Azərbaycan Teatr Xadimləri İttifaqı
Azərbaycan Teatr Xadimləri İttifaqı — Azərbaycan teatr xadimlərini və səhnə həvəskarını tərkibində birləşdirən ən böyük ictimai təşkilatı.
== Tarixi ==
Azərbaycan Teatr Xadimləri İttifaqı ölkəmizin ən böyük yaradıcı təşkilatlarındandır. Əsası 1897-ci ildə qoyulmuş bu təşkilat «Artistlər İttifaqı» adı ilə fəaliyyətə başlamış, 300-dək artist və səhnə həvəskarını tərkibində birləşdirmişdir. 1920-ci ildən «Türk Aktyorlar İttifaqı», 1948-ci ildən «Azərbaycan Teatr Cəmiyyəti» kimi fəaliyyətini davam etdirən bu qurum, 1987-ci il 27 fevral tarixli təsis konfransının qərarı ilə Azərbaycan Teatr Xadimləri İttifaqı adlandırılmışdır.
Sovet hakimiyyəti dönəminə qədərki illərdə Teatr Xadimləri İttifaqının sələfləri olan teatr birlikləri və cəmiyyətlərinə Sultan Məcid Qənizadə, Əbdürrəhim bəy Haqverdiyev, Həbib bəy Mahmudbəyov, Üzeyir və Zülfüqar Hacıbəyov qardaşları, Abbas Mirzə Şərifzadə kimi maarifpərvər ziyalılar başçılıq etmişlər. Sonralar isə Teatr Cəmiyyətinə xalq artistləri Şövkət Məmmədova, Rza Təhmasib, Mərziyə Davudova, Mustafa Mərdanov, Mehdi Məmmədov, Şəmsi Bədəlbəyli, Lütfiyar İmanov, Həsənağa Turabov rəhbərlik etmişlər. Hazırda Azərbaycan Teatr Xadimləri İttifaqının sədri xalq artisti, rejissor Azərpaşa Nemətdir.
XIX əsrin sonlarında kiçik bir cəmiyyət kimi fəaliyyətə başlayan bu ictimai birlik ötən əsrin 50-ci illərindən etibarən artıq teatr prosesinə və onun inkişafına təkan verən, güclü potensiala malik bir təşkilat kimi formalaşmışdır.
Milli teatr prosesində fəal iştirak edən Azərbaycan Teatr Xadimləri İttifaqı müstəqillik illərində müxtəlif formatlı teatr festivalları təşkil etmişdir. Bunlardan dörd «Monotamaşa», iki «Him-cim» (Pantomim), iki «Eksperimental tamaşalar», «Festivallar festivalı», «Milli klassika», Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə Milli Teatr Gününə həsr olunmuş gənc rejissorların «Yeni teatr» Respublika Festivalı, Uşaq tamaşaları Festivalı, «Beynəlxaq Çexov Festivalının «İpək yolu» mərhələsi», «Boş məkanın dolğunluğu», «2+1» Eksperimental teatr festivalı kimi tədbirlər Azərbaycanın teatr həyatında xüsusi canlanma yaratmış, teatr sənətinin inkişafında böyük rol oynamışdır.