Yunis Dağlı və ya tam və rəsmi adı ilə Yunus Əbdülcavad oğlu İsmayılov — azərbaycanlı şair-qəzəlxan.
Yunis Dağlı | |
---|---|
Yunus Əbdülcavad oğlu İsmayılov | |
Digər adı | Dağlı Yunus |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR |
Vəfat tarixi | (66 yaşında) |
Vəfat yeri | Bakı |
Dəfn yeri | Xızı |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Dini | İslam |
Fəaliyyəti | şair-qəzəlxan |
Yunus İsmayılov "Dağlı" təxəllüsü ilə əsasən Azərbaycanca, həmçinin rus və tatca şeirlər, əsasən qəzəllər yazıb.
Sürgün edilən vaxt Yunis təzə yazmağa başlayan həvəskar şair idi. On bir il həbs və sürgündən sonra Azərbaycana qayıdır.[1]
Şeirləri indi də Xızıda və Bakıətrafı kəndlərdə dillər əzbəridir.[2]
Əslən Xızıdan İsmayılzadələrdəndir. 1922-ci ildə Bakıda Dağlı məhəlləsində doğulub. Atası Əbdülcavad Molla İsmayıl oğlu bənna işləyib.
İlk təhsilini Bakıda, Çəmbərəkənddəki II şura məktəbində almışdır. Məktəbdə qabiliyyəti, biliyi və hazırcavablığı ilə seçilən şagirdlərdən olub. Bu məktəbdə ona dərs deyən sevimli müəllimləri- şair Cəfər Rəmzi İsmayılzadə və İbrahim Hilali Yunisin haqqında yüksək fikirlər söyləyiblər.
1938-ci ildə 17 yaşı tamam olmamış həbs edilib. 1 il Bakı təcridxanasında saxlanıldıqdan sonra 1939-cu ildə Sibirə sürgün edilib.[3]
1949-cu ildə Sibirdən sürgündən qayıdanda Bakıda yaşamağa icazə verilmədiyindən Siyəzən yaxınlığındakı Qızılburun kəndində yaşayır. “Siyəzənneft” NQÇİ-də çalışır. Eyni zamanda yaradıcılıqla da məşğul olur. 1956-cı ildə bəraət aldıqdan sonra Bakıya qayıdır. Vəfat edənə qədər qaz idarəsində işləyir. 1989-cu ildə Bakıda xərçəng xəstəliyindən vəfat edib, Xızıda dəfn olunub.
Hələ uşaqlıqdan poeziyaya, ədəbiyyata maraq göstərən Yunisin məktəb qəzetlərində şerləri çıxır. O, bu vaxtlar əsasən, lirik və Sabiranə şeirlər, mənzum hekayələr yazır. Şerlərinin ilk dinləyicisi və tənqidçisi əmisi oğlu - XX əsr Azərbaycan ədəbiyyatının klassiki, tanınmış şair və pedaqoq Mikayıl Müşfiq olub.
Poeziyanın müxtəlif janırlarında şeirlər; 500-ə yaxın qəzəl, 2 bəhri-təvil, lirik şeirlər, poemalar, nəsihətlər, rübailər, bayatılar, uşaqlar üçün alleqorik mənzum nağıllar yazıb. Əsərlərindən bəzi nümunələr dövri mətbuatda, həmçinin, “Kirpi” jurnalında bir neçə dəfə çap olunub.
Əsərləri kitab şəklində vəfatından sonra 3 dəfə müxtəsər formada "Qəzəllər" adı ilə nəşr olunub.
Bir sıra əlyazmaları el şairi Bəylər Bərməki tərəfindən toplanıb.[4]
Mirzə Əbdülqədir Vüsaqinin qardaşı oğlu, Mikayıl Müşfiqin isə əmisi oğludur.[5]
Əzizə İsmayılzadə ilə[6] 1952-ci ildə ailə həyatı qurub. Ümumilikdə 8 övladı olub, ilk 2 uşağı körpə ikən vəfat edib. Oğlanlarından biri şair Vahab İsmayılzadə, digəri isə 1990-cı ilin 20 Yanvar şəhidi, eyni zamanda Qəmli təxəllüsü ilə şeirlər yazmış Cavad İsmayılzadədir.[7][8] Bu övladının adını Əhməd Cavadın şərəfinə Cavad qoymuşdu. Oğluna ad seçəndə Yunis Dağlı deyib ki, "şairliyini Allah bilər, amma oğlumun adını Müşfiqlə Cavad əfəndinin dostluğu şərəfinə Cavad qoyuram, qoy böyüyəndə Ə. Cavad kimi xalqını və vətənini sevən, ləyaqətli sədaqətli insan olsun!"[9]
1992-ci ildə “Siyəzənneft” NQÇİ-də xatirə lövhəsi vurulub.
Bakı şəhəri, Yasamal rayonunda adına küçə var.[3][10]