Aza Rəhmanova
Aza Həsən qızı Rəhmanova (rus. Аза Гасановна Рахманова; 17 sentyabr 1932, Bakı – 18 noyabr 2015, Sankt-Peterburq) — Azərbaycan əsilli sovet və Rusiya həkim-infeksionisti, HİV-infeksiya və yoluxucu hepatologiya sahəsində aparıcı mütəxəssis, Sankt-Peterburq Diplomdan sonrakı Tibb Akademiyasının "yoluxucu xəstəliklər" kafedrasının müdiri (1986–2001), Sankt-Peterburq Səhiyyə Komitəsinin baş infeksionisti (1984-cü ildən ömrünün sonunadək), tibb elmləri doktoru, professor, akademik, Rusiya Federasiyasının əməkdar elm xadimi (1998).O, Şimal-Qərb Federal Dairəsində Prezidentin səlahiyyətli nümayəndəsi yanında Narkotiklər əleyhinə İdarələrarası Komissiyanın, "Dünya həkimləri nüvə təhlükəsinə qarşı" cəmiyyətinin, İnsan Haqları üzrə Beynəlxalq Komissiyanın İcraiyyə Komitəsinin, Nyu-York Elmlər Akademiyasının, həmçinin Sankt-Peterburq, Azərbaycan, Türkmənistan və Saxa Respublikasının infeksionistlər cəmiyyətlərinin üzvü idi."QİÇS. Seks. Sağlamlıq" (rus. СПИД. Секс. Здоровье) jurnalının təsisçisi və baş redaktoru, "HİV infeksiya və immunosupressiyalar" (rus. ВИЧ-инфекция и иммуносупрессии) jurnalının isə baş redaktorunun müavini olub.11 kitabın, tibb bacıları üçün məlumat kitabçasının, 50-yə yaxın metodik vəsaitin və 350-dən çox jurnal məqaləsinin müəllifi, 7 dərsliyin isə həmmüəllifidir.Aza Rəhmanovanın rəhbərliyi altında 20 doktorluq və 50-dən çox tibb elmlərı namizədi dissertasiyaları müdafiə olunub. Onun tələbələri dünyanın müxtəlif ölkələrində çalışırlar.
== Həyatı ==
=== Erkən illəri ===
Aza Rəhmanova 17 sentyabr 1932-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Atası Həsən Paşa oğlu Rəhmanov Azərbaycan atıcı diviziyasının komissarı, sonralar Xəzər gəmiçiliyinin siyasi şöbəsinin rəisi, Azərbaycan SSR-nin mədəniyyət üzrə xalq komissarı, Azərbaycan Kommunist Partiyasının Naxçıvan vilayət komitəsinin birinci katibi kimi vəzifələrdə çalışmışdır. O, 1937-ci ildə həbs olunaraq repressiya olunmuş və 3 il sonra həbsxanada vəfat etmişdir.