Zolaqlı pijamalı oğlan (ing. The Boy in the Striped Pyjamas) — yazıçı Con Boynun eyniadlı romanı əsasında rejissor Mark Herman tərəfindən 2008-ci ildə çəkilmiş film. Filmin çəkilişləri Budapeştdə aparılmışdır.
Zolaqlı pijamalı oğlan | |
---|---|
The Boy in the Striped Pyjamas | |
Janr | dram filmi[1][2][…], roman ekranlaşdırması[d] |
Əsas mövzu | İkinci Dünya müharibəsi, Holokost |
Rejissor | Mark Herman |
Prodüserlər | Rozi Elison, Mark Herman |
Əsərin müəllifi | Con Boyn "The Boy in the Striped Pyjamas" |
Ssenari müəllifi | Con Boyn |
Baş rollarda | |
Operator | Benua Delom |
Bəstəkar | |
İstehsalçılar | Heyday Films, BBC Film[d] |
Distribütor | Miramax, Netflix |
İlk baxış tarixi | 28 avqust 2008[6], 7 may 2009[7] |
Müddət | 94 dəqiqə |
Büdcə | 35 milyon $ |
Ölkələr | ABŞ |
Dil | ingilis dili |
İl | 2008 |
Rəng | rəngli |
Çəkiliş yeri | Budapeşt |
IMDb | ID0914798 |
8 yaşlı alman uşağı Bruno II Dünya müharibəsi zamanı Berlində qayğısız həyat sürür. Onun atası yüksək vəzifəli alman zabitidir. Atası Ralf yeni vəzifəyə təyin olunduqdan sonra ailə yeni yerə köçməyə məcbur olur. Bu barədə xəbər tutan Bruno dostlarından ayrılmalı olduğunu başa düşür və məyus olur.
Yeni yaşadıqları evin arxasında konsentrasiya düşərgəsini və orada saxlanılan dustaqları görən Bruno düşərgənin ferma, zolaqlı pijamada gəzən dustaqların isə fermer olduğunu düşünür. O, anası Elzadan "fermer"lərin nəyə görə bu cür qəribə olduğunu soruşur. Elza dəhşətə gələrək sualları cavabsız qoyur və Brunoya bir daha evin arxasına getməyə icazə vermir. Bununla belə, Bruno xahiş edir ki, onun üçün yelləncək düzəltsinlər və yellənərək "ferma"da baş verənləri izləyir.
Bir gün yelləncəkdən yıxılan Bruno dizini zədələyir. Evdə qulluqçu olan (əsasən kartof təmizləyən) qoca dustaq bunu görür və oğlana tibbi yardım göstərir. Bu arada Bruno məhbusla tanış olur (onun adı Paveldir) və onun əvvəl həkim olduğunu öyrənir. Bu söhbətin şahidi olan Elza tezliklə oğlunu Paveldən uzaqlaşdırır və onların bir daha ünsiyyət qurmağına icazə vermir. Bruno "ferma"da baş verənləri öz gözləri ilə görmək fikrinə düşür və bir gün istəyinə nail olur. O, tikanlı məftillərin arxasında oturan Şmul adlı yəhudi oğlan uşağı ilə tanış olur və sonradan tez-tez onunla görüşməyə başlayır. Bütün bu görüşlər gizli baş verir.
Ralfın əmri ilə evə cənab List adında müəllim gəlməyə başlayır. O, Brunoya və bacısı Qretelə nasizm ideyalarını çatdırmağa xüsusi önəm verir, bütün yəhudilərin almanları məhv etmək istəyində olduğunu söyləyir. 12 yaşlı Qretel bu fikirləri qəbul edir, yəhudi ilə dostluq edən (amma bunu açıqlamayan) Bruno isə müəllimin sözlərini şübhə altına alır.
Bu arada Elza konsentrasiya düşərgəsinin yaxınlığında yanan sobalarda dustaqların yandığırıldığı haqqında xəbər tutur və dəhşətə gəlir. O, Ralfa bunun yolverilməz olduğunu söyləyir, lakin ər fikrindən dönmür. Bu zəmində Ralf və Elza arasında münaqişə yaranmağa başlayır.
Bir gün qonaq gələn Ralfın atası ilə (Ralfın anası oğlunun gördüyü işə etiraz edir və xəstə olduğunu bəhanə gətirərək oğlu ilə görüşə gəlmir) şam yeməyi zamanı bəlli olur ki, Ralfın tabeçiliyində çalışan və həmçinin evdə yaşayan leytenant Kotlerin atası da nasistlərin siyasəti ilə razı deyil və bu səbəbdən Almaniyadan İsveçrəyə köçüb. İşə daxil olduğu anda bu halı gizlədən Kotleri buna görə cəza gözləyir: o, tezliklə inzibati işdən ayrılaraq cəbhə xəttinə yönləndiriləcək. Bu an yığışanlara xidmət edən keçmişin həkimi Pavel çaxırı süfrəyə dağıdır. Nasizmə sadiq olduğunu sübut etmək (və ya sadəcə kimdənsə baş verənin acığını çıxmaq) istəyən Kotler dustağı vəhşicəsinə döyməyə başlayır. Pavelin bundan sonra heç bir səhnədə peyda olmadığından nəticə çıxarmaq olar ki, o, nəticədə ölür.
Günlərin biri Bruno evdə stəkan təmizləyən Şmula rast gəlir. Dostunun ac olduğunu görən Bruno ona pirojna verir. İki oğlanın bir-biri ilə danışdığını görən Kotler otağa daxil olur. O, Şmulun pirojna yediyini görür və bununla bağlı izahat tələb edir. Şmul deyir ki, pirojnanı ona dostu Bruno təklif edib. Qəzəbə düşən Kotler Brunodan "Sən yəhudi ilə dostluq edirsən?!" soruşur. Bundan qorxan Bruno Şmulun yalan dediyini və onu ömründə ilk dəfə gördüyünü söyləyir. Sonradan bu hərəkətindən dərin xəcalət hissi çəkən Bruno tez-tez tikanlı məftillərin yanına gedir, lakin yalnız uzun fasilədən sonra Şmulu orada görür. Dostunun vəhşicəsinə döyüldüyünü görən Bruno ondan üzr istəyir və uşaqların dostluğu davam edir.
Övladlarının günahsız məhbusların yandırıldığı konsentrasiya düşərgəsinin yaxınlığında yaşamağını istəməyən Elza istəyinə nail olur: o, Bruno və Qretel Heydelberqə köçməyə hazırlaşır. Bu xəbəri Şmula çatdırmağa gedən Bruno dostunu da qəmgin halda görür: onun atası yoxa çıxıb. Evdə baş verən hadisə üçün üzr əlaməti olaraq Bruno Şmula söz verir ki, ona axtarışda kömək edəcək. O, xəndək qazaraq düşərgəyə daxil olur və Şmulun tapdığı məhkum cübbəsini taxaraq axtarışa başlayır. Bundan dərhal sonra Bruno və Şmulun da daxil olduğu bir qrup insanı qaz kamerasına salaraq elan edirlər ki, indi onları çimizdirəcəklər.
Eyni zamanda Elza və Ralf Brunonun yoxa çıxdığını görərək, onu axtarmağa başlayır və konsentrasiya düşərgəsinə qədər gəlirlər. Lakin artıq gecdir: Bruno və Şmul digər məhbuslar kimi qaz kamerasında boğulub ölürlər.