Zərişdərə yaşayış yeri

Zərişdərə — Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda, Ləkətağ kəndindən cənub-qərbdə, Əlincəçayın sağ sahilində orta əsrlərə aid yaşayış yeri.

Qərb tərəfdən hündür dağlarla əhatələnmişdir. Sahəsi 890 km2 . Kəşfiyyat xarakterli tədqiqatlar (1991) aparılmışdır. Zərişdərə dağ yamacında yerləşdiyindən, mədəni təbəqə yuyulub dağılmışdır. Şirsiz qab qırıqları toplanmışdır. Zərişdərədən hazırda əkin sahəsi kimi istifadə olunur. Əhalinin məlumatına görə, vaxtilə burada məscid və yaşayış binaları olmuşdur. Yer şumlanarkən kirkirə daşı, mis qablar, şamdan və s. əşyalar tapılmışdır. Yaşayış yerinin şərq qurtaracağında dairəvi formada iri daş və kollarla əhatələnmiş pir vardır. Yaşayış yerinin XVI–XVIII əsrlərə aid olduğu ehtimal edilir.[1]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Naxçıvan Abidələri Ensklopediyası. Naxçıvan.2008