Dünya Azərbaycanlıları Konqresi
Dünya Azərbaycanlıları Konqresi (qısaca "DAK"") — Dünyadakı Azərbaycan diasporunun bir hissəsini birləşdirən beynəlxalq təşkilat.
== Haqqında ==
Dünya Azərbaycanlıları Konqresi (DAK) 1997-ci ildə ABŞ-də yaradılıb və Azərbayсanda, həmçinin ondan kənarda yaşayan azərbaycanlıların hüquqlarının bərpası və insan haqları uğrunda mübarizə aparan müstəqil, iсtimai və beynəlxlaq diaspor təşkilatıdır.
DAK fəaliyyətə başladığı ilk gündən dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyi, bərabərliyi istiqamətində müvafiq addımlar atıb, Azərbaycan diasporunun inkişafı üçün səylərini səfərbər edib.
Təşkilat dünyaya səpələnmiş azərbaycanlıların bir araya gəlməsi, xüsusilə də adi insani hüquqlardan məhrum olan güneyli soydaşlarımızın səsinin beynəlxalq ictimaiyyətə çatdırılmasında aktivlik nümayiş etdirib. Bu sahədə DAK-ın gördüyü işlər dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımızın bir məqsəd ətrafında birləşməsinə, eyni zamanda Güney Azərbaycan probleminin dünya birliyinin gündəminə gətirilməsinə güclü təkan vermişdir.
Təşkilatın rəhbərliyinin nüfuzlu beynəlxalq qurumların əsas şəxsləri, aparıcı ölkələrin dövlət rəsmiləri, parlament üzvləri ilə intensiv görüşləri, ictimaiyyət nümayəndələri qarşısında mütəmadi çıxışları artıq müəyyən konkret nəticələr vermiş, hətta BMT-nin Baş katibi səviyyəsində Güney Azərbaycanda yaşayan soydaşlarımızın dil, milli təhsil və milli mətbuat hüquqlarından məhrum olması faktı etiraf edilmişdir.
== Parçalanmalar ==
DAK bununla belə fəaliyyəti dövründə əldə etdiyi uğurlarla yanaşı, problemlərlə də qarşılaşıb, müəyyən çətinliklərlə üzləşib. Təşkilatın üzləşdiyi ən ciddi problemlərdən biri zaman-zaman parçalanması, müəyyən insanların konqresdən ayrılmaları, bəzilərinin isə DAK-a alternativ qurumlar yaratması olub.
Dünya Azərbaycanlıları Konqresi daxilində ilk parçalanma 2005-ci ilə təsadüf edib. Təşkilatın 2002-ci ildə Haaqada keçirilən qurultayından sonra bir qrup şəxslər adı çəkilən qurumdan ayrılaraq yeni konqres formalaşdırmaq istiqamətində fəaliyyət göstəriblər.