Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalə Kitabi Dədə Qorqud dastanı haqqındadır. Digər mənalar üçün Dədə Qorqud (dəqiqləşdirmə) səhifəsinə baxın. |
"Kitabi-Dədə Qorqud" ("Kitab-i Dədəm Qorqud əla lisan-i taife-i Oğuzan" (Oğuz tayfalarının dilindən Dədəm Qorqud kitabı)[1])) – Oğuz türk dastanı.[2] Ümumtürk ədəbiyyatının yeganə yazılı eposu.
"Kitabi-Dədə Qorqud" dastanları ideya-məzmunu, təkrarolunmaz gözəlliyi ilə yüz illərdir ki, dünya alimlərinin diqqət mərkəzindədir. Ənənəyə görə, "Kitabi Dədə Qorqud"da dastanların müəllifliyi Dədə Qorquda aid edilir. Bəzi məlumatlara görə Dədə Qorqudun məzarı Dərbənddə yerləşir. XVII əsrin görkəmli səyyahları olan Övliya Çələbi[3] və Adam Olearinin[4] "Səyahətnamə"lərində bu fakta rast gəlmək olar.[5] XIV əsr tarixçilərindən Aybək əd-Dəvadari və Fəzlullah Rəşidəddin Dədə Qorqudun Məhəmməd peyğəmbər zamanında yaşadığını və türklər tərəfindən elçi sifətilə onun yanına göndərildiyini yazmışlar. Dastandakı "Rəsul əleyhüssəlam zamanına yaqın Bayat boyından Qorqud Ata derlər, bir ər qopdu" ifadəsinə görə dastanın yaranması islamiyyətin meydana çıxdığı ərəfəyə (VII əsr) aid edilir.[6] Dastanın öyrənilməsi alman şəqşünası Henrix Fridrix fon Ditsin 1815-ci ildə Drezden kitabxanasında XV əsrdə yazıya alınmış əlyazmasını aşkar etməsi ilə başlayır. Daha sonra Vasili Bartold 1894–1904-cü illərdə dastanın I, II, III, V boylarını ruscaya tərcüməsi i8lə çap etdirir.[7] "Kitabi-Dədə Qorqudun yazıya alınma tarixini Əmin Abid Əbu Bəkr Abdullah ibn Aybək əd Dəvədarinin XIV əsr məlumatına söykənir. Burada deyilir ki, Dədə Qorqud oğuznaməsi türkcədən farscaya, farscadan da ərəbcəyə tərcümə edilmişdir. Kitabı farscaya çevirən Əbu Müslim əl-Xorasaninin hicri 137-ci ildə (miladi 752) xəlifə tərəfindən qətl edildiyini deyir. Deməli, kitabın faqrcaya tərcüməsi miladi təqvimlə 752-ci ildən əvvələ düşür. Eyni zamanda, bu o deməkdir ki, "Kitab"ımızın türkcə əsli daha əvvəllərdə olmuşdur.Əmin Abid. Türk el ədəbiyyatının başlanğıcına əməli bir baxış. Bakı: Dan ulduzu jurnalı nömrə 5. 1929. səh. 8. Sovet ideologiyasının antitürk, şovinist siyasəti nəticəsində 1951-ci ildə bu milli abidəmizin Azərbaycanda oxunması, çap olunması və öyrənilməsi qadağan olundu. 20 aprel 1997-ci ildə Azərbaycan Respublikasının Prezidenti, Ulu Öndər Heydər Əliyev "Kitabi Dədə Qorqud dastanının 1300 illik yubileyinin keçirilməsi haqqında fərman verdi.
Dastandakı hadisələrin əksəriyyəti Dəmirqapı Dərbənd, Bərdə, Gəncə, Dərəşam, Əlincə, Qaradağ, Göyçə gölü, Qaraçuq dağı və s. yerlərdə cərəyan edir. Dastanların əsas süjeti aşağıdakı on iki boyda əks olunmuşdur: "Dirsə xan oğlu Buğacın boyu", "Salur Qazanın evinin yağmalandığı boy", "Bayburanın oğlu Bamsı Beyrək boyu", "Qazan bəyin oğlu Uruz bəyin dustaq olduğu boy", "Duxa Qoca oğlu Dəli Domrulun boyu", "Qanlı Qoca oğlu Qanturalı boyu", "Qazılıq Qoca oğlu Yeynəyin boyu", "Basat Təpəgözü öldürdüyü boy", "Bəkil oğlu Əmranın boyu", "Salur Qazan dustaq olub oğlu Uruz çıxardığı boy", "İç Oğuza Dış Oğuz asi olub Beyrək öldüyü boy".
2017-ci ildə Dədə Qorqud irsi: Dastan mədəniyyəti, xalq nağılları və musiqisi UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir.[8]
Abidəni ilk dəfə tədqiqata cəlb etmiş alman şərqşünası Fridrix fon Ditsin fikrinə görə, buradakı bəzi mifoloji süjetlər, məsələn, Təpəgöz süjeti qədim Yunanıstanda yaranmış analoji süjetlərə qida vermişdir. "Kitabi-Dədə Qorqud"dakı lama obrazı mauqlinin "Odisseya" dastanındakı Polifem obrazı ilə müqayisədə daha qədimdir.
2019-cu ilədək "Kitabi-Dədə Qorqud"un iki əlyazması məlum idi. Bunlardan biri – alman şərqşünası F. fon Dits tərəfindən İstanbuldan Almaniyaya aparılmış və Drezden şəhərinin kitabxanasına bağışlanmış bir müqəddimə və on iki boydan (dastandakı ayrı-ayrı əhvalatlar boy adlanır) ibarət olan Drezden nüsxəsi, o biri isə XX əsrin 50-ci illərində Vatikanda[9] tapılmış bir müqəddimə və altı boydan ibarət nüsxədir.
Drezden nüsxəsi[10] üzərində sonradan "Kitabi-Dədə Qorqud əla lisani taifeyi-oğuzan" ("Oğuz tayfaları dilində Dədəm Qorqud kitabı") yazılmışdır və yeni bir nüxsəsi (surəti) əsası 1556-cı ildə qoyulmuş Drezdendəki Kral Kitabxanasından alınıb 1972-ci ilin avqustunda Bakıya gətirilib Azərbaycan Milli Elmlər Akademiyasına verilib və Əlyazmalar İnstitutunda daha təfsilatlı tədqiq olunmuşdur. Bu nüsxə müqəddimə və 12 boydan ibarətdir.
2019-cu ilin aprelində İranda dastanın "Türkmən-Səhra"/Günbəd əlyazması aşkar edilib. Əlyazmanı Əski Xorasan vilayətinin Günbəd şəhərindən olan tanınmış mühəndis Vəli Məhəmməd Xoca bukinist mağazasında üzə çıxarmışdır. 31 vərəqdən ibarət olan əlyazma kitabı XVIII əsrin sonlarında Təbrizdə hazırlanıb. Əlyazmanın paleoqrafik göstəriciləri və dil özəllikləri belə bir fikrə gəlməyə əsas verir. Kitab oğuz elinin bilicisi Dədə Qorqudun soylamalarından və eposun baş qəhrəmanı Qazan xan haqqındakı bir boydan ibarətdir.[11] 1952-ci ildə E. Rossi Vatikan kitabxanasında əsərin yeni bir nüsxəsini tapıb italyanca tərcüməsi ilə birlikdə nəşr etdirmişdir. "Kitabi-Dədə Qorqud" Türkiyədə ilk dəfə 1916-cı ildə Kilisli Müəllim Rifət, Azərbaycanda isə 1939-cu ildə akademik H. Araslı tərəfindən nəşr olunmuşdur. Sonralar əsər ingilis, alman və fars dillərinə tərcümə edilmiş, İngiltərədə, İsveçrədə, Amerika Birləşmiş Ştatları-nda və İranda çapdan çıxmışdır. 1951-ci ildə "Kitabi-Dədə Qorqud" Azərbaycanda və Türkmənistanda "xalq düşməni" elan edilərək oxunması yasaqlanmışdı. "İnkişaf etmiş" Sosializm cəmiyyətində feodalizm dövründən qalmış sənət nümunəsinə "yer tapılmadı". Azərbaycanda 1957-ci, Türkmənistanda 1980-ci ildə bəraət qazanmışdır.
2022-ci ildə dastanın Bursa adı verilən yeni əlyazma nüsxəsi tapılıb.[12][13]
Dədə Qorqud dastanlarının bir sıra boylarında mifoloji dünyagörüşünün izlərinə rast gəlmək mümkündür. Məsələn, "Dəli Domrul" boyunda ölüm kultunun əski qalıqları və bunun dastanın yazıya alındığı dövrün dini görüşlərinə görə mənalandırılması özünə yer tapmışdır. Buradakı Əzrayıl obrazı, dastanın bir çox başqa boylarında olduğu kimi, əsərə islamın qəbulundan sonra artırılmış və eposun ümumi ruhuna uyğunlaşdırılmışdır. Bu cəhətinə görə həmin boy ölüb-dirilən tanrılar haqqında qədim şumer, babil, misir əfsanə və mifləri ilə səsləşir.
Dədə Qorqud boylarının əsas mahiyyətini yurdun və xalqın qorunması, xeyir qüvvələri təmsil edən qədim oğuzların yadelli işğalçılara – şər qüvvələrə qarşı ölüm-dirim savaşı, öz əhəmiyyətini indi də itirməyən bir çox əxlaqi-didaktik görüşlər təşkil edir. Keçən yüzilliyin 50-ci illərində sovet totalitar rejiminin ideoloji basqısı altında "Dədə Qorqud" eposu milli ədavəti qızışdıran bir ədəbi abidə kimi qadağan edilmiş, yalnız 60-cı illərin əvvəllərində "bəraət" ala bilmişdir.
Hər bir xalqın adət-ənənə sistemi çox rəngarəng olmaqla özündə xalqın gündəlik həyatında önəmli yer tutan hadisələrdə məsələn, muştuluqistəmə, əlöpmə, qurbankəsmə, yuxuyozma və s. əks etdirir. Adət-ənənələrin öyrənilməsində mənbələrdən biri də"Kitabi Dədə Qorqud" hesab olunur. "Kitabi Dədə Qorqud" da əks olunan adət-ənənələrin əksəriyyəti müasir dövrdə heç bir dəyişiklik etmədən istifadə olunur.
İnsanoğlu yarandığı gündən onun ən ali məqsədi nəsil artırmaq və yetişdirməkdir. "Kitabi Dədə Qorqud" dakı Oğuz tayfalarıda nəsil artırmağa böyük önəm vermişlər. Dastanda belə bir hissəyə rast gəlinir. Belə ki, övladlı şəxsləri qızılı, ağ rəngli otağa dəvət etmiş, övladları olmayanları isə qara otaqda oturtmuşlar ki, "Allah-Taala qarğıyıbdır, biz dəxi qarğayız"
Doğum mərasimləri içərisində "Ad qoyma" mərasimi mövcuddur. "Kitabi Dədə Qorqud" dastanında ad qoyan şəxs el ağsaqqalı hesab olunan Dədə Qorquddur. Dastanda adlar adətən gəncin göstərdiyi hünər ilə əlaqəli olur. Bu o deməkdir ki, uşaq doğulduğu an ona ad qoyulmur. Yalnız insiasiya mərhələsindən sonra ona ad verilir. Bunu "Dastan"ın birinci , üçüncü və səkkizinci boylarında görmək olar. Məs. Buğac , Basat və s. hünərləri ilə ad qazanan şəxslərdir.[14]
Toy "Kitabi Dədə Qorqud" da əks olunan adətlərdən biridir. "Beşikkərtmə" adətinə Dastanda rast gəlinir. "Bayandır xanın məclisində bütün bəylər əl açıb Baybörə bəy üçün oğlan diləyəyəndə, Baybörə bəy onlardan qız üçün dua etmələrini istəmişdi. Bəylərin duasından sora Baybican deyir ki "Əgər mənim oğlum olsa Baybörənin qızı ilə evləndirəcəyəm"
Valideynləri sağ ikən övladlarını görmək arzusu "Dastanda" öz əksini tapır. Altıncı boyda Qanlı Qoca evləndirmək istədiyi oğluna deyir: "Yaranlar atəm öldi, mən qaldım. Yerin-yurdum tutdun. Yarinki gün mən öləm, oğlum qala. Bundan yegrəgi yoxdur ki, gözüm görərkən oğul, gəl səni evərəyim.[14]
Əski dünyagörüşünə uyğun olaraq yaranan adətlərindən biridə yas mərasimi ilə əlaqəli adət-ənənələrdir. Yas mərasimində dünyanı dəyişən şəxsin arxasında qoyduğu ağrı ilə şivən qoparılır, ağılar deyilir. "Kitabi Dədə Qorqud" da bu cür ağılara, şivənlərə rast gəlirik. "Bamsı Beyrək" boyunda deyilir. Beyrək kafirlərə əsir düşərkən , adaxlısı Banıçiçək şivən qoparır, zar-zar ağlayır. "Vay al duvağın yiyəsi, vay alnım, başım umurı".[14]
Dastandakı bədii personajların, hadisələrin iştirakçısı olan şəxslərin adları qədim türk adlarıdır. "Kitabi-Dədə Qorqud" boylarında Dədə Qorqud şücaət göstərən igidlərə ad qoyur, çətin zamanlarda xalqın köməyinə gəlir, müdrik məsləhətləri ilə onlara yol göstərir. Dədə Qorqud adı, eyni zamanda, qopuzla əlaqədardır. Dastanlarda oğuzun yaşlı (Qazan xan, Dirsə xan, Qazılıq Qoca, Bəkil, Baybecan, Aruz, Qaragünə) və gənc (Beyrək, Uruz, Basat, Yeynək, Səgrək, Qarabudaq, Əmran) nəslə mənsub qəhrəmanlarından söhbət açılır. Qəhrəmanlıq ruhu abidənin əsas qayəsini təşkil edir. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adət-ənənələri, köçəri həyat tərzi və s. haqqında tarixi-etnoqrofik məlumatla zəngindir. "Kitabi-Dədə Qorqud" qadına yüksək münasibətilə seçilir. Eposun qəhrəmanlıq ruhu qadın obrazlarının davranışlarında da aydın görünür. Dastanda ana obrazı xüsusilə diqqəti cəlb edir. O, vətən rəmzi kimi ümumiləşdirilir, ana haqqı Tanrı haqqı kimi qiymətləndirilir. A. Oleari Urmiya yaxınlığında Burla xatunun da qəbrini qeydə alır.[15]Azərbaycan xalq bədii təfəkkürünün abidəsi olan "Kitabi-Dədə Qorqud" dastanlarının poetik dili bədii təsvir vasitələri ilə zəngindir. Onlarda xalq dilinin incəliklərindən, atalar sözü, məsəl və idiomatik ifadələrindən bol-bol, məharətlə istifadə olunmuşdur. "Kitabi-Dədə Qorqud" Azərbaycan türkcəsinin tarixini öyrənmək baxımından zəngin mənbədir.
Mədəniyyət ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |