Kitabi-Dədə Qorqud
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı))) – Oğuz türk dastanı. Azərbaycan xalq ədəbiyyatının ən qədim yazılı abidəsi (XI–XII əsrlər).
"Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir.
Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastanın müqəddiməsində də Dədə Qorqudun Məhəmməd Peyğəmbər zamanında yaşadığı qeyd edilir.
Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy".
2017-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.
== Nüsxələr ==
Kökləri mifoloji dünyagörüşünə gedib çıxan Dədə Qorqud dastanları XI əsrdə "Kitabi-Dədəm Qorqud" adı altında yazıya alınmış, əlimizdə olan nüsxələr isə XV əsrdə üzü köçürülmüş əlyazmalarıdır. Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir.