Zabit Xəlilov

Zabit Cəmşid oğlu Xəlilov — 1-ci dərəcəli dövlət qulluqçusu, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, "Qızıl qələm" və "H. Zərdabi" mukafatçısı.

Zabit Xəlilov
Zabit Cəmşid oğlu Xəlilov
Doğum tarixi (64 yaş)
Doğum yeri Göyçə mahalı, Ermənistan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Cəmşid
Milliyyəti azərbaycanlı

Həyatı[redaktə | mənbəni redaktə et]

Zabit (Dolğun) Xəlilov 30 mart 1959-cu ildə Qərbi Azərbaycanın Göyçə mahalında anadan olmuşdur. 1981-ci ildə Gəncə Dövlət Pedoqoji İnstitutunu, 1991-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan KP MK-nin yanında Ali Partiya məktəbinin "partiya quruculuğu" fakultəsini "FƏRQLƏNMƏ" diplomları ilə bitirmişdir. 1981-1982-ci illərdə Daşkəsən Partiya Komitəsinin orqanı olan "Daşkəsən" qəzetinin nəzdində iki illik "Gənc muxbirlər" məktəbini bitirmişdir. 1981-1991-ci illərdə Daşkəsən Rayon Komsomol Komitəsində, Gəncə Şəhər Komsomol Komitəsində, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin Beynəlxalq Gənclər Turizm bürosunda şöbə müdiri işləmişdir. 1991-1995-ci illərdə Gəncə İqtisadiyyat Mərkəzində şöbə müdiri vəzifəsində çalışmışdır. 1995-2013-ci illərdə Gəncə Şəhəri, Nizami Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar və Mülki Müdafiə Qərargahının rəisi vəzifəsində işləmişdir. Birinci dərəcəli dövlət qulluqçusudur. İşlədiyi müddətdə Gəncə Şəhər İcra Hakimiyyətinin, Nizami Rayon İcra Hakimiyyətinin və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional şöbəsinin "Fəxri Fərman"ları və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır. 07 yanvar 2013-ci ildən Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsi "Respublika" qəzeti redaksiyasının bölgə müxbiridir. Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. "Qızıl qələm" mukafatı laureatıdır, H. Zərdabi mükafatçısıdır. Gəncə şəhərinin sosial-ictimai həyatında fəal iştirakına və operativ işıqlandırdığına görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı və YAP Gəncə Şəhər Təşkilatının sədri tərəfindən "Fəxri Fərman"larla və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. Uzun müddət "Sovet Ermənistanı" qəzetinin xüsusi müxbiri, SSRİ Jurnalistlər İttifaqının üzvü olan atası Cəmşid Xəlilovun yolunu davam etdirərək, hələ uşaqlıq illərində mətbuata həvəsi olmuş, 1972-ci ildən "Göyərçin", "Azərbaycan Pioneri", "Azərbaycan Gəncləri" qəzetlərində şer və məqalələri dərc olunmuşdur. İnstitutda oxuduğu dövrlərdə institutun orqanı olan "Yüksəliş" qəzetində və Kirovabad şəhər Partiya Komitəsinin orqanı olan "Kirovabad Kommunisti" qəzetlərində aktual məqalələrlə çıxış etmişdir. 1981-ci ildən Daşkəsən Rayon Partya Komitəsinin orqanı olan "Daşkəsən" qəzetinin əməkdaşı olmuş, çoxlu sayda şer və məqalələri Zabit-Dolğun təxəllüsü ilə çap olunmuşdur. "Respulika", "Elin səsi" , "Ruzigar" qəzetlərində mütamadi məqalələrlə çıxış edir. "Mənim dünyam", "Özümə arzum" şer kitablarının müəllifidir.

Mükafatları[redaktə | mənbəni redaktə et]

  • "Qızıl qələm"
  • "H. Zərdabi"
  • Gəncə Şəhər İcra Hakimiyyətinin "Fəxri Fərman"ı
  • Nizami Rayon İcra Hakimiyyətinin "Fəxri Fərman"ı
  • YAP Gəncə Şəhər Təşkilatının "Fəxri Fərman"ı
  • Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional şöbəsinin "Fəxri Fərman"ı

Əsərləri[redaktə | mənbəni redaktə et]

  • "Mənim dünyam"
  • "Özümə arzum"