Zülfiyyə (1 (14) mart 1915[1], Daşkənd, Rusiya Türkistanı general-qubernatorluğu[3] – 1 avqust 1996[2], Daşkənd) — Özbəkistan şairi, Özbəkistanın xalq şairi (1965), Sosialist Əməyi Qəhrəmanı (1985) .
Zülfiyyə | |
---|---|
Doğum tarixi | 1 (14) mart 1915[1] |
Doğum yeri | |
Vəfat tarixi | 1 avqust 1996[2] (81 yaşında) |
Vəfat yeri | |
Həyat yoldaşı | |
Fəaliyyəti | şair, yazıçı, baş redaktor |
Əsərlərinin dili | Özbək dili, rus dili |
İstiqamət | sosialist realizmi |
Janr | şeir |
Üzvlüyü | |
Mükafatları |
|
Zülfiyyə 1915-ci ildə Daşkənddə dəmirçi ailəsində doğulmuşdur. İbtidai təhsilini bitirdikdən sonra, qızlar üçün açılmış pedaqoji məktəbdə oxumuşdur. Burada o, böyük ədəbiyyat dünyasına daxil olmuş və ilk şeirlərini yazmışdır. Bu, 1930-cu ilə təsadüf etmişdir. İlk şeirini mətbuatda-qəzetdə dərc etdirmiş və sonralar mütəmadi olaraq müxtəlif qəzet və jurnallarda çap olunmuşdur. 1932-ci ildə "Həyat səhifələri" adlı ilk şeirlər kitabı çapdan çıxdı. Bu uğurlarına baxmayaraq, o, özünü zəif görürdü, həyat təcrübəsi az olduğundan hər addım çətin görünürdü. Əslində, ilk addımı atmışdı.
O, məqalələrinin birində yazırdı: "Mənim üçün həyatımın ən xoşbəxt çağları Həmid Alimcanla olan 10 illik ailə həyatım olmuşdur. Böyük şair, zəhmətkeş və nizam-intizamı sevən, xarakteri ilə dostlarını heyrətləndirən Həmid Alimcan təkcə ərim yox, həm də uşaqlarımın atası, sənət məsləhətçim idi. Mən düşünməyi, işləməyi, şeir yazmağı ondan öyrəndim". 1944 – cü ildə ərini itirən gənc qadın-şairə üçün dünya zülmətə döndü. Amma o övladlarını böyütməli idi. Əmək fəaliyyətinə nəşriyyatdan başlayan Zülfiyyə müxtəlif mətbuat orqanlarında jurnalist kimi çalışmışdır. Daha sonralar 1953-1985-ci illərdə isə "Özbəkistanın xatun qızları", "Səadət" jurnallarının baş redaktoru olmuşdur.
Özbək xalqının məşhur şairi Zülfiyyə haqqında yazmaq, düşünmək, araşdırmalar aparmaq özü xoş bir təəssüratdır. Zülfiyyə yaradıcılığını yaxından izlədikdə onun keçdiyi həyat yoluna, bütövlükdə ömürlüyünə, taleyinə də bələd oluruq. Bəri başdan onun şeir dünyasındakı sirli-soraqlı duyğulara toxunmamış Zülfiyyə obrazını işıqlandıran bir neçə xarakterik lövhəyə diqqət yetirək:
Zülfiyyə-dünyaya göz açanda dünya boyda Günəş üzünə doğub. Zülfiyyə-göydən enmiş mələyə bənzəyib. Zülfiyyə- sevilən-seçilən, pərilər bulağına səhənglə enən qız olub. Zülfiyyə-şair qəlbli olduğundan şair qəlbli ərlə ailə qurub. Zülfiyyə-ana ucalığına yetən, analıq səadətinə qovuşan bəxtəvər olub. Zülfiyyə-həyatı sevən, həyatın xoş gününə əl uzadan şair olub. Nəhayət, Zülfiyyə-həyatın acı badəsini də başına çəkməyə macal tapıb. Allah qismətinə bunu da yazıb. Zülfiyyə-şöhrətin zirvəsini fəth edib. Bütün bunlarla belə, Zülfiyyə-nakam qadın, övladlarına həm ata, həm ana olan bir zəhmətkeş olub. Ailə səadəti yolunu tək irəliləyib. Yar yoldaşı hayına-həyanına xəyalında yetib. Allahın qüdrəti böyükdür. Ürəyi qanamış şairi halal qazanılmış şöhrət havasıyla ovundurdu. Dünyanın xoşniyyətli yazıçılarıyla Hindistan konfransında bir məclis başında göründü.
Oradan könül quşunun ovladığı misralarla səs-soraq saldı.
"Müşairə" poeması Asiya və Afrika tərəqqipərvər yazıçılarının 1956-cı ildə Hindistanda keçirilən konfransının təəssüratları əsasında qələmə alınmışdır. Poema xalqlar dostluğu, insanpərvərlik və s. ideyaların təbliğini özündə əks etdirir". Onun bu poeması C. Nehru mükafatına layiq görülmüşdür -Fikirlər, xəyallar, gözəl duyğular, Araya qırılmaz bir körpü saldı.
…Məhəbbət, sədaqət, hörmət körpüsü,
Ürəkdən-ürəyə sənət körpüsü.
C. Nehru adına mükafatı və "Nilufər" mükafatını aldı. Oçerklər yazdı, publisistik qeydləri maraqla qarşılandı.
Tərcümə meydanına girdi – Nekrasovu, Mustay Kərimi, Demyan Bednını, Nazim Hikməti, M. Dilbazini. . . özbək dilinə çevirdi. Şair qəlbini çıraq edib düzü-dünyanı dolaşdı. Yolu Azərbaycandan-Bakıdan da keçdi. Özbəkistanın xalq şairi (1965), Sosialist Əməyi Qəhrəmanı (1985) oldu. SSRİ deyilən dövlətin ən yüksək mükafatlarına layiq görüldü. El-oba, xalq-vətən məhəbbəti qazandı. Balalarını böyütdü – atalarının şeirlərini zümzüməylə iliklərinə işlətdi, özünün ruhuna nəğmələr toxudu. Bəlkə də, bir sübh çağı qələmini yerə qoyub yazdığını oxuyanda nakam sevgilisinin fikrindən qopmayan sətirlərini köçürdüyünü görüb. O, bu imtahana da artıq hazır idi. Sətir- lərlə dərdləşirdi: "Sən ölməmisən, sən sağsan, gözümün işığındasan, ürəyimin odundasan... Mən yaşayan qədər yaşayacaqsan..., əzizim...".
Nakam xoşbəxtlik, şöhrətin zirvəsi. Zülfiyyənin keçdiyi, yaşadığı ömürlük budur. Zülfiyyə də günlərin birində ruha döndü. 1994-cü il idi. Cismini özbək torpağına əmanət edib, ruhunu göylərə uçurdu-50 illik ayrılıqdan sonra sevimli ərinə qovuşmağa getdi. Nə yaşadısa onunla-onun xatirə- siylə yaşadı. Şeirlərində, publisistikasında bunlar görünür, oxuyan hər kəs bunları duyur. Həyat- da insan ovqatının yaşantısı iki cür olur: cəmiyyətə qatılmaq üçün zahiri həyat tərzi, bir də özünü dərk edərək mənəvi yaşantı – daxili həyat tərzi. Bunların qovuşuğunda səmimiyyət olanda ziddiy- yətli görünmür, əksinə bunların qovuşuq yaşantısı cəsurluq, mərdanəlik tələb edir – həyat eşqi, ruh müqəddəsliyi anlamında tarazlaşır.
Bu yaşantılar ağuşunda Zülfiyyənin şeirlərini – söz yox ki, Azərbaycan dilinə tərcümələrini şeir həvəsiylə, Zülfiyyə marağıyla bir daha oxumağa başlayırsan.
Bu mütaliədə "Özbək ədəbiyyatı antologiyası", "Özbək şerləri", "SSRİ xalqları ədəbiyyatı müntəxabatı", "Nəğməli Özbəkistan" adlı almanaxlarda, həmçinin 1969-cu ildə Mirvarid Dilbazi- nin ön sözüylə dərc olunmuş "Şeirlər"(279) kitabındakı poetik nümunələr bələdçilik edir. İbrahim Qafurovun "Sözün işığı" məcmuəsindəki Zülfiyyə yaradıcılığına ədəbi-tənqidi baxış da köməyini əsirgəmir. Zülfiyyənin şeirlərini ən çox Ələkbər Ziyatay, həmçinin İlyas Tapdıq, Mirvarid Dilbazi dilimizə tərcümə etmişdir. Bunlarla yanaşı, Azərbaycanda Özbəkistan həftəsi ərəfəsində şair Musa Ələkbərlinin redaktorluğu ilə nəşr olunmuş "Torpağa səcdə" (278) kitabında şairin 35-ə qədər şeiri verilmişdir.
Zülfiyyə şeirlərinin qayəsi nədən ibarətdir? Mirvari Dilbazinin təbirincə desək, "onun əsərləri- nin ən böyük məziyyəti onların obrazlığındadır. Onun mövzuları müxtəlif, boyaları rəngarəng, poeziyası nikbindir. Bu nikbin poeziya insanı yüksəlməyə, vüqarlı yaşamağa, mətanətli olmağa çağırır. Zülfiyyə vətənpərvər, insanpərvər şairdir" (48).
Orta Asiyanın toponimlərinə yaxından bələdliyim olmasa da şeir həvəsiylə, Zülfiyyə marağıyla Zülfiyyə şeirlərindəki bir ad – "Göyçədağ" diqqətimi çəkdi. Göyçə adına Türküstanda dağ olması faktı çox maraqlı göründü. İlıq bir duyğu yaşatdı.
Göyçədağ vəsfini Qazaxdan sorun,
Bu yerin havası eşqtək safdır.
Göldə əks olunan camalı onun
canlı kitabdır.
Daddım Göyçədağın saf qımızından,
Baharın ətrini duydum onda mən.
Uzandım otluğa, qırışlar bu an
İtdi üzümdən.
Getdim, burada qoyub qəlbimi, lakin
Özümü dağların vurğunu saydım.
Dedim: "Göyçədağın nəğməsi təkin
Nəğmə yazaydım!"
12 bəndlik bu şeiri oxuduqca sanki Göyçənin dağını, düzünü dolanırsan: qarış-qarış, hər otu, çiçəyi üçün əyilirsən, ətrini duyub bir başqa çiçək üstə yüyürürsən. Göyçə dağlarının ətəyində naz- lanan Göyçə gölündə Zülfiyyə şeirindəki Göyçədağ ətəyində olan Aynagölü aradım. Dağlardan əsən bahar küləyi bir ayrı əzəmətdir. Göy otluqda o qədər uzanıb göylərin dərinliyini seyr etmişik ki. . . Necə bəxtəvər günlər, çağlar idi. Zülfiyyə də şair könlüylə uşaqlığına dönüb göy otluğa uza- nıb, illərin üzündə açdığı qırışları, şırımları itirib. Nə gözəl ovqat! Bu ovqatı dağlar vurğunu olan hər kəs yaşaya bilər. Bu ovqata dolan kəs Göyçədağ nəğməsitək nəğmə yaza bilər. Zülfiyyə kimi. "Mənim poeziya müəllimim Həmid Alimcan olub. Mənə şeir yazmağı o öyrədib" – ustadı Hə- mid Alimcanın işıqlı obrazı yaradıcılığında qırmızı xətt kimi görünüb -
Sonsuz gözəlliklərə
nəzər yetirdikcə mən,
Sevimli dost, əziz dost
yadıma sən düşürsən.
Odlu ürək, odlu göz,
Polad iradə səndə,
Unutmağa onları
Qüvvə hardaydı məndə.
Xatirimdən çıxmayan
O xoş günlərimizdə
Küsüşmək də olurdu,
Orada söz də, bez də.
Ancaq bəzən inciyib
Qırılsa da qəlbimiz,
Onda necə bəxtiyar,
necə xoşbəxt idik biz.
Professor Pənah Xəlilov şairin bu duyğularını – poetik nümunələrini yüksək dəyərləndirərək yazmışdır: "Bu lirikada yalnız Zülfiyyəyə məxsus intim, fərdi duyğular və düşüncələr vardır. La- kin bu fərdi-intim aləm həm də bəşəridir, taleyin zərbəsinə məruz qalmış nakam qadınların, 28 yaşında dul qalıb ömrünü ailəsinə, ümidini qələminə bağlamış anaların və şairlərin könül aləmini təmsil edir". Bu yazıda ömrünün daha çox gənclik çağlarını, gənclik eşqini izlədiyimiz Züfiyyənin 90 illik yubileyi qarşısındayıq. Özbəkistan xalqı unudulmaz şairinin yubileyini yəqin ki, yurd boyu təntənəli qeyd edəcəkdir. Biz isə öz dostluq, qardaşlıq ehtiramımıza söykənib, şeirə- sənətə olan məhəbbətimizə güvənib bir yarpaq sözlə Zülfiyyənin poetik ömürlüyünü vərəqlədik. Poetik ömrün yaşıl yarpağına toxunduq.
Zülfiyyə gözəl tərcüməçi idi. O, dünya ədəbiyyatı nümunələri ilə yanaşı, Azərbaycan şeirini özbək dilinə çevirməkdən yorulmurdu. 30 il bundan əvvəl o, bir çıxışında xüsusi qeyd etmişdir ki, Azərbaycanın qadın şairlərindən Mədinə xanımın, Nigar xanımın, Mirvarid xanımın, Hökumə xanımın əsərləri ilə fərəhlənirəm. Mən onların şeirlərini sevə-sevə özbək dilinə tərcümə edirəm.
Azərbaycanın klassik şairi, ictimai xadimi Molla Pənah Vaqifin şeirlərini Nəvai dilinə çevirərkən böyük sevinc hissi duydum. Cəmi iki-üç cümlədə əks olunan ümman məhəbbəti şərh etməyə lüzum yoxdur. Azərbaycan mətbuatında kifayət qədər Zülfiyyənin yaradıcılığından nümunələr, haqqında məqalələr dərc olunmuşdur. Hər iki xalqın ədəbiyyat və incəsənət xadimləri Zülfiyyə və M. Dilbazinin dostluğunu yüksək dəyərləndirmiş, tarixi əhəmiyyət vermişlər. Mirvarid xanım da Zülfiyyəni tərcümə etməkdən yorulmayıb. O, Zülfiyyəyə "günəş qızı" deyərdi. "Mən Zülfiyyə deyərkən, xəyalımda bir enerji çeşməsi çağlayır. Bu çeşmənin suları, böyük amallar, arzular, nəğməsi ilə Zülfiyyənin ürək sözüdür"(48). M. Dilbazinin "Əziz Zülfiyyə", "Zülfiyyə", "Zülfiyyə özbək xalqının şairidir" və s. məqalələri ədəbiyyatşünaslığımızın özbək qızının yaradıcılığına verdiyi yüksək dəyər və onların dostluğunun əziz xatirəsidir. Özbək akademiki Vahid Zahidov xalq şairi M. Dilbazi haqqında "İncə və od ürəkli sənətkar" (276) adlı irihəcmli məqalə yazıb, özbək mətbu- atında dərc etdirmişdi. Həmin məqaləni 1980-ci ildə Xəlil Rza tərcümə edib "Ədəbiyyat və incəsənət" qəzeti vasitəsilə oxucuların diqqətinə yetirmişdir.
"Zülfiyyə poeziyasında yeni həyat və qadın azadlığı, ictimai həyata çağırış, yeni insan, cəhalətə nifrət, elmsevərlik, vətənpərvərlik mövzusu əsas xətti tutur" (1). O, uşaq ədəbiyyatının inkişafında misilsiz xidmətləri olan şairlərdəndir. "Güllərim" (1959) adlı kitabı körpə balalara şairin ən gözəl töfhəsidir. "Ona Fərhad deyirdilər", "İki yoldaş", "Müşairə", "Vadi ulduzları, "Nəğməli qələm" və s. poemaların müəllifidir. "Nəğməli qələm" poeması böyük şair və alim Əbdürrəşid Çolpanın davamçısı Musa Aybekin xatirəsinə həsr olunmuş və əsərdə onun bədii obrazı yaradılmışdır.
"Zülfiyyənin şeirlərində parlaq boyalarla öz bədii ifadəsini tapan mövzulardan biri də xalqlar dostluğu, beynəlmiləlçilik, həmrəylikdir. Qardaşlıq, dostluq nəğmələri Zülfiyyənin şeirlərində ayrıca bir qüvvət və ilhamla səslənir". Yaqut Dilbazinin Zülfiyyə yaradıcılığından bəhs edən "Zülfiyyənin şeirləri Azərbaycan dilində" məqaləsi ədəbiyyatşünaslığımızda özbək qızının poeziyasına verilən yüksək dəyərin elmi ifadəsidir.