Adi dazı (lat. Hypericum perforatum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinin dazı cinsinə aid bitki növü.
Adi dazı | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Cins: Növ: Adi dazı |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
Adi dazı üfüqi istiqamətdə uzanan incə kökümsova və güclü inkişaf etmiş kök sisteminə malik, dikduran gövdəli çoxillik ot bitkisidir. Hündürlüyü 30-60 sm, bəzən də artıq olur. Gövdəsi iki qabırğalıdır. Yarpaqları saplaqsız olub, gövdə üzərində qarşı-qarşıya düzülürlər, ovalşəkilli, bir qədər uzunsov və tam kənarlıdırlar. Yarpaqlarının üzərində çoxlu vəzilər vardır. 5 kasa və 5 taç yarpaqlarından ibarət olan qızılı-sarı rəngli çiçəkləri qalxanabənzər süpürgə çiçək qrupu əmələ gətirir.
Ləçəklərinin kənarlarında nöqtə şəkilli qırmızı rəngli vəzilər yerləşir. Meyvəsi yumurtavari, üç yuvalı qırmızımtıl qəhvəyi rəngli çoxtoxumlu qutucuqdur. Qutucuğun hər yuvasında çoxlu sayda, tünd qəhvəyi rəngli xırda (1 mm-ə yaxın) toxumlar olur. Çiçək və meyvəsində narıncı rəngli hiperisin piqmenti var. Bu piqment dəriyə toxunduqda əvvəlcə narıncı rəngli ləkə kimi görünür, sonra getdikcə tədricən tündləşərək qəhvəyi rəng alır. Adi dazı iyun ayından başlayaraq avqusta qədər çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir.
Çoxillik ot bitkisi olub, gövdəsinin hündürlüyü 30-80 sm, ikitərəfli qabağa çıxan qabırğalı, yuxarı tərəfində qarşı-qarşıya düzülmüş yarpaqları vardır. Qarşı-qarşıya düzülmüş yarpaqlarının uzunluğu 1-3 sm, eni 2-8 mmolub, çoxsaylıdır. Çoxsaylı çiçəkləri gövdənin zirvəsində süpürgəvarı və ya qalxanşəkilli çiçəkqupunda toplanmışdır. Səbətciyi 5 bölümlü, tacı 5-ləçəkli olub, uzunluğu 12-15 mm, qızılı-sarı olmaqla, kənarları qara nöqtəlidir. Meyvəsi çoxtoxumlu, 3-yuvalı qutucuqludur.
Subasar çəmənliklərdə, meşə, meşə kənarlarında və pöhrəliklərdə rast gəlinir.
Yabanı və mədəni çoxillik ot bitkisi olan adi dazıotu tam çiçəkləmə dövründə (iyul-avqust) xammal olaraq toplanılır və keyfiyyətli dərman bitki xammalı kimi istifadə edilir. Topladıqda zirvəsindən 25-30 sm aşağı kəsmək lazımdır. Xammal kölgəli yerlərdə brezent və çadır üzərində 5-7 sm qalınlığında sərilməli, yaxşı ventiliyasiyalı çardax və naveslərdə və ya 40-60оС-də quruducu şkafda qurudulmalıdır.
Yaxşı havalı qaranlıq yerlərdə stellaj və yeşiklərdə saxlanılmalıdır. Saxlanılma müddəti 3 ildir.
Əsasən meşə kənarlarında, kolluqlarda, əkin yerlərinin kənarlarında, becərilməyən yerlərdə bitir. Meşə yolları və sahələrin ətrafında alaq otu kimi gözə dəyir. Avrasiyada Atlantik okeanı sahillərindən Sibir, Monqolustan və Çinə qədər ərazidə geniş yayılmışdır. Şimali Afrikada, Kanar və Azor adalarında rast gəlinir. Bəzi növləri Avstraliya, Yeni Zelandiya, Yaponiya, Şimali və Cənubi Amerikaya gətirilmib yayılmışdır. Azərbaycanın bir çox rayonlarında yayılıb. Respublikamızda ehtiyatı boldur.
Tibbi məqsədlə adi dazı bitkisinin yerüstü hissəsindən (Herba Hyperici) istifadə edilir. Bitki xammalı intensiv çiçəkləmə dövründə yerdən 8-10 sm hündürlükdə kəsilərək yığılır. Kölgədə, yaxud quruducularda 35-40° S temperaturda qurudulur. Düzgün qurutduqda bitkinin rənki dəyişilmir və təzə bitkidə olduğu kimi xoş balzamik ətrə malik olur. Qurudulmuş xammalın öz keyfiyyətini saxlama müddəti 3 ildir.
Adi dazı çoxlu bioloji aktiv maddələrə malikdir. Onun tərkibində fotoaktiv antrasen törəmələri (hiperisin—0,4%, psevdohiperisin, protopsevdohiperisin və s), flavon birləşmələri (hiperozid—0,7-1%, rutin, kversitrin, izokversitrin, mirisetin və kversetin), efir yağı — 0,1-0,25% (terpenlər, seskviterpenlər və izovalerian turşusunun mürəkkəb efirləri), aşı maddələr (10%-ə qədər), qətranlar (10%-ə qədər), saponinlər, antosian, seril spirti, alkoloidlərin izi, karotin (55 mq%), nikotin turşusu, askorbin turşusu (80-120 mq%), xolin (34 mq%), P vitamini, PP vitamini, tokoferol və s. aşkar edilmişdir.
Regenerativ, iltihab əleyhinə, yarasağaldıcı.
Tərkibində aşı maddələr 10-12%, qatran 10%, katexin, leykoantosianidin, karatinoidlər 55mq%, antrasen 0,4%, hiperisin, psevdohiperisin, protopsevdohiperisin), efir yağları, flavonoidlər, hiperozid (otda - 0,7%, çiçəkdə - 1,1%), rutin, kversitrin, izokversitrin, kversetin), vitaminlər (C, PP, karotin, nikotin turşusu), antosian, spirt, alkaloid, qatran və piqmentlər vardır.
Büzücü, antiseptik, iltihabsorucu və antidepressant dərmandır. Tərkibində flavonoidlər (hiperozid, rutin, kverçitrin, izokverçitrin, miriçetin) antrosen törəmələri (hiperesin, psevdohiperesin), aşı maddələri, efir yağları, karotinoidlər və askorbin turşusu vardır.
Dazıotu xammalı. Büzücü, iltihabsorucu, antiseptik dərman.
Dazıotu qarışığı. Antidiabetik qarışıq - «Arfazetin», «Mirfazin».
Sidikqovucu qarışıq - «Brusniver», «Brusniver-Т».
Ödqovucu - hepatoprotektor qarışıq - «Hepavit».
Dazıotu cövhəri. 40% etil spirtdə (1:5) nisbətində büzücü, iltihabsorucu dərmandır.
Novaimanin 1% məhlul. Antibakterial dərmandır.
Deprim həb. Ümumtonuslandırıcı və adaptasiyaedici.
Doppelgerç məhlulu. Antidepressant dərmandır.
Helarium draje. Antidepressant dərmandır.
Heqrustin kapsul. Antidepressant dərmandır.
Yarsin 300, draje (ekstrakt). Antidepressant dərmandır.
Dazıotu kompleks preparatlar. «Sibektan», «Novo-Passit», «Farinqall», «Prostanorm». Ümummöhkəmləndirici eliksir.
Bitkinin yerüstü hissəsi (gövdə, çiçək və yarpaqları). Çox istifadə edilən dərman bitkisidir. Orqanizm möhkəmləndirən, iltihab əleyhinə olub, qankəsici xüsusiyyəti vardır. Miokardit və endokarditdə stimulaedici və spazmolotik maddə kimi işlədilir. Astenik hallarda, nevroz, nevrasteniya, baş ağrısı, halsızlıq zamanı istifadə edilir. İltihabsorucu və ağrıkəsici vasitə kimi tətbiq edilir. Dazıotu mədə-bağırsaq traktı xəstəlikləri (qastrit, mədə və onikibarmaq bağırsağın xora xəstəliyi, enterkolit, ishal, hemorroy (babasil), xoralı kolit), qaraciyər, ödyolları (xolesistit, öddaşı xəstəliyi, sarılıq, xroniki hepatit) xəstəliklərində işlədilir. Qlomerulonefrit, pielonefrit, sistit, revmatizm, lümbaqo və prostatitdə diuretik, antidipressant, iltihabsorucu dərman maddəsi kimi tətbiq edilir. Bitkinin dəmləmə və bişirməsindən bağırsaqlarda kolit, dəridə yanıq, gingivit və stomatitlərdə təyin edilir. Dazıotu ilə qarışığı qrammüsbət mikroorqanizmlərin və stafilokokkların müalicəsində antibiotiklərlə birlikdə tətbiq edilir. Bundan başqa abses, fleqmona və infiltrativ proseslər zamanı da tətbiq edilir. Son zamanlar dazıotunun antidepressant effekti meydana çıxmışdır. Bundan başqa yüksək psixoemosional həssaslığın və stressin aradan göturülməsində və fotosensiblizasiyaedici kimi xüsusiyyətləri də olduğu təsdiq edilmişdir. Bioloji aktiv maddələrlə (spirt, karotinoidlər, tokoferol) dazıotunun qarışığı iltihabsorucu effekt yaradır. Dəmləməsi keyfiyyətli spazmalotik, büzücü, dezinfeksiyaedici və iltihabsorucu dərmandır. Qastrit, kəskin və xroniki enterit və kolitlərdə, öd yollarının diskenziyasında, xolesistit, öddaşı xəstəliyi, hepatit və meteorizmdə işlədilir. Tonzillit, angina, gingivit və stomatitlərdə dəmləməsi ilə qarqara edilir.
1 xörək qaşığı bitki 1,5 stəkan qaynanmış suda dəmlənilməklə məhlulu hazırlanılır (termosda). Gündə 3 dəfə yeməkdən 20-40 dəqiqə əvvəl 1/3 stəkan qəbul edilməlidir.
Xarici vasitə üçün 2-3 xörək qaşığı bitki 2 stəkan qaynanmış suda dəmlənərək məhlul şəklində qəbul edilir.
2 çay qaşığı bitki 250ml qaynanmış suda dəmlənilir. Gündə 2-3 fincan qəbul edilir. Bir neçə həftə ardıcıl qəbul edilməlidir. Spirtli məhlulunu hazırlamaq üçün 1:10 nisbətində 70-96%-li etil spirtində 10 gün ərzində saxlanılmalıdır. 30-50 damcı məhlul 1/3 stəkan su ilə qarışdırılır və qarqara edilir.
Yağ (Oleum Hyperici). 2-3 stəkan dazıotu çiçəkləri 200 q günəbaxan yağında həll edilir. Saxlama müddəti qaranlıq yerdə, otaq temperaturunda 2 həftədir.
Xalq təbabətində oynağın mübadilə, infeksion və revmatik etiologiyalı xəstəliklərində, yara, xora və müxtəlif travmalarda, kəskin yolxucu xəstəliklər: vərəm, qızdırma və xoşxassəli törəmələrində işlədilir. Mastopatiyalarda - mastit, qadın cinsiyyət orqanlarının iltihabi xəstəliklərində müalicə üçün yararlıdır. Bitkinin fotosensiblizasiyaedici xüsusiyyətinə görə vitiliqo xəstəliyinin müalicəsində, ağız və boğaz xəstəliklərinin müalicəsində, yanıq və yaralanmalarda işlədilir.
Əks göstəriş - Qaraciyər nahiyyəsində xoşagəlməz duyğular, ağızda acılıq hıssi, qəbizlik, iştahın pozulması. Qan təzyiqini qaldırdığından hipertoniyaya meyillik zamanı qəbul edilməsi məsləhət görülmür.
Adi dazı geniş farmakoloji təsir spektrinə malik bitkidir. Müəyyən edilmişdir ki, adi dazının flavonoidləri qan damarlarının, öd yollarının və bağırsaqların saya əzələlərinə spazmolitik təsir göstərir.
Petkov (1988) Leclerc-ə istinad edərək, adi dazının antiseptik xassəyə malik olduğunu qeyd edərək onu yarasağaldıcı kimi tətbiq etməyi məsləhət görür. Onun fikrincə, adi dazı yerli anesteziyaedici və iltihab əleyhinə təsirlərə malikdir.
Eksperimental olaraq adi dazıdan ekstraksiya nəticəsində alınmış karotin, tokoferol və ali spirtlərdən ibarət qatışığın iltihabgötürücü təsir göstərməsi müəyyənləşdirilmişdir.
Adi dazının preparatları büzücü, iltihabgötürücü, antiseptik təsirlərə malik olmaları ilə yanaşı, regenerasiya proseslərini də tənzimləyirlər.
Adi dazının çıxarışları ürək əzələlərinin yığılma amplitudasını artırır, qan təzyiqini azca yüksəldir, sinir sisteminə antidepressiv təsir göstərir. Onun qalen preparatları qastrit, mədə-bağırsaq yaraları, enterokolit, öd yollarının diskineziyası, xolesistit, öd daşı, hepatit, babasil, sistit, stomatit, parodontoz, gingivit, faringit və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir. Adi dazının preparatları zəif toksiki təsirə malikdirlər. Lakin fəsad vermirlər.
Adi dazı həlimindən yoğun bağırsağın rentgenoloji müayinəsində də istifadə olunur. Bu zaman barium qatışığına, 15,0:100,0 nisbətindən hazırlanmış dazı həlimi qarışdırılır. Bu, bir tərəfdən qarışığın bağırsaqda asan hərəkətini təmin edərək müayinə müddətini azaldır, digər tərəfdən isə bariumun özlülüyünü azaldaraq selikli qişanın relyefinin daha dəqiq alınmasına imkan yaradır. Adi dazıdan otolarinqoloji təcrübədə də istifadə olunur. Belə ki, bitki xammalından (1:5 nisbətində 40°-li spirtdə) alınmış cövhər xroniki iltihablı otitdə ya damçı şəklində, yaxud trunda vasitəsilə qulaq keçəçəyinə daxil edilir. Bu qayda ilə hazırlanmış cövhərdən tonzillit, angina, gingivit və stomatitdə (1 stəkan suya 30-40 damcı) qarqara etmək üçün istifadə olunur. Adi dazı fotosensibilizəedici maddə kimi, insanda Günəş işığına qarşı həssaslığı yüksəltmək qabiliyyətinə malikdir. Sokolov və Zamotayev bu xassənin, dazı bitkisinin tərkibindəki hiperisin piqmenti ilə əlaqədar olduğunu qeyd edirlər. Adi dazının qatılaşdırılmış ekstraktından vitiliqoda piqmentsizləşmə nəticəsində dəridə əmələ gələn ağ ləkələri yox etmək üçün istifadə edilir. Bitki xammalından antibakterial təsirə malik "Novoimanin" (Novoimaninum) preparatı alınmışdır.
Bolqarıstanda bitkinin yerüstü hissəsindən qaraciyər və öd kisəsinin, o cümlədən həzm traktının xəstəliklərində büzücü və iltihabgötürücü maddə kimi istifadə olunur. Yara, podaqra, işias, revmatizm, vərəm və babasil xəstəliklərinə qarşı məsləhət görülür.
Fransada adi dazı otundan həm diuretik, həm ürək fəaliyyətini tənzim edən, həm də toxumaların regenerasiyasını tənzim edən maddə kimi istifadə edirlər.
Polşada ondan mədə-bağırsaq xəstəliklərində qankəsici və yarasağaldıcı maddə kimi, habelə qəbizlik hallarında, nevralgiyada, baş ağrılarında, yuxusuzluqda istifadə edilir.
Rus xalq təbabətində adi dazı revmatizm, işias, podaqra, ağciyərlərin vərəmi, daxili qanaxmalar, babasil, qaraciyər xəstəlikləri, çiban və digər iltihabi proseslərin müalicəsi üçün geniş istifadə olunur.
İbn Sina adi dazının, oturaq siniri iltihabını götürdüyünü, güclü sidikqovucu və yarasağaldıcı effektlərə malik olduğunu qeyd etmişdir.
BQ qərbi, BQ şərqi, BQ Quba sahəsi, Samur-Dəvəçi və Xəzər sahili ovalıqları, Qobustanın rayonlarında arandan subalp qurşağına kimi yayılmışdır. Meşə, meşə kənarı, çay vadiləri, kolluq, otlu yamaclar və bağlarda bitir.[2]
Adi dazı xammalından müxtəlif üsullarla çıxarışlar aparılır:
Çini bir qaba lazım olan qədər dazı çiçəkləri doldurub, ürtünə onu örtənə qədər zeytun yağı tökülür. Qabın ağzı qapaqla örtülərək su hamamında 6 saat dəmlənir. Bundan sonra su hamamından çıxarılır. Ağzı açılmadan, otaq temperaturunda soyudulur və süzülür. Bu müddət ərzində zeytun yağı dazının keyfiyyətini almış olur. Onun rəngi qırmızımtıl-qonur rəngə çalır və spesifik aromat kəsb edir. Bu yağ mədə-bağırsaq yaralarında, qastritdə, öd yollarının iltihabında çox yaxşı təsir göstərir. Ondan gündə bir dəfə, səhər-səhər ac qarına, bir xörək qapşığı qəbul edilir.
Xırdalanaraq toz halına salınmış dazı otundan iki xörək qaşığı qədər götürərək 0,5 l suya tökülür, beş dəqiqə qaynatdıqdan sonra süzgəcdən keçirilir. Gündə 3-4 dəfə (hər dəfə 100 ml) yeməkdən 20-30 dəqiqə əvvəl isti halda qəbul edilir.
Üç xörək qaşığı xırdalanmış dazı otu üzərinə 250 ml qaynar su töküb, iki saat dəmə qoyulur. Sonra süzülür. Gündə üç dəfə, hər dəfə 70-80 ml, yeməkdən əvvəl qəbul edilir.
Dazı həliminin hazırlanması. 10 q xırdalanmış adi dazı xammalı üzərinə 200 ml qaynar su töküb ağzını qapaqla örtdükdən sonra 30 dəqiqə ərzində su hamamında saxlanılır. Su hamamından çıxardıqdan 10 dəqiqə sonra süzülür. Alınmış həlimin üzərinə qaynanmış su əlavə etməklə əvvəlki həcmə (200 ml) çatdırılır. Ondan gün ərzində 4-5 dəfə, hər dəfə bir xörək qaşığı qədər qəbul edilir.
Qeyd olunan üsullardan əlavə, adi dazı bir çox dərman bitkiləri yığınlarının da tərkibinə daxildir.