqətindən yayınaydı. Amma nə təyyarənin qalıqlarına, nə də insan cəsədlərinə hələlik rast gəlinməyib. Bu isə “Boenig 777-200” ətrafında müəmmaların davam etməsinə yol açıb.