Zəlyə yaylası (gürc. წალკის ქვაბული) — Gürcüstanın mərkəzində, Anaxatır çayının başında yerləşən vulkan platosu. Ərazisi təxminən Tsalka bələdiyyəsi və ona həmsərhəd olan Borjomi bələdiyyəsinin bir qismi ilə eynidir. Cavaxeti yaylasının tərkib hissəsidir.[1]
Zəlyə yaylası dəniz səviyyəsindən 1,500—1,700 metr hündürlükdə yerləşir və 398,3 kvadrat kilometr sahə əhatə edir. Yüksəklidə yerləşən ərazi əsasən otlaq çəmənlərdən, aşağı hissəsi isə kənd təsərrüfatı sahələrindən ibarətdir.[2] İlboyu orta hərarət 5,9 dərəcədir (yanvarda 4,8 dərəcə, iyulda 16 dərəcə). İllik yağıntı səviyyəsi 740 millimetrdir. Yaylanın mərkəzində Zəlyə su anbarı yerləşir.[3]
Neolit dövründən tunc dövrünün ortalarına (təxminən e.ə. 1500-ci il) qədər burada meşələrin olması güman edilsə də, hal-hazırda yaylanın torpağı qədim dolomit lavadan ibarətdir və əsasən qeyri-münbitdir.[4] Sovet İttifaqının yaranmasından əvvəl sərt hava şəraiti, dolu və çöl siçanı bolluğu burada əkinçiliklə məşğul olmağa mane olurdu. Bu səbəbdən əhali əsasən maldarlıq və arıçılıq ilə məşğul idi.[5]
Zəlyə yaylası qədim Trialeti mədəniyyətinin əsas məkanıdır. 1930-cu illərdə burada eramızdan əvvəl ikinci minilliyə aid olan kurqanlar aşkar edilmişdir.[6] Bəzi kurqanlar bir biri ilə daşdan qurulmuş, uzunluğu 100 metrə çatan "izdiham yolları" ilə birləşir.[4]