Zığ — Bakının Suraxanı rayonunda qəsəbə.
Zığ | |
---|---|
40°22′11″ şm. e. 49°58′57″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Suraxanı rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 14.300 (2021) nəfər |
Rəsmi dili | |
Zığ kəndi Abşeron yarımadasının cənubi-qərbində, Bakı şəhərinin yaxınlığında yerləşir. Zığı şimaldan Suraxanı və Yeni Günəşli massivi, qərbdən Xətai rayonu, cənubdan Xəzər dənizi, şərqdən isə Hövsan qəsəbəsi əhatə edir. Toponimin mənşəyi dəqiq açılmasa da, həm yazıçı Abbasqulu Ağa Bakıxanov, həm də tarixçi Sara Aşurbəyli kəndin adını zığ tayfaları ilə bağlayırlar. Tarixi mənbələrdən əldə etdiyimiz məlumata görə, Abşeron yarımadasında Zığ adlanan ərazisində yaşayan sakinlər Sərmat qəbiləsinin Zığ tayfasına mənsubdurlar.
Duzlu gölün yaxınlığında, kiçik bir dağın məskən salan Zıx tayfası öz dövrünün mühüm tələbatı olan daş və duz karxanalarını əldə edir. Camaatın bir qismi karxanalarda çalışır, bir qismi də yük at-arabaları ilə məhsulu başqa şəhər və vilayətlərə aparıb satır. Bu tayfanın camaatı İmam Rzanın bacısı Hökümə xanımın Azərbaycana gəlişindən xəbər tutub və onun xidmətində durublar. Xanım dünyasını dəyişdikdən sonra məzarının üstündə abadlıq işləri görmüşlər. Hülaki xanın nəvəsi Arqun ağanın oğlu Qazan xan 1297-ci ildə Bakıya gəlişində xanımın məzarının üstündə məqbərə tikdirir. Zığ camaatı məqbərənin tikintisində yaxından iştirak edərək, öz mallarından bir qismini məqbərənin idarəçiliyi üçün vəqf edirlər. Şirvanşah I Xəlilüllah əmlakının bir qismini Zığ kəndi daxil olmaqla xanımın məqbərəsinə vəqf edərək Zığ camaatını vergidən azad edib.
Əli süfrəsi adı ilə ehsan məclisi qurmaq ənənəsi o dövrdən bu camaat arasında məşhurdur. Digər mənbələrdə isə Zığ qəbiləsinin Alan masketlərindən olduğu bildirilir. "Alan" dağlı deməkdr. Masketlər isə Yafəsin oğlu Məshəq nəslindəndir. Yafəs Nuh Peyğənbərin oğludur.
Zığ kəndi 1936-cı ildə 350 təsərrüfatdan ibarət olub və həmin ildən qəsəbə statusu alıb.
Zığın ərazisi təxminən 1000 hektar təşkil edir. Əhalisinin sayı 15 minə yaxındır.[1]
Qəsəbədə 4 orta məktəb, 2 ambulatoriya, 3 poçt, 2 baxça, 1 vərəm dispanseri, 1 poliklinka fəaliyyət göstərir. Zığ kəndinin ərazisi əvvəllər çox böyük olub. Sonralar kəndin ərazisini "Dədə Qorqud" yaşayış sahəsi, "Bahar" bağ massivi, "Qum adası" bağ evləri, Zığ bağlarına bölüblər.
Zığda qədim abidələr kəndin tarixi keçmişini uzaqlara aparır. Kənddə "Əli qədəmgahı" deyilən ziyarətgah yerləşir. Ziyarətgahın içində at nalının izi var. Rəvayətə görə, Məhəmməd Peyğəmbər (s.ə.v.) buradan atla keçəndə atının nal izi həmin yerə düşür. Deyilənlərə görə, bu müqəddəs qədəmgah usta Əli tərəfindən inşa olunub: "Kənd sakinləri öz vəsaiti hesabına qədəmgahın ərazisində xeyli abadlıq işləri görüb, xanımlar üçün Hüseyniyyə tikilib, ziyarətgaha gələn yol abadlaşdırılıb. Çünki bura xarici ölkələrdən, əsasən də İrandan ziyarətə gələnlər olur. Ziyarətgahda "Qoç daşı" adlanan heykəllərin biri günümüzə gəlib çatsa da digərini İçərişəhər qoruğuna aparıblar".
Kəndin digər məşhur "İslam" məscidinin tikilmə tarixi bəlli deyil. Məscidin həyətində yaşı 140-a yaxın olan tut ağacı var. Məscid təmirdən sonra əhalinin istifadəsinə verilmişdir.
Kənddə qədim türbə və sərdabələr də var. Türbələrin birində 12 qəbir bu günə qədər qalır. Bu qəbirlərdə yatanların Şah Abbasın nəslindən olduğu deyilir. Kəndlilər isə türbələrin dağılıb getməsindən narazılığını ifadə edirlər. Zığda yaşı və adı qeyri-müəyyən olan bir hamam da qalıb. Hazırda uçuq vəziyyətdə olan hamamı kənd sakini Əmir Aslan tikdirib. Tarixi abidələr siyahısına "Ovdan" bulağını da əlavə etmək olar. XVII əsrə aid "Ovdan" bulağı Zığın mərkəzində yerləşir. İndinin özündə də əhali bulağın suyundan istifadə edir.
Zığda ürəyin istəyən qədər qədim ev görmək olar. Kənd sakinləri bu evlərin 300-ə yaxın yaşının olduğunu iddia edir. Köhnə evlərin əksəriyyəti qəzalı vəziyyətdədir. Kənddəki qədim evlərdən biri məşhur "Qanun naminə" ("Mehman") filminin çəkildiyi poliqon olub. Hazırda mənzil uçuq-sökük vəziyyətdədir. Bu məşhur evin sahibi kənd sakini Xuraman nənə və Cənnət baba olub. Burda onların nəvəsi Natiq Məmmədov yaşayır. "Qanun naminə" filmi çəkildikdən sonra həmin evdə başqa filmlərin çəkilməsi üçün də onlara müraciət edənlər olub. Ancaq ev sakinləri razı olmayıb.[1]
Zığda məşhur insanlar da doğulub. Onlardan biri alim Şeyx Həsəndir. Onun yaşadığı ev hazırda kənddədir. Şeyxin nəticəsi hazırda həmin evində yaşayır.
Professor Xanım Salayeva, general Əhməd bəy Ağayev, xeyriyyəçilər Ağabala bəy, Məşədi bəy, Hacı Abbasqulu, Hacı Bağır,xalq müəllimi Zeynəb Eyvazova və başqaları bu kəndin yetirdiyi məşhur şəxslərdir.
"Bakı oğrularının xaç atası" kimi tanınan qoçu Cabir Pəncəlioğlu da zığlıdır. Deyilənə görə, o Sibirə sürgünə göndərilən məhbuslara qoçuluq edirmiş.
1870-ci ilədək Bakı əyalətində yaşayan əhalinin siyahısına əsasən, 1859-cu ildən 1864-cü ilədək 476 nəfər (259 kişi və 217 qadın) əhalisi şiə azərbaycanlı "tatarları" ndan ibarət olan Zığ kəndi 100 evdən ibarətdir[2]. 1886-cı ildəki ailənin siyahısından çıxarılan statistik məlumatlara görə, Zığda yaşayan və hamısı azərbaycanlı olan 688 nəfər var idi[3].
XIX əsrin sonu — XX əsrin əvvəllərində nəşr olunan Brokhaus və Efronun Ensiklopedik Lüğətinə görə, Zığda 688 azərbaycanlı var idi . 1910-cu ildəki "Qafqaz təqvimi" na əsasən Zığ kəndində azərbaycanlılardan ibarət 1732 nəfər yaşayır (təqvim onları "tatar" adlandırır).[4]
Əhalisi 14.300 nəfərdir (2021)
1959[5] | 1970[6] | 1979[7] | 1989[8] |
---|---|---|---|
2066 | 2758 | 3027 | 4408 |
Hakimiyyət Allaha məxsusdur
Şahi-vilayətin qulu Təhmasib
Mübarək fərman verildi o haqda ki, Badkuyə ətrafında yerləşən Zığ kəndi bütün sərvət və əmlakı ilə birlikdə haqq imam övladı Bibiheybətin — onun babalarına və özünə salavat və salam olsun – müqəddəs asitanəsinə vəqf edildiyinə və bu haqda heç bir dəyişiklik olmadığına görə Badkuyənin amillə-indən, divan işlərinə baxanlarından, kələntərləri və kətxudalarından heç biri, heç bir adla qeyd olunan kəndin ətrafında dolanmayaraq hər hansı tələb etməsinlər. Qeyd olunan ölkənin hakimləri, tiyuldarları və daruqələri yazılmış qayda üzrə qərar verildiyini bilsinlər. Ondan kənara çıxmasınlar. Qeyd olunan kəndin rəiyyətlərinin, habelə mübarək asitanənin dərvişləri və xidmətçilərinin gözlənilməsini vacib bilərək yazılı göstəriş verməsinlər və məmur göndərməsinlər. Heç bir yaranmış ixracat adı ilə, habelə ələfə, ulufə, ulağ, bigar, şikar və sair şeltaqat və əhalini aclığa məruz qoyan hər hansı ad və qayda ilə olursa-olsun təcavüz etməsinlər. Qeyd olunan ölkənin bəniçəsi daxilindən çıxarılmış və kənar olunmuş bilsinlər. Bu barədə göstəriş verilməsini lazım bilərək ona hərtərəfli riayət etsinlər. 954-cü il məhərrəm ayının 20-i.[9]
Bakı şəhəri haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Qəsəbə haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |