Zəncirləmə — Azərbaycan aşıq ədəbiyyatında çox az-az işlənən spesifik formalardan biri. Zəncirləmədə hər bir bəndin son sözü ya olduğu kimi, yaxud da tərkib halında özündən sonrakı bəndin əvvəlinə keçid şəklində zəncirlənir.[1] Zəncirləmələr də cığalar kimi musiqinin ritminin və ahənginin dəyişməsi ilə əlaqədar müxəmməs, müsəddəs və s. aşıq şeri şəkillərinə əlavə olunur. Daha çox saz havasının, ifaçılığın tələbi ilə meydana çıxan zəncirləmə bir tərəfdən şerin özünə oynaqlıq və ifadəlilik gətirir, o biri tərəfdən isə sənətkarın poetik ustalığını, bilik və bacarığını nümayiş etdirir. Zəncirləmələrin konkret forması yoxdur. Onlar on beş, on bir, səkkiz hecalı müxəmməs, yaxud qoşma misralarına əlavə olunan beş-yeddi hecalı oynaq şeir parçalarıdır. Zəncirləmənin mürəkkəb formasına Məlikballı Qurbanın yaradıcılığında təsadüf olunur. Həmin sintetik şeir şəkli qoşma-müstəzad əvvəl-axır zəncirləmə adlanır:
Bir gözəlin övsafından bu zaman,
Danışıb deyərəm, söylərəm xitab,
Bağlaram kitab,
Ollam sərhesab.
Sərhesab oluban səhraya düşdüm,
Tapmadım sənin tək bir ali nisab,
Bir ülüləlbab,
Zülfü piçü tab.
Piçü tab olmaqda gəzdim cahanı,
Tiflisi, Gəncəni, Şəki, Şirvanı,
Dağıstan, Qəbələ, Bakı, Qubanı,
Qarabağ mahalına etdim irtiqab,
Altımda iqab,
Ayaq bər-rikab.
Ayaq bər-rikab, mən oldum səvar,
Kəndi, obanı gəzdim nə ki, var.
Çayıllı, Nimrəli, Xunaşın, Dizmar,
Sərvü-Çartaz, Dəlilidən ictinab,
Yox bir içim ab,
Bilməzlər savab.
Göründüyü kimi, burada hər misranın sonunda işlənən söz, yaxud ifadə yeni misranın əvvəlində təkrarlanır, ona görə də bu tipli zəncirləmə əvvəl-axır zəncirləmə adlanır.
Zəncirləmə ilə cığanın forma yaxınlığına və funksiya eyniyyətinə baxmayaraq onlar eyni şerin tərkibində paralel surətdə müstəqil də mövcud ola bilərlər. Aşıq Hüseyn Şəmkirlinin aşağıda bir parçası verilən "Könül" adlı zəncirli-cığalı müsəddəsi buna misal ola bilər:
Ay həzərat, qulax asın,
Biir təzə yar istər könül.
Gözləri şəhla kimi,
Zülfü ənbər istər könül.
Yanağı gül yarpağı,
Ləbi əhmər istər könül.
Tər əndamı güldən nazik,
Sinəsi qar istər könül.
Qoynu cənnətin bağı,
Məməsi nar istər könül.
Qoynun rizvan,
Huriyi-qılman,
Can sənə qurban,
Öldüm, ay aman,
Qaşları kaman.
Qaşları qövsi-qüzeh,
Belə düxtər istər könül,
Düxtərin gül sifəti,
İrəngi lalə qırmızı,
Tikilib qullabıdan,
Sərində şalı qırmızı.
Qoyubdu tər xınanı,
Ağ, nazik ələ qırmızı.
Məclis içində saqi,
Əldə piyalə qırmızı.
Dodağından öpəsən,
Yanağından öpəsən,
Buxağından öpəsən,
Ayağından öpəsən,
Çünki qədəm götürüb,
Belə nigar istər könül.
Bu nümunədə cığa ilə zəncirləmə bir-birinin arıdnca gəlir və zəncirləmə, əslində, müsəddəsin hər bəndindəki fikrin yekunu, tamamlanması funksiyasını öz üzərinə götürür.[2]
Molla Cumanın "Mən" rədifli şeri də məşhur zəncirləmə nümunəsidir:
Aşıqlıq Adəmdən icad olubdur,
Ol Adəm atanın nəvəsiyəm mən.
Nə qədər dünyaya aşıq gəlibdir,
Küllü aşıqların anasıyam mən.
Aşıq anasıyam, şairlər kökü,
Gəzərəm dünyanı divanə təki,
Mahalım Göynükdü, şəhərim Şəki,
Layiski kəndinin binasıyam mən.