Aşıq ədəbiyyatı

Azərbaycan aşıq sənəti (az.-əski. آشیق صنعتی‎) — şifahi ənənəli Azərbaycan musiqi mədəniyyətinin ən qədim sahələrindən biri olan aşıq sənətinin mühüm tərkib hissəsidir.[1] Aşıq sənətində musiqi, poeziya, təhkiyə, rəqs, pantomima, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir.[1] Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.[1]

Azərbaycan musiqisi
Ümumi mövzular
Janrlar
Xüsusi formalar
Milli musiqi
Alt janrlar
Media və təqdim etmə
Musiqi festivalları
Musiqi mediasıMədəniyyət TV
Millətçilik və vətənpərvərlik mövzusunda mahnılar
Milli himnAzərbaycan himni

Aşıq musiqisinin ən geniş yayılmış növlərindən biri sazın müşayiətilə solo oxumaqdır.[1] Sazda çalmaq tarixi inkişaf prosesində tədricən müstəqil bədii əhəmiyyət kəsb etmişdir.[1] 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi mədəni irsin Reprezentativ Siyahısına daxil edilmişdir.

Azərbaycan bəstəkarlıq məktəbinin əsasını qoymuş Üzeyir Hacıbəyov "aşıq" sözünü "eşq" (ərəbcə) ilə bağlayır.[2] Professor M. Təhmasib aşığı hazırda az işlənən və qədim türk söz kökü olan "aş"dan törədiyini qeyd edir.[2] Əslində isə "aş" kökündən düzəldilən "aşılamaq" feli bu gün də işlənir.[2] Güman olunur ki, "aş" kökü "mahnı" yaxud "nəğmə" mənasında da işlənib, çünki "aşulamaq""oxumaq" deməkdir.[2] Hazırda özbək dilində "aşulaçi" — "mahnı oxuyan, müğənni" deməkdir.[2]

Məlumdur ki, "varsaq" sözü "aşıq şeiri" yaxud "aşıq mahnısı (havası)" mənasını bildirir.[2] Ehtimal olunur ki, "aş-u-la" yaxud "aş-ı-la" — "aş" kökündən törəyərək, Azərbaycan dili qanunlarına görə "-ıq" şəkilçisi ilə birləşib fəxri ad-ünvan şəklini almışdı.[2] Fəxri ad (ünvan) kimi "Aşıq" artıq XII əsrdən məlumdur və ilk dəfə bu ada türk sufiliyinin təməl daşını qoyan şair Əhməd əl-Yasəvinin yaradıcılığında rast gəlinir.[2]

Öz şəxsiyyətində musiqiçi (çalğıçı və müğənni), dastançı (nağılçı), şair və söz ustası (aktyor və quruluşçu recissor) sənətlərini toplu halında birləşdirən Azərbaycan aşıqları ən qədim xalq-peşəkar musiqi ən’ənələrinin öncül daşıyıcılarından sayılırlar. Bu baxımdan onları baxşı (Türkmənistan), akın (Qırğızıstan), bastakor (ÖzbəkistanTacikistan), trubadur (Fransa, XI–XIII yüzilliklər), skald (qədim və orta əsrlər Skandinaviyası), menestrel (İngiltərə), rapsod (qədim Yunanıstan) və bardlarla (İrlandiyaŞotlandiya) müqayisə etmək olar.

Azərbaycan aşıq sənəti çox dərin tarixi kökləri olan və yüzilliklər boyu keçilən inkişaf yolunun məntiqi məhsuludur. Ən qədim dövrlərdən indiyədək saz-söz sənəti daşıyıcıları ozan, uzan, varsaq, dədə, qam, ata və bir-çox başqa adlarla tanınmışlar. Öz yaradıcılıq fəaliyyətində onlar tarixi hadisələri və gündəlik həyatı nəsil, tayfa və xalqın tarixi yaddaşına çevirməklə kifayətlənməyərək, müdrik məsləhətçi, el ağsaqqalı, əski inam biliciləri kimi çıxış etmişlər.

XI–XVII əsrlər

[redaktə | mənbəni redaktə et]

Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi olan Kitabi-Dədə Qorqud, XI–XII əsrlərdə aid edilir.[3] Əsərin ilk nüsxəsinə XIX əsrin əvvəllərində Almaniyada Drezden kitabxanasında təsadüf edilmişdir.[4] Həmin kitabxananın kataloqunu tərtib edən Fleyşer əlyazmasının üstündə olan bir qeydə əsaslanaraq əsəri XVI əsr kataloquna daxil etmişdir.[4] 1815-ci ildə şərqşünas Henrix Fridrix fon Dits həmin əlyazmasının üzünü çıxardaraq Berlin kitabxanasına gətirmiş və "Təpəgöz" boyunu da alman dilinə tərcüməsilə birlikdə nəşr etmişdir.[4]

XVIII–XIX əsrlər

[redaktə | mənbəni redaktə et]
Aşıq Alı — XIX əsr Azərbaycan aşıq şeirinin nümayəndələrindən biri

XVIII–XIX əsrlərdə Azərbaycan və gürcü poeziyası sıx qarşılıqlı əlaqədə inkişaf edirdi.[5] Azərbaycan şairləri və xanəndələri Gürcüstana gedir, orada uzun müddət yaşayır, azərbaycanca bilən gürcü şair və aşıqları ilə tanış olur və onlara müəyyən təsir göstərirdilər.[5] Məhz bu təsirin nəticəsində gürcü şair və aşıqları da müxəmməs, müstəzad, təcnis, bayatı, gəraylı, qoşma, dodaqdəyməz, qəzəl və sair şeir formalarından istifadə edirdilər.[5] Bu proses XIX əsrin axırları və XX əsrin əvvəllərində xüsusilə güclənmişdi.[5] Başlıca səbəb isə Zaqafqaziyada aşıq sənətinin güclü inkişafı, Azərbaycan dastan yaradıcılığının Gürcüstanda geniş yayılması idi.[5] Gürcüstanlı şair və alim İosif Qrişaşvili yazırdı:

" Onlar əsl aşıq idilər və üç dildə - gürcücə, azərbaycanca və ermənicə oxuyurdular. Bu aşıqların bəzisi tiflisli, bəzisi irəvanlı, gəncəli, şamaxılı, həştərxanlı idilər.[5] "

XVIII əsrin ikinci yarısında yaşayıb yaratmış Sayat Nova kimi aşığın gürcü əlifbası ilə yazıya alınmış 27 şeiri ötən əsrin 1880-ci illərində tapılıb.[5] Bu şeirlərdə onun Azərbaycan aşıq sənətinin incəliklərini dərindən bildiyi göstərilir.[5] Aleksandr Xodzkonun azərbaycanlı Aşıq Sadıxın ifasında yazıya alınmış və 1842-ci ildə Londonda nəşr olunmuş "Specimens of popular poetry of Persia" kitabına daxil edilmiş "Koroğlu" havasını aşıq musiqisinin nota salınmış ilk nümunəsi hesab etmək olar.[6]

Azərbaycan şifahi ənənəli musiqi irsinin ilk not yazıları XIX əsrdə rus folklorçularına məxsusdur.[7] Gilanda rus konsulu kimi fəaliyyət göstərən Aleksandr Xodzko 1842-ci ildə "Koroğlu" dastanını Azərbaycan aşıqlannın ifasından yazıya almış və "Fars xalq poeziyası nümunələri" adı altında Londonda ingilis dilində Koroğlu havalarından ibarət məcmuə halında dərc etdirmişdir.[7] Bu məcmuə 1856-cı ildə S. S. Penn tərəfindən rus dilinə tərcümə olunub, "Koroğlu Şərq şairi və xalq qəhrəmanı. Tərcümeyi-halı əlavə olunmaqla, onun bütün oxumalarının tam külliyyatı" adı ilə həm ayrıca kitab kimi, həm də "Qafqaz" qəzetinin səhifələrində nəşr olunmuşdur.[8]

XX əsrin erkən illəri

[redaktə | mənbəni redaktə et]

1928-ci ildə Azərbaycan aşıqlarının I qurultayı keçirildi.[9] 1932-ci ildə Azərbaycan Dövlət Konservatoriyası nəzdində yaradılmış Elmi – tədqiqat xalq musiqisi kabinetinin Azərbaycan aşıq musiqisinin toplanılıb nota salınmasında mühüm rolu olmuşdur.[6] 1938–40-cı illərdə Azərbaycanın müxtəlif rayonları üzrə folklor-etnoqrafik ekspedisiyalarında bilavasitə informatorlann, yəni söz-sənət təmsilçiləri olan aşıqların canlı ifasından yazıya alınmışdır.[7]

SSRİ-nin yürütdüyü "dəmir pərdə" siyasəti uzun müddət Azərbaycan musiqisi üçün beynəlxalq musiqi məkanına çıxışı bağlamışdı.[10] Xarici mədəni məkanda Azərbaycan aşıq yaradıcılığının mövqeyinin itirilməsi ilə yanaşı, Azərbaycanın özünün daxilində də keçən yüzilin 1920–30-cu illərin məlum şüarlarında ifadə olunmuş nihilist tendensiya tədricən aşıq yaradıcılığının ictimai statusunu laxlatdı.[10] 1970-ci illərədək olan dövrdə Azərbaycan cəmiyyətində aşıq yaradıcılığına primitiv sənət kimi baxış tədricən möhkəmlənməyə başlasa da, cəmiyyətin müəyyən bir hissəsində aşıq yaradıcılığının populyarlığını azaltmadı.[10]

1961-ci ildə aşıqların III qurultayı ərəfəsində akademik Həmid Araslı "Aşıq yaradıcılığı" adlı monoqrafiya çap etdirdi.[11] Bu aşıq sənətinin öyrənilməsi sahəsində ilk təşəbbüs idi.[11] Qurultaydan sonrakı illərdə aşıq sənətinin öyrənilməsi və tədqiqi geniş bir miqyas aldı.[11]

Dəmir pərdə dövründən sonra (1970–1980-ci illər)

[redaktə | mənbəni redaktə et]

1970-ci illərin əvvəllərində SSRİ-də UNESCO-nun himayəsi altında, 1971-ci ildə Moskvada, 1973-cü ildə Almatıda, 1978-ci və 1983-cü ildə Səmərqənddə keçirilən ənənəvi musiqinin beynəlxalq festivalları Qərb üçün Sovet Şərqinin ənənəvi musiqisini, həmçinin orijinal musiqi mədəniyyəti kimi Azərbaycan aşıq yaradıcılığı sənətinin dirçəlişində rol oynadı.

Heydər Əliyevin 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam Qərbi Azərbaycanın tarixi-mədəni irsinin məhz Azərbaycan xalqına mənsubluğunun rəsmən bəyan edilməsi olmuş və bu irsə sahib çıxmaq üçün bir işarə mahiyyəti daşımışdır.[12] Bu sərəncam təkcə Aşıq Ələsgər irsinin deyil, Qərbi Azərbaycandakı aşıq mühiti və onun görkəmli nümayəndələrinin (Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Növrəs İman, Aşıq Məmmədhüseyn və b.) poetik irsinin toplanması və tədqiqi işində müstəsna rol oynamışdır.[12] 1972–1973-cü illərdə Azərbaycan Elmlər Akademiyası Aşıq Ələsgərin ədəbi irsini əhatə edən ikicildliyi hazırlayıb nəşr etdirmiş, 1975-ci ildə Aşıq Alının, 1976-cı ildə Zodlu Abdullanın əsərləri ilk dəfə kitab halında işıq üzü görmüşdür.[12] Həmin illərdə aşıq sənətinin, xüsusən də Qərbi Azərbaycan aşıq mühitinin tədqiqi istiqamətində çoxlu dissertasiyalar yazılmışdır.[12][13][14][15]

Həmin illərdə Cənubi Azərbaycan aşıq ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri də toplanıb nəşr etdirilmişdir.[12] 1979-cu ildə nəşrə başlayan və Azərbaycan folkloruna geniş yer ayıran "Varlıq" jurnalı, Səhəndin "Dədə Qorqud" motivləri əsasında yazılmış "Dədəmin öyüdü", "Dədəmin kitabı", "Dəli Domrul" poemaları və digər Güney şairlərinin o dövr yaradıcılığı Şimal Azərbaycanda güclənməkdə olan milli ideyaların Cənubi Azərbaycan ədəbi-mədəni mühitinə əsaslı təsirindən xəbər verir.[12]

1970–80-ci illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində saz məktəbləri, aşıq ansamblları, aşıq muzeyləri yaradılmış, folklor bayramları mütəmadi xarakter almışdır.[12] 1978-ci ildə Cəbrayılda təşkil olunmuş "Qurbani saz bayramı" xüsusilə yaddaqalan olmuş, 1979-cu ildə Gəncədə məşhur "Çeşmə" folklor teatrı, 1980-ci ildə ilk dəfə olaraq, aşıq qızlar ansamblı – "Aygün" fəaliyyətə başlamışdır.[12] Televiziya və radioda dastan axşamları, milli-mənəvi dəyərləri təbliğ edən "Ozan", "Bulaq", "Odlar yurdu", "Ocaq", "Elin sazı – elin sözü" verilişləri meydana gəlmişdir.[12] Həmin illərdə Respublika sarayında "Koroğluya qayıdaq" adlı aşıq gecələri təşkil olunmuşdur.[12] 1979-cu ildə "İrs" folklor ansamblı fəaliyyətə başlamışdır.[12]

1982-ci ildə xalq şairi Hüseyn Arifin təşəbbüsü ilə Azərbaycan Aşıqlar Birliyinin Təşkilat Komitəsi yaradıldı.[9] Komitənin üzvləri aşıq Kamandar Əfəndiyev, Suleyman Ələsgərov, Vaqif Vəliyev, Məcnun Göyçəli, Aydın Çobanoğlu, Qaracan Borçalı (Kərimli), Əzizə Cəfərzadə, İmran Həsənov və Əhməd Şirvanlı idi.[9] Bu tərkibdən ibarət olan təşkilat komitəsinin qərarı ilə 1982-ci ildən Azərbaycan Aşıqlar Birliyi öz nüfuzunu artıraraq 1984-cü ilin mart ayının 19-da Azərbaycan Dövlət Filarmoniyasında növbəti IV qurultayını keçirdi.[9] Birlik 1984-cü ildən 19 iyun 1991-ci ilədək Mədəniyyət Nazirliyinin tərkibində fəaliyyət göstərirdi.[9]

Müstəqil Azərbaycan dövrü

[redaktə | mənbəni redaktə et]
Beynəlxalq Aşıq Festivalı

Azərbaycan SSRİ-dən müstəqillik əldə etdikdən sonra, Azərbaycan mədəniyyətinin dünyada təbliği mümkün oldu. Bunun nəticəsində, Azərbaycan aşıqları Azərbaycan dövləti tərəfindən dəstəklənir və dünyada onlara turlar təşkil olunur.[16]

2000-ci illərdə "Azərbaycan xalq-peşəkar musiqisi: Aşıq sənəti" (2002), "Azərbaycan klassik aşıq havaları" (2009), "Koroğlu aşıq havaları" (2010) dərs vəsaitləri ali musiqi təhsili verən tədris müəssisələrində müəllim və tələbələr tərəfindən geniş istifadə edilməkdədir.[17] Bu dərsliklərdə aşıq havalarının müxtəlif aspektlərdən nəzəri təhlilinə də ətraflı yer verilmişdir ki, bu da musiqişünaslıq və etnomusiqişünaslıq ixitaslarının tədrisində tələbələrin nəzəri-təhlili biliklərinin formalaşmasına xidmət edir.[17] 2009-cu ildə Azərbaycan aşıq yaradıcılığı UNESCO-nun Qeyri-maddi Mədəni İrsin Reprezentativ Siyahısına daxil edilmişdir.[18] Həmin ildə Strasburqda keçirilən 500 tamaşaçı olan tədbirdə 15 aşıq havası səsləndi.[19]

2010-cu il oktyabrın 22-də, Bakıda Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Aşıqlar Birliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq aşıq festivalının təntənəli açılış mərasimi keçirilmişdir.[20] 2013-cü ildə Azərbaycan aşıq yaradıcılığı haqqında ilk fundamental dərslik nəşr olunub.[17]

Azərbaycan aşıq yaradıcılığının janrları

[redaktə | mənbəni redaktə et]

Aşıq şeirinin janrları olan qoşma, gəraylı, müxəmməs, ustadnamə, qıfılbəndlə yanaşı, qoşmanın təcnis, cığalı təcnis növlərindən ibarətdir.[21] Klassik aşıq havalarından bayatı, gəraylı, qoşma, təcnis və başqaları poetik formalara əsaslanır.[21] "Kərəmi", "Əfşarı", "Kürdü", "Dilqəmi", "Yanıq Kərəmi" kimi aşıq havalarının ayrı-ayrı variantları mövcuddur.[21]

Qoşma — aşıq yaradıcılığında ən çox geniş yayılmış janrdır. Adi qoşmanın birinci bəndinin 1–3-cü misraları sərbəst, 2–4-cü misraları həmqafiyə, sonrakı bəndlərin 1-2-3-cü misraları həmqafiyə, 4-cü misrası ise birinci bəndin sonuncu misrası ile həmqafiyə olur.[22] Çarpaz qafiyəli qoşmada isə birinci bənd çarpaz qafiyələnir — yəni 1–3, 2–4-cü misralar həmqafiyə olur.[22] Sonrakı bəndlərin qafiyə sistemi isə adi qoşmada olduğu kimi təkrarlanır.[22] Qoşma 11 hecadan, üç, beş, yeddi, on bir, on üç, bəzən də on yeddi bənddən ibarət olur.[22]

Qoşmada insanın hiss və duyğuları yüksək bədii ifadəsini tapır, onun daxili aləmi, xarici görkəmi, təbiət gözəllikleri ve s. vəsf olunur.[22] Molla Qasımın, Qurbaninin, Abbas Tufarqanlının, Aşıq Ələsgərin, Xaltanlı Tağının, Molla Cümənin ve b. sənətkarların yaradıcılığında çox işlənən şəkillərdən biridir.[22] Aşıq yaradıcılığında qoşma geniş və müxtəlif məzmun çevrəsini əhatə etmiş, onun imkanlarından istifadə edən sənətkarlar özlərinin mənəvi-əxlaği, fəlsəfi-didaktik görüşlərini, öyüd, nəsihət ve digər əxlaqi dəyərləri onun vasitəsilə gəniş yaya bilmişlər.[22] Qoşma qəhrəmanlıq ve məhəbbət dastanlarında da istifadə edilən şer şəkillərindəndir.[22] O, həm ana dilində yazan bir çox klassik şairlərin, həm də müasir şer yaradıcılarının tez-tez müraciət etdiyi şekillərdəndir.[22]

Dastan bədii formasında ifadə olunan xalq epik yaradıcılığı həqiqəti bədii ən’ənə çərçivələrində özünəməxsus şəkildə modelləşdirir, tarixi keçmişi istədiyi şəkildə elə tərzdə təşkil edir ki, burada çoxəsrlik təcrübə xalqın idealları, iradəsi və baxışları ilə birləşir.[23] Aşıq yaradıcılığının bütün xüsusiyyətlərini özündə təcəssüm etdirən dastanın adının özü də müəyyən əlaqə, rabitə yaradır, çünki əsasən türk xalqlarının əksər epik dastanlarının adları onların qəhrəmanlarının və ya qəhrəmanların atalarının adları ilə bağlıdır.[23] Bu dastanlardan "Dədə Qorqud", "Koroğlu", "Qara Məlik", "Qaçaq Nəbi", "Qatır Məmməd" və s. qeyd etmək olar.[23] Qədim tarixi dövrlərdə epik yaradıcılıq sənəti "oğuznamə", "hekayət", "xəbər", "qissə", "nağıl" və s. kimi adlar daşıyıb.[23]

Bədii məzmun baxımından Azərbaycan dastanlarını üç növə ayırmaq olar: qəhrəmanlıq ("Dəli Alı", "Qaçaq Kərəm", "Səttarxan"), sevgi "Tahir və Zöhrə", "Aşıq Qərib", "Leyli və Məcnun") və öyüd-nəsihətverici ("Alıxan-Pəri", "Səlim şah") dastanlar.[23] Bir qayda olaraq, dastan ifası giriş — "ustadnamə" ilə başlanır və "duvaqqapma" ilə tamamlanır. Sonuncunun son bəndində aşıq öz adını yaxud dastan yaradıcısının adını (ləqəbini) bildirir.[23] Adətən duvaqqapma "Baş müxəmməs" havası ilə oxunur.[23] Dastanın girişində üç ustadnamə isə, öz növbəsində "Divanı", "Təcnis" və "Qaraçı" kimi havalara oxunur və məzmunca ifaçının öz sələfləri — böyük ustadları yad edib şöhrətləndirməsi və dinləyicilər üçün nəzərdə tutulan nəsihətlərindən ibarətdir.[23] Dastan yaradıcılığında aşıqlar müxtəlif şeir quruluşu və janrlarından — Gözəlləmə (tə’rifnamə), Şikayətnamə, Deyişmə (hərbə-zorba, qıfılbənd, bağlama), Oxşatma, Vücudnamə və s. istifadə edirlər.[23]

Ustadnamə ağsaqqal, böyük sözü, böyüyün nəsihəti, məsləhəti mənasında başa düşülməlidir.[24] Adətən məhəbbət dastanlarının əvvəlində üç ustadnamə bir-birinin arxasınca verilir.[24] Bu isə dastana forma yaraşığı verən, onu gözəlləşdirən, hadisəni tamaşaçıların, dinləyicinin, oxucunun diqqət mərkəzinə çəkən, bir az da dastanda baş verəcək əhvalatlardan qabaqcadan üstüörtülü şəkildə soraq verən nümunələrdir.[24] Dastanın əvvellində verilən ustadnamələrin hər birinde insan fəzilətlərindən, əxlaqi dəyərlərdən söz açılır.[24] Ustadnamələr ictimai-fəlsəfi ve didaktik şerlər əsasında formalaşır.[24] Onlar deyildiyi kimi, ayrı-ayrılıqda aşıq yaradıcılığında müstəqil qoşmalar kimi yayılmışdır.[24] Məsələn, Aşıq Abbas Tufarqanlının məşhur qoşmasına nəzər salaq:

Ay həzərat, bir zamana gəlibdi,

Ala qarğa şux tərlanı bəyənməz.
Oğullar atanı, qızlar ananı,

Gəlinlər də qaynananı bəyənməz.

Aşıq Abbas Tufarqanlı[24]

Gözəlləmə — gözəllərin vəsfinə həsr edilən aşiqanə məzmunlu qoşmalardır.[22] Aşıq Ələsgərin "Güləndam", "Xurşıd", "Müşkinaz" və başqa gözəlləmələr, qoşmaların ən gözəl nümunələrindəndir.[22]

Aşıq məktəbləri və məclisləri

[redaktə | mənbəni redaktə et]

Bir sıra tanınmış aşıq məktəbləri, — Göyçə, Tovuz, Borçalı, Gəncə-Şəmkir, Şirvan, Qarabağ, Qaradağ, Təbriz, Urmiya, ÇıldırDərbənd saz-söz ustaları arasında istər işlədilən havacat və onun ifa üslubunda, istər yerli danışıq və söz-dastan söyləmələrində, istərsə də saz çalğısı, oxuma texnikası, səs yüksəkliyi və səslənmə xüsusiyyətlərində, tək və ansambl (birgə) hey’ətdə çıxışlarına görə biri-birindən fərqlənirlər.[25]

Borçalı, Çıldır və Urmiya aşıqları ancaq təklikdə çıxışa üstünlük verdikləri halda, Tovuz, Gəncə-Şəmkir, Qaradağ sənətkarları həm təklikdə, həm cüt, həm də balabançı ilə məclis keçirirlər.[25] Şirvan və Təbriz aşıqlarının havacatı və ifa tərzi ilə Göyçə və başqa Qərb aşıq məktəblərininki arasında köklü oxşarsızlıqlar var.[25] Yerli ənənələr tayfa-qəbilə birliklərinin mədəni irsini, onların tarixi keçmişini və həmin keçmişdə yaşama şəraitini əks etdirir.[25]

Azərbaycan aşıq ifaçılığı

[redaktə | mənbəni redaktə et]

Aşıq sənəti sinkretik xarakter daşıyır.[26] Burada musiqi, poeziya, təhkiyə, rəqs, pantomim, teatr sənəti elementləri üzvi şəkildə birləşmişdir.[26] Yəni aşıq yaradıcı, ifaçı, pedaqoji əsasları özündə birləşdirir.[26] Bu cəhətləri özündə cəmləşdirən və şagirdlər tərbiyə edən sənətkarlara "ustad aşıqlar" deyilir.[26] Sənətkarlıq xüsusiyyətlərinə görə aşıqlar üç yerə bölünür:

  • Ustad aşıqlar — sinkretik aşıq saz-söz sənətinin ən parlaq şəxsiyyətləri kimi özündə şairlik və bəstəkarlıq istedadı, kamil müğənni, çalğıçı, aktyor və hətta rəqs (plastika) sənətkarlıqlarını və ən başlıcası, təcrübəli və müdrik ustadlığı (müəllimliyi) üzvi birləşdirir.[26]
  • İfaçı aşıqlar — qədim saz-söz ənənələrini yaşadan və onu xalq arasında yayan sənət ustalarıdırlar. Azərbaycan xalqının folklorunun qorunması və inkişafında onların böyük xidmətləri var.[26]
  • Şair aşıqlar — el şairləri, aşıq sənətinin şeir nümunələrini yaradan, xalq şeirinin inkişafında xidməti olan söz ustadlarıdırlar.[26] Şair aşıqlar şeir yaradıcılığında həmişə ənənəvi havacata əsaslanırlar.[26] Bu da həmin şeirlərin ifaçı-aşıqlar tərəfindən çalıb və oxuma yolu ilə yayılmasına imkan yaradır.[26]

Aşıq sənətinin sinkretik sənət göstəricilərindən biri musiqi ilə sözün (şeirin) qarşılıqlı əlaqəliliyinin quruluş xüsusiyyətləri ilə müəyyənləşir.[27] Bu da havacatın quruluşlaşmasını şərtləndirir.[27] Poetik mətn—şer havanın quruluşunda bilavasitə öz əksini tapır.[27] Yəni şeirin mənadaşıyıcı bölgüləri müvafiq musiqili bölgülərə, məsələn, şeir misrası — melodik misraya, daha mürəkkəb düzümlü şeir bəndi isə melodik bəndə uyğundur.[27] Bədii-məna daşıyan hər bir melodik bənd havanın quruluşunun biçimlənməsində öz iştirakı ilə yanaşı, havacatdakı başqa melo-bəndlərdən özünü, bir növ ayırır.[27] Bitkin quruluşlu melobəndlər ənənəvi havacatda tipik mahnı bəndlərini xatırladır ki, belələrinin quruluşu tərkiblərində melodik misraların sayı və düzülüşü ilə şərtlənir.[27]

Genişmiqyaslılığı və bitkin quruluşu ilə fərqlənən mahnı bəndi-kuplet vokal musiqisi baxımından ən geniş yayılmış musiqi quruluşu olan perioda — dövrə uyğun ola bilər.[27] Belə period-dövrlər adətən melodik misraların cütlərini (poetik dövrə, yarımbənd) birləşdirən iki cümlədən ibarət olur.[27] Ənənəvi aşıq havalarının quruluşu tam şifahilik şəraitində təşəkkül tapıb (yetkinləşib).[27] Ənənəvi havaların müxtəlif təfsirləri (yaradıcı, özümlü ifaları) eyni havaların ayrı-ayrı variantlarının yaranmasına səbəb olur.[27] Lakin, eyni zamanda aşıq yaradıcılığına xas olan havacatın tanınma dərəcəsi daim saxlanılır.[27]

Bu halda kupletin (bəndin) sabitliyi çərçivəsində havanın müəyyən quruluş ünsürləri yeniləşir, şəklidəyişmələrə uğrayaraq melodik məzmunu zənginləşdirirlər.[27] Məsələn, aşıqlar havacatın bədii tə’sir gücünü artırmaq üçün kuplet (bənd) daxilində birünsürlü və çoxünsürlü-təzadlı musiqili ibarələrin şəklidəyişmələrindən və tərkibdəyişmələrindən tez-tez faydalanırlar.[27]

2012 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanlı aşıq

Havacatda "məqam melodik inkişafın vasitəsilə dərk olunur".[28] Müstəqil və sabit dayaq səs pərdələri məqamın quruluşunda təkcə vəzni və dinamik imkanları ilə deyil, melodik xətlə də təsdiq olunur ki, həmin xətti hərəkətin ən geniş yayılmışlarından dayaq pərdələrə hamar eniş və zil kvarta intervallı sıçrayışın səslərlə "doldurulmasıdır".[28] Çox zaman qısa məsafəyə pillə-pillə qalxma və enmə də baş verir.[28]

Havacatda məqam dayaq nöqtələri yaxınlıqdakı qeyri-sabit səslərlə "ətraflanır".[29] Sekundalı "toxunmalar" (zilə yaxud bəmə) və sonrakı qayıdışlar, peyklərin öz mərkəz oxu ətrafında fırlanmasına oxşar hərəkətlər havacatın melodik ifadəliliyini artırır və zənginləşdirir.[29] Bəzən ən sadə enmə yaradan səs birləşmələri (ardıcıllıqları) nümunəvi məzmun modelləri şəklini alır ki, bu da mahiyyətcə tamamlayıcı "ayaq" dairəsində "qabaqlama" prinsipinə uyğundur.[29]

Havacatda bədii musiqi dilinin bütövlüyünü tə’min edən ən əhəmiyyətli amillərdən biri də sekvensiyaların (o cümlədən, dəqiq və qeyri-dəqiq, qalxan və enən) çoxluğudur.[30] Söyləmələrin üstünlük təşkil etdiyi havacatda "sıfır dərəcəli" yaxud "yerində sayan interval addımları" adlanan üfqi hərəkət aydın nəzərə çarpır.[30] Melodik inkişafın gərgin yerlərində qalxan və enən sıçrayışlara da rast gəlmək olar.[30] Lakin onların yaranması kvarta, kvinta, septima və oktava ölçülü fəal interval addımlarının enmələri kimi izah olunmalıdır.[30] Bundan savayı, sıçrayışlar çox zaman melodiyanın dayaq nöqtəsinə istiqamətlənmiş kvinta yaxud seksta intervallı yüksəlişlər üçün istifadə olunur.[30]

Havacatda melodiyanın rəvan axarı, səsyüksəklikli dalğaların dönə-dönə təkrarı (sabit təkrarlar və "şəbəkəli, hörgülü" təkrarlar şəklində) melodik hərəkətin sıxlığı, dolğunluğu — yəni melodik inkişafın gərginliyi və səmərəliliyi təsəvvürü yaradır.[30] Bir çox havacatda ən yüksək səsdən başlanğıc hərəkət əsas şərtlərdən biridir.[30] Verilən nümunədə uzadılan başlanğıc səslə onun davamı olan gəzişmə arasındakı fərq böyük mə’na kəsb eləyir. Buradakı təzad nəfəsdən bacarıqla istifadə edə bilmə sayəsində başa gəlir.[30] Aşıq nəfəsi opera müğənnisinə xas olan çox çətin ibarələri düzgün, səhvsiz, səsi yatımlı ifa etməyə imkan verir.[30]

Hətta gücləndirilmiş, "ey!" nidasına oxunan yüksək, hərəkətsiz səs vəzn bölgülərinə ayrıla bilər (bərabər və qeyri-bərabər) və "kulminasiya hərəkətin lap başlanğıcı da ola bilər" fikrini əsas götürsək, oxumanın baş kulminasiyası, gərginliyin yüksək nöqtəsi kimi qəbul edilə bilər.[31] Adi kulminasiyalardan fərqli, aşıq havacatında özbək "aucu" və türkmən "şirvanını" xatırladan şıdırğı çalğı bölmələri yaranır.[31] Onlar əsasən II və III melobəndlərə çalğı müqəddimələrində yerləşir.[31]

Misal olaraq "Mina gəraylı", "Keşişoğlu", "Baş sarıtel", "Orta müxəmməs", "Cəlili", "Quba Kərəmi", "Orta Sarıtel", "Yanıq Kərəmi", "Kürdü gəraylı", "Misri Koroğlu" havalarını göstərmək olar.[32] Mərkəzi çalğı kulminasiyaları adətən havacatın "qızıl bölgü nöqtə"-si ilə üst-üstə düşürlər.[33]

Aşıq sənətinin böyük yaradıcılıq kamilliyini göstərən güclü tərəflərindən biri də dastan yaradıcılığıdır.[26] Dastan çoxhissəli ədəbi – musiqi əsəridir.[26] Dastanın məzmunu nağıl şəklində ifadə olunur, qəhrəmanların monoloqları mahnı epizodları ilə verilir.[26] Bunlardan qəhrəmani xarakter daşıyan "Dədə Qorqud", "Qara Məlik", "Koroğlu", "Səttərxan", "Qaçaq Nəbi", lirik – romantik xarkter daşıyan "Şah İsmayıl", "Aşıq Qərib", "Əsli və Kərəm" dastanlarını misal göstərmək olar.[26]

Aşıq havalarının adları aşağıda qeyd olunan mövzular ilə bağlıdır:[34]

  • şeir quruluşları — Güllü qafiyə, Təcnis, Təxnis, Müxəmməs, Divanı;
  • tarixi və əfsanəvi qəhrəmanlar, görkəmli ustad-aşıqlar — Koroğlu, Şah İsmayıl Xətai, Kərəm, Qaçaq Nəbi, Mənsur Həllac (Mansırı), Aşıq Bəhmən (Bəhməni), Aşıq Cəlil (Cəlili), Şah İsmayılın böyük qardaşı Sultanəli (Sultanı), Aşıq Duraxan (Duraxanı);
  • coğrafi yer adları — Naxçıvan, Göyçə, İrəvan (İrəvan çuxuru), Borçalı, Şirvan;
  • tayfa adları — Boz ox (Bozuğu), Qaraçı, Ovşar (Ovşarı), Şahsevən (Şahsevəni);
  • bədii (lirik) — poetik anlayışlarla (surətlərlə) — Turacı, Mixəyi, Süsənbəri, Bayramı, Gülabı, Sarıtel, Dolhicran;
  • igidlik mövzuları (Qəhrəmanı, Cəngi, Sürütmə, Misri və s.)

Mədəniyyətdə

[redaktə | mənbəni redaktə et]

Azərbaycan kinematoqrafında aşıq yaradıcılığına həsr olunan filmlərdən "Dədə Qorqud", "Aşıq Ələsgər", "Nəyim varsa sazımdadır", "Dədə Şəmşir", "Saz haqqı", "Aşıq Pənah", "Azərbaycan aşıqları", "Tanrı payım, telli sazım", "Ay duman, gəl get…", "Zəlimxan dastanı" və s. qeyd etmək olar.

Görkəmli sənətçilər

[redaktə | mənbəni redaktə et]
Aşıq Qurbani  · Sarı Aşıq  · Aşıq Ələsgər
Yəhya bəy Dilqəm  · Molla Cümə  · Aşıq Əsəd
Mikayıl Azaflı  · Aşıq Pənah  · Alqayıt
Aşıq Pəri  · Aşıq Savad]
  1. 1 2 3 4 5 "Aşıq musiqisi". uzeyirbook.musigi-dunya.az. uzeyirbook.musigi-dunya.az. 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 sentyabr 2016.
  2. 1 2 3 4 5 6 7 8 "АШУГ". ubrus.org. 21 December 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2 January 2011.
  3. "Rinchindorji. "Mongolian-Turkic Epics: Typological Formation and Development" / Institute of Ethnic Literature, Chinese Academy of Social Sciences, Trans. by Naran Bilik, Oral Tradition, 16/2, 2001, p. 381" (PDF). 2017-12-02 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-05-08.
  4. 1 2 3 ""DƏDƏ QORQUD DASTANLARI"". dede.musigi-dunya.az. dede.musigi-dunya.az. 19 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  5. 1 2 3 4 5 6 7 8 "Azərbaycan ozan-aşıq sənəti gürcü mənbələrində". www.anl.az. www.anl.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  6. 1 2 "Aşıq sənəti not antologiyası". enene.musigi-dunya.az. enene.musigi-dunya.az. 2021-11-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2016.
  7. 1 2 3 Məmmədov, Tariyel. Azərbaycan aşıq yaradıcılığı (PDF). 2011. 2022-06-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 19 sentyabr 2017.
  8. "Кёр-оглу. Восточный поэт-наездник. Полное собрание его импровизаций с присовокуплением его биографии", перевод с английского С. С. Пенн. Тифлис, 1856, газ. "Кавказ", 1856, № 21–24, 27, 31–34, 37–42
  9. 1 2 3 4 5 "Azərbaycan Aşıqlar Birliyinin sədri (2004-2008), aşıq-şair". www.aab.az. Azərbaycan Aşıqlar Birliyi. 2021-11-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 dekabr 2016.
  10. 1 2 3 "Bu gün Beynəlxalq Azərbaycan Muğamı Günüdür". anl.az. anl.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 January 2016. (#first_missing_last)
  11. 1 2 3 Namazov, Qara. OZAN-AŞIQ SƏNƏTİNİN TARİXİ. Bakı: Elm və təhsil. 2013. ISBN N-098-2013. (#accessdate_missing_url)
  12. 1 2 3 4 5 6 7 8 9 10 11 Imanov, Muxtar. "ÇEVRİLƏN İRS". 9 November 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2016.
  13. İ. Ələsgərov. Aşıq Ələsgər və XIX əsr Göyçə aşıq mühiti, 1971
  14. Abbasov, 1977
  15. M. Həkimov. Orta əsrlər Azərbaycan aşıq ədəbiyyatı, 1977
  16. "Voices of the living past: the 'Ashug' minstrel music of Azerbaijan". eap.bl.uk. eap.bl.uk. 7 September 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 12 may 2016.
  17. 1 2 3 "Aşıq musiqisi haqqında ilk fundamental dərslik". 525.az. 525.az. Archived from the original on 29 June 2023. İstifadə tarixi: 7 may 2016.
  18. ""Aşıq sənəti yalnız Azərbaycan xalqına məxsusdur"". www.bizimyol.info. www.bizimyol.info. 7 April 2015 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  19. "Zəlimxan Yaqub : "İlk dəfə olaraq Azərbaycan sazı avropanı fəth etdi"". www.anl.az. www.anl.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 26 may 2016.
  20. "Bakıda birinci Beynəlxalq aşıq festivalının təntənəli açılış mərasimi olmuşdur". www.anl.az. www.anl.az. 25 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  21. 1 2 3 "Aşıq musiqisi milli ruhumuzun qidasıdır". www.olimpnews.az. www.olimpnews.az. 26 November 2017 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 7 may 2016.
  22. 1 2 3 4 5 6 7 8 9 10 11 Nəbiyev, A. Azərbaycan xalq ədəbiyyatı II hissə. 2006. (#accessdate_missing_url)
  23. 1 2 3 4 5 6 7 8 9 "TARİYEL MƏMMƏDOV". e-library.musigi-dunya.az. e-library.musigi-dunya.az. 6 February 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  24. 1 2 3 4 5 6 7 Əfəndiyev, P. Azərbaycan şifahi xalq ədəbiyyatı II hissə. 1992. (#accessdate_missing_url)
  25. 1 2 3 4 "AŞIQ SƏNƏTİ". e-library.musigi-dunya.az. e-library.musigi-dunya.az. 15 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  26. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "Aşıq sənəti". enene.musigi-dunya.az. enene.musigi-dunya.az. 2020-07-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 1 iyul 2016.
  27. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 "AŞIQ HAVALARI MUSİQİ QURULUŞUNUN ƏSASLARI". e-library.musigi-dunya.az. e-library.musigi-dunya.az. 16 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  28. 1 2 3 Azərbaycan aşıqları və el şairləri. Elm. 1983.
  29. 1 2 3 Babayev, E.Ə. Şifahi ən’ənəli Azərbaycan musiqisində intonasiya problemləri. Bakı. 1998. (#accessdate_missing_url)
  30. 1 2 3 4 5 6 7 8 9 Qasımlı, M. Aşıq sənəti (qaynaqları, tarixi yaranışı və mühitləri). 1996. (#accessdate_missing_url)
  31. 1 2 3 Həkimov, M. Azərbaycan aşıq ədəbiyyatı. Yazıçı. (#accessdate_missing_url)
  32. Namazov, Q. Azərbaycan aşıq sənəti. Yazıçı. 1984.
  33. İmamverdiyev İ. C. Azərbaycan aşıq ifaçılığı sənətinin səciyyəvi xüsusiyyətləri. Namizədlik diss. B., 1994.
  34. "AŞIQ SƏNƏTİ. II HİSSƏ". e-library.musigi-dunya.az. e-library.musigi-dunya.az. 16 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 8 may 2016.
  • Azərbaycan aşıq və şair qadınları. Bakı: Gənclik, 1974, 185 s.
  • Abbasov İ. İ. Azərbaycan folkloru XIX əsr erməni mənbələrində. Bakı: "Elm" nəşriyyatı. 1977. səh. 156.
  • Azərbaycan aşıqları və el şairləri. (tərtib edəni Ə. Axundov). 2 cilddə, I c., Bakı: Elm, 1983, 375 s.
  • Azərbaycan aşıqları və el şairləri. (tərtib edəni Ə. Axundov). 2 cilddə, II c., Bakı: Elm, 1984, 544 s.
  • Azərbaycan aşıq yaradıcılığı və Ərtoğrol Cavid. 12 cilddə, X c., Bakı: Çaşıoğlu, 2011, 304 s.
  • Aşıq ədəbiyyatı antologiyası: 3 cilddə / Xalq Bank; layihənin rəh. R. Həşimov; tərt.: M. Qasımlı, M. Allahmanlı; elmi red. M. Qasımlı. I cild: Aşıq poeziyası. — Bakı, 2017. — 592 s.
  • Aşıq ədəbiyyatı antologiyası: 3 cilddə / Xalq Bank; layihənin rəh. R. Həşimov; tərt.: M. Qasımlı, M. Allahmanlı; elmi red. M. Qasımlı. II cild: Qəhrəmanlıq dastanları. — Bakı, 2017. — 512 s.
  • Aşıq ədəbiyyatı antologiyası: 3 cilddə / Xalq Bank; layihənin rəh. R. Həşimov; tərt.: M. Qasımlı, M. Allahmanlı; elmi red. M. Qasımlı. III cild: Məhəbbət dastanları. — Bakı, 2017. — 640 s.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]