Ziyad Abbasov

Abbasov Ziyad Mehralı oğlu (10 oktyabr 1939, Kəsəmən, Basarkeçər rayonu) — Azərbaycan Dövlət Aqrar Universitetinin Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri, texnika elmləri doktoru, professor, Respublikanın "Əməkdar ixtiraçısı", "Əməkdar kənd təsərrüfatı işçisi", Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü.

Ziyad Abbasov
Doğum tarixi 10 oktyabr 1939(1939-10-10) (85 yaş)
Doğum yeri
Elmi dərəcəsi
Elmi adı
Təhsili
Mükafatları Azərbaycan Respublikasının əməkdar kənd təsərrüfatı işçisi Azərbaycan SSR əməkdar ixtiraçısı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ziyad Abbasov 1939-cu ilin oktyabr ayının 10-da Göyçə mahalının Kəsəmən kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1957-ci ildə İrəvan Kənd Təsərrüfatı Texnikumunda oxumuş, 1958–1963-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun (hazırkı Azərbaycan Aqrar Universiteti-ADAU) mexanikləşdirmə fakültəsində təhsil almışdır.

18 dekabr 1965-ci ildən 2007-ci ilədək Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirməsi və Elektrikləşdirilməsi İnstitutunda (indiki "Aqromexanika" EİM) kiçik elmi işçi, aspirant, baş elmi işçi, laboratoriya və şöbə rəhbəri, elmi işlər üzrə direktorun müavini, direktor vəzifələrində, 2007–2011-ci illərdə Samux Ərazi Kənd Təsərrüfatı İdarəsinin rəisi vəzifəsində işləyib, hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Maşın mühəndisliyi və standartlaşdırma kafedrasının müdiri vəzifəsində çalışır.

1974-cü ildə namizədlik və 2009-cu ildə doktorluq dissertasiyasını müdafiə edib, 1976-cı ildə Z. Abbasovun namizədlik dissertasiyası keçmiş SSRİ-nin "ВНЕШТЕХНИКА" Birliyin tərəfindən keçmiş Almaniya Demokratik Respublikasına kontrakt əsasında satılmışdır.

Z. Abbasovun elmi rəhbərliyi altında 1974–1994-cü illərdə ixtira və patentlər səviyyəsində orijinal enerji qoruyucu texnologiya və maşınlar kompleksi yaradılmışdır. Dövlət sınağından müvəffəqiyyətlə çıxmış 8 ədəd yeni maşın və tərtibatlar Çexoslovakiya, Macarıstan, Vyetnam, Monqolustan, Rumıniya və İranda keçirilmiş beynəlxalq sərgilərdə, keçmiş SSRİ Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində (ВДНХ) nümayiş etdirilərək sərgilərin iki qızıl, iki bürünc medallarına və birinci dərəcə diplomlarına layiq görülmüşdür.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

Z. M. Abbasov 200-dən çox elmi əsərlərin, 2 monoqrafiyanın, 2 dərslik və 30-dan çox ixtira və patentin müəllifidir.

Ziyad Abbasovun müəllifi olduğu "Kənd təsərrüfatı maşınqayırma texnologiyası" adlı dərsliyinin ikinici nəşri azərbaycan və ingilis dillərində Almaniyada dərc edilərək yayılmışdır.[1]

Onun yaratdığı enerji resurs və torpaqqoruyucu texnologiya və maşınlar kompleksi SSRİ Kənd Təsərrüfatı Nazirliyinin Elmi-Texniki Şurasının qərarı ilə 1986–1995-ci illər üzrə SSRİ miqyasında perspektiv maşınlar sisteminə daxil edilərək, Rusiya Federasiyasının Həştərxan və Volqoqrad vilayətlərində tətbiq edilmiş və tərəvəz-bostançılığın mexanikləşməsində "Azərbaycan Texnologiyası" adı ilə keçmiş SSRİ miqyasında tanınmışdır.

Onun elmi-pedaqoji fəaliyyəti dəfələrlə dövlət səviyyəsində yüksək qiymətləndirilmişdir. Ona ümumittifaq müsabiqənin laureatı, Kənd Təsərrüfatı Nazirliyinin kollegiyasının qərarı ilə 7 dəfə zərbəçi əməyə görə döş nişanı və SSRİ Ali Soveti Rəyasət Heyətinin qərarı ilə "Əməkdə fərqlənməyə görə" medalı verilmiş, işlərinin tətbiqinə görə 3 dəfə SSRİ Elmi-Texniki Cəmiyyətinin sədri, akademik A. Y. İşlinski tərəfindən fəxri diplomlara layiq görülmüşdür.

1989-cu ildə Z. Abbasova "Azərbaycan Respublikasının Əməkdar İxtiraçısı" fəxri adı verilmiş, həmin il C. Cabbarlı adına "AZƏRBAYCANFİLM" kinostudiyasında müəllifin ssenarisi əsasında "Azərbaycan texnologiyası üzrə" adlı qısametrajlı film çəkilmişdir. Eyni zamanda Respublika Dövlət Təbiəti Mühafizə Komitəsinin keçirdiyi müsabiqəyə görə ən yaxşı texniki təkliflər üçün ona pul mükafatı verilmişdir.

Z. Abbasov müxtəlif vaxtlarda Gəncə şəhər sovetinin deputatı, şəhər İcra Hakimiyyətinin elm və təhsil komissiyasının üzvü, Gənc Alimlər Şurasının sədri, institut ictimai təşkilatlarının rəhbəri, ümumittifaq Kənd Təsərrüfatı Elmləri Akademiyası Zaqafqaziya şöbəsinin üzvü olmuşdur.

Z. Abbasov 1992–2008-ci illərdə aqrar sektorunun elm, kadr hazırlığı, kənd təsərrüfatı maşınqayırma sənayesi və kolxoz-sovxozların struktur islahatları mövzusunda seriya məqalələrlə, mərkəzi mətbuat və jurnallarda çıxış etmişdir. 1990-cı il 20 Yanvar faciəsində Gəncə şəhərində ilk şəhidlər bağının salınması təşəbbüsü ilə çıxış edərək, kollektivin və özünün şəxsi vəsaiti hesabına müxtəlif təzyiqlərə və maneələrə baxmayaraq, həmin 20 Yanvar şəhidlər bağın salınmasına nail olmuşdur.

Z. Abbasovun şəxsi təşəbbüsü ilə 1997-ci ildə Azərbaycan Elmi Tədqiqat Kənd Təsərrüfatının Mexanikləşdirilməsi və Elektrikləşdirilməsi İnstitutunun statusu dəyişdirilərək maddi-texniki bazasının möhkəmləndirilməsinə nail olunmuş və onun bazasında "Aqromexanika" Elm-İstehsalat Mərkəzi yaradılmışdır.

Az vaxt içərisində Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsinin sədri, akademik Azad Mirzəcanzadə ilə müqavilələr əsasında böyük dövlət əhəmiyyətli tətbiqi xarakterli, praktiki elmi işlər aparılmağa başlanmışdır.

O, 18 nəfər elmlər namizədi hazırlayaraq, özünün elmi məktəbini yaratmışdır.

Z. Abbasov 10 dekabr 1998-ci ildə Rusiya Aqrar Elm və Təhsil Akademiyasının müxbir üzvü seçilmişdir. O, dəfələrlə Beynəlxalq Simpoziumlarda və Konqreslərdə məruzə ilə Azərbaycan aqrar elmini təmsil etmiş və onun məqalələri simpozium və konqreslərin materiallarında müxtəlif dillərdə dərc edilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 31 oktyabr 2008-ci il tarixli sərəncamı ilə[2] Abbasov Ziyad Mehralı oğluna "Azərbaycan Respublikasının Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı verilmişdir.

Elmi məqalələri

[redaktə | mənbəni redaktə et]
  • Monoqrafiya, kitablar, tövsiyələr
    Технологические основы механизации бахчеводства, из-во "Чашыоглы", монография, Баку, 1998, 244 с.

Комплексная механизация овощных и бахчевых культур в фермерских хозяйствах, ин. из-во "Елм", Баку, 1998,96 с. Tərəvəz – bostan bitkilərinin becərilməsi və yığım texnologiyası, kitab "minpoliqraf" nəşriyyatı, Gəncə, 46 s. Рекомендации по внедрению энергосберегающей технологии и комплекса машин для полосового возделивания бахчевых культур (РТК 6403 по СМ на 1986 – 1995 г,г) брошюра, АзНИИНТИ, Баку, 1992, 35 с.

  • Dərsliklər

Kənd təsərrüfatı maşınqayırma texnologiyası. Bakı, 3 №li mətbəə, 2017

Texnoloji ölçmələr. Bakı, 3№li mətbəə, 2017

Kənd təsərrüfatı Maşınqayırma texnologiyası. LAP LAMBERT Academic Publishing is atrademark of international Book Market Service Ltd, 2019

Agrarian Machine – Building Technology. LAP LAMBERT Academic Publishing is atrademark of international Book Market Service Ltd, 2019

  • Bitməyən ömür (film, 2013)
  • Almaz Ülvi, "Göyçə mahalı Kəsəmən" I kitab. Bakı, "CBS", 2011.