Aida Mahmudova
Aida Mahmudova (10 yanvar 1982, Bakı) — Azərbaycan rəssamı, YARAT Müasir İncəsənət Məkanı İctimai Birliyinin təsisçisidir.
== Həyatı və təhsili ==
Aida Mahmudova 10 yanvar 1982-ci ildə Bakıda anadan olub. Londonda Sent-Martin İncəsənət və Dizayn Kollecinin Rəngkarlıq fakültəsini (2006) bitirib.
== Fəaliyyəti ==
2011-ci ildə Aida Mahmudova tərəfindən YARAT Müasir İncəsənət Məkanı adlı qeyri-kommersiya təşkilatı təsis edilmişdir. YARAT fondlar, qalereyalar və muzeylər daxil olmaqla, yerli və beynəlxalq yaradıcı şəbəkələr arasında əlaqələr qurur. Növbəti il yaradıcı şəxslərə dəstək məqsədi ilə YAY Gallery ictimai müəssisəsini yaratmışdır — hal-hazırda ARTIM Layihə Məkanı kimi fəaliyyət göstərir.Aida Mahmudovanın əsərləri Belçika, London, Roma, Nyu-York, Moskva və Bakıda keçirilmiş qrup və fərdi sərgilər daxil olmaqla, bir sıra beynəlxalq tədbirlərdə nümayiş etdirilib. Fəaliyyətinin ilk illərində A. Mahmudova peyzaj və yarım-abstrakt tablolarında işıq, rəng və materiya üzərində aparılan eksperimentlərə daha çox maraq göstərmişdir. Rəsm əsərlərinin mövzusu getdikcə daha da şaxələndikcə, rəssam həmin yanaşmanı heykəltəraşlığa da tətbiq etmək, emosional və gərgin mühit yaratmaqla, öz təcrübəsini üçölçülü olaraq genişləndirmişdir. Rəssam kağız, gil, boya, sement, daş, son zamanlar isə epoksi qatran və işlənməmiş mərmər kimi müxtəlif materialları qatlar şəklində qarışdıraraq istifadə edir.
Aida Mahmudovanın əsərləri 2013-cü ildə 55-ci Venesiya Biennalesində "Love Me, Love Me Not" qrup sərgisində, həmçinin 2015-ci ildə 56-cı Venesiya Biennalesində "Artwise"-nin kuratorluğu ilə "VITA VITALE" sərgisinin bir hissəsi kimi nümayiş etdirilib.