Zurna — Güclü zil səsə malik zurna musiqi aləti Azərbaycan ərazisində geniş yayılmış və mədəni həyatımızda özünə məxsus yer tutmuşdur.[1]
Zurna | |
---|---|
| |
Hornbostel–Zaks təsnifatı | 422.112 |
Mənşə ölkəsi | Azərbaycan |
Audio nümunəsi | |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
"Ney"," nay" və "surna" sözləri coğrafiyada çox geniş yayılıb.[2][3][4]. Zurnanın "surnay" sözündən olub, sur "böyük ziyafət", nay "qarğı", "qamış" mənasını verdiyi güman edilir.
Ayrı-ayrı növləri Orta Şərq və Qafqaz xalqları arasında çox geniş yayılmışdır. Qədim insan məskənlərindən biri olan Mingəçevir ərazisində aparılan arxeoloji qazıntılar zamanı maral buynuzundan hazırlanmış dörd ədəd zurna aşkar edilmişdir. Alimlərin hesablamalarına görə, bu alətlərin təxminən üç min il yaşı vardır.[5]
Əsasən ərik, qoz və tut ağacından yonularaq hazırlanır. Gövdənin baş tərəfinə maşa taxılır. Ümumi uzunluğu 302–317 mm-dir. Gövdəsinin baş hissəsi 20 mm olub, aşağıya doğru genişlənərək 60–65 mm-ə çatır. Üst hissəsində yeddi, alt hissəsində isə bir oyuq açılır. Əlavə olaraq zurnanın ağzı tərəfdə bir dəlik daha var ki, bu da kök üçündür. Gövdənin baş tərəfinə maşa taxılır. Onun uzunluğu 120 mm-dir və o, cır söyüd, qoz və ərik ağacından hazırlanır. Maşanın vəzifəsi alətin kök qaydasını nizama salmaqdır. Əsasən, quru yerdə bitmiş iki nazik, yonulmuş qamışdan xüsusi üsulla hazırlanmış müştük 710 mm uzunluğunda olur.
İfaçı aləti səsləndirmək üçün ağız boşluğuna yığdığı havanı nizamla üfləyir. Sədəf, sümük və bürüncdən hazırlanan dəyirmi dayaq(tağalaq) milin, təxminən, orta hissəsinə bərkidilir. Tağalaq, bir növ, dodaq üçün dayaq rolunu oynayır. Üfürülən hava müştük, mil və maşadan keçərək gövdəyə daxil olur. Alət barmaqların köməyi ilə gövdədəki oyuqları açıb-bağlamaqla səsləndirilir.
Bu alətin "qara zurna", "ərəbi zurna", "cürə zurna", "əcəmi zurna", "qaba zurna", "şəhabi zurna" kimi növləri tarixən mövcud olmuşdur.
Zurna əsasən türk xalqlarının hərbi, toy və yas musiqisində böyük rol oynayır. Qədim türk xalqları döyüşə gedərkən, atüstü oyunlarını (çövkən, cirit və s.) oynarkən mehtər musiqisi və ya davul-zurna çalınırdı [10]. Azərbaycanda məhərrəm ayında Aşura günü qətl mərasimi əsnasında dəf və zurna dəxi çalınır ki, buna "tərs toy" deyirlər [11].
Əsasən, nəfəs alətləri ansamblında ifa olunur. Xalq çalğı alətləri ansamblı və orkestrlərinin tərkibində də solo aləti kimi bəzi rəqslər, cəngilər və digər musiqi nümunələrinin ifasında istifadə edilir. Ü.Hacıbəyov "Koroğlu" operasında zurnanı orkestrin tərkibinə əlavə etmişdir.[12]