Ziviyə — İranın Kürdüstan ostanının ərazisində, Manna dövlətinə aid[1] arxeoloji abidə kompleksi. Ziviyə abidələri daha çox buradan tapılan dəfinə ilə məşhurlaşmışdır.
Ziviyə dəfinəsi | |
---|---|
36°15′43″ şm. e. 46°41′16″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Saqqız şəhristanı |
Vikianbarda əlaqəli mediafayllar |
Dəfinə, Saqqız yaxınlığında Ziviyə kəndinin sakinləri tərəfindən aşkarlanmışdır. Ziviyə kəndinin adı II Sarqonun və Aşşurbanipalın kitabələrində Zibia-İzzibia-Uzbia kimi qeyd edilmişdir. Bu dəfinəyə aid tapıntılar bugün müxtəlif dövlət və şəxsi kollkesiyalarında qorunub saxlanılır. Bu dəfinəyə aid tapıntılar 1960-cı illərdən etibarən alış-satış obyektinə çevrilmişdir. Bugün Ziviyə dəfinəsinə aid tapıntılara Nyu Yorkda Metropoliten[2], Parisdə Luvr və Londonda Britaniya muzeylərinin kolleksiyalarında təsadüf edilir. Bu materiallar əsasında da ayrı-ayrı məqalələr qələmə alınmışdır. [3][4][5][6]
Ziviyə dəfinəsi əşyaları b.e.ə. IX— b.e.ə. VII əsrlərə aid edilir. Ziviyə dəfinəsi bu əraziyə bir tərəfdən güclü qonşuların (təcavüzünün) gücləndiyi, digər tərəfdən isə yeni köçəri tayfaların daha intensiv axınının başlandığı həmin «hərc-mərclik dövrü»nü özündə əks etdirir. Bütün bunlar təsərrüfat formalarında dəyişikliklərə, əhalinin təsviri sənətində müxtəlif üslubların qarışmasına və paralel mövcudluğuna səbəb oldu. [7]
Solmaz Qaşqay Manna dövləti ilə bağlı yazdığı tədqiqat əsərində Manna tarixində mühüm rol oynayan bu abidə barədə ətraflı məlumat vermişdir. O Ziviyənin öyrənilməsi, buradan aşkar edilmiş artefaktlara da əsərində xüsusi diqqət yetirmişdir.[8] O əsərində Ziviyənin tədqiqi tarixinə də toxunmuşdur. Həmin əsərdə Roman Girşmana istinadən qeyd edilir ki, Ziviyə tapıntılarının aşkar edildiyi Saqqız adlı yeri tutan skiflər ona öz adlarını vermiş və Saqqız sözü Saka sözündən törənmişdir.[9]
Kubanyanı və Şimali Qara dənizyanı skif kurqanlarının sənət abidələri ilə müqayisə edilən Ziviyə dəfinəsinin skif üslubu qızıl əşyalarını Boris Piotrovski b.e.ə. VII əsrin sonuna və b.e.ə. VI əsrin əvvəllərinə aid edir. [10]
Riçard Barnet Ziviyə dəfinəsini müxtəlif dövrlərdə və ayrı-ayrı üslublarda hazırlanmış əşyalarla birgə dəfn sayır. Bütün bu əşyaların tapıldığı sarkofaqı təsvirlərinə və formasına görə o, b.e.ə. VII əsrin sonlarına aid edir. [11]
Andre Qodard əşyaların əksəriyyətini, Roman Girşman isə onların ancaq bir qismini (digərlərini o, aşşurlara və ya skiflərə aid edir) mənşəcə yerli hesab edirlər.
A. Qodar ilk, eləcə də sonrakı nəşrlərində güman edir ki, skiflər mannalıların incəsənətini qəbul etmiş və bu sintez sayəsində sonralar Ön Asiya və Orta Rusiyada yayılmış «skif heyvani üslubu»nu yaratmışlar.[12]
Ziviyə dəfinəsində 350-dək qızıl, gümüş, tunc və sümükdən hazırlanmış incəsənət əşyaları aşkar edilmişdir. Əşyaların əsas kütləsini e.ə. VIII–VII əsrlərə aid edirlər. Bir çox əşyalarda Urartu, Suriya-Finikiya və Aşşur incəsənətinin təsiri maddiləşmişdir. Dəfinədə məlum olan Ön Asiya incəsənəti abidələrindən başqa qarışıq üsluba malik olan əşyalar da təmsil edilmişdir. Qarışıq üsluba malik olan əşyalarda Ön Asiyaya xas olan cəhətlər üslubun, texnikanın, təsvir detallarının yeni, o zamanadək məlum olmayan cəhətləri ilə uzlaşır. Onlar bəzək əşyaları, silahlar, insiqniyalar (ali hakimiyyət işarələri) və başqalarıdır. Bu əşyaların sırasında qızıldan hazırlanmış pektoralı, qılınc dəstəyinin başlığını, qılıncın aşağı qismini, diadema qırığını, düzbucaqlı medalları, gümüş nimçəni, at ləvazimatının gümüş və tuncdan hazırlanmış detallarını göstərmək olar. Həmin əşyalar Mannada və qonşu vilayətlərdə Həsənlitəpə, Marlıqtəpə metalişləmə ustalarının xələfləri, yəni mannalılar tərəfindən hazırlanmışdır.
Ziviyə dəfinəsinin əşyaları arasında qızıl işləməli gümüş boşqab vardır. [13] Tapılan tapıntılar içərisində metal qab tapıntılarından heyvan başı formasında hazırlanmış ritonları qeyd etmək olar. Ziviyədə qoç başlı qızıl riton qab aşkar edilmişdir. R. Girşmanın qeyd etdiyi kimi heyvan formalı ritonlar Qərbi Asiyada geniş yayılmışdı. Onlara Aşşur, Urartu, İran, mili həm də Manna ərazilərindəki qazıntılarda təsadüf olunur. R. Girşman ritonları üç növə ayırır: heyvan bədənli ritonlar (e. ə. VIII əsrədək), heyvan başlı ritonlar (b. e. ə. VIII əsrdən başlayaraq və Midiyalılar dövründə) və Əhəmənilər dövrünə aid buynuz ritonlar. B.e.ə. I minilliyin əvvəllərinə aid muxtəlif formalı ritonlar daha çox Qərbi İranda yayılmışdır. [14][15] Ziviyədə şir başlıqlı bilərzik də tapılmışdır. E. Porada onu b. e. ə. VIII-VII əsrlərə aid edir.[16]
Ziviyədə aşkara çıxarılmış qızıl pektoralın yuxarı registrində dirilik ağacına bənzədilmiş ağac, onun yanlarında qabaq ayaqlarını qaldırmış dağ keçiləri, aşağı registrdə qanadlı öküzlər təsvir edilmişdi.
Ziviyədən yerli mannalı sənətkarların məhsulu hesab edilən iki qızıl kəmərin fraqmentləri tapılmışdır. Bütün qızıl lövhəciklərdə onu kəmərin dəri hissəsinə bərkitmək üçün dəliklər vardır. Kəsici alətlə edilən naxış mərasim nümayişində iştirak edən insan qrupu təsvir olunmuşdur.[17]
Arxeoloq Oskar Vayt Muskarella dəfinədən aşkar edilən bütün tapıntılara şübhə ilə yanaşır və bu fikrini əldə edilən maddi mədəniyyət nümunələrinin normal arxeoloji şərtlər altında deyil, ayrı-ayrı xəzinə tacirləri vasitəsiylə əldə edilməsi ilə izah edir. O, belə qənaətə gəlir ki, əldə edilmiş artefaktların hər hansı birinin həqiqətən də Ziviyədən aşkar edilməsinə dair obyektiv mənbə məlumatı yoxdur və tapılan tapıntılar qrup halında hər hansı bir tarixi və arxeoloji dəyərə sahib deyil.[18] Bununla kifayətlənməyən Muskarella Ziviyə abidələrini müasir dövrdə hazırlanmış saxta artefakt adlandırır.[19]