Xanoğlan Bayramov
Xanoğlan Bayramov — Sosialist əməyi qəhrəmanı, neftçi.
1933-cü ildə həyata göz açıb 1999-cu ildə dünyasını dəyişən Xanoğlan Bayramov ömrü boyu qurub-yaratmaqla məşğul olub. 66 illik həyatında o qədər ev tikib, qurğu quraşdırıb ki… Başqa inşaatçılardan fərqi isə onda olub ki, torpağın üstündə deyil, suların qoynunda qurub-yaradıb.
Dənizdə ağırlığı minlərlə ton olan platformaların quraşdırılması, suyun az qala 300 metr dərinliyində kəmərlərin çəkilməsi bugünümüzün gerçəkliyidir və heç kəsi təəccübləndirmir. 40, 50, 60 il əvvəl isə bunlar möcüzə kimi görünürdü. Onda təkcə Neft daşları vardı. Burada dəniz şəhəri salınırdı, evlər tikilirdi, estakadalar, estakadayanı meydançalar inşa edilirdi. Dəli-dolu dalğaların qoynunda Xanoğlan kimi igidlər xarüqə yaradırdı.
== Həyatı ==
Lerikdə anadan olmuş, Əmircanda səkkizillik məktəbi bitirmiş, sonra peşə təhsili alaraq qaynaqçılığı öyrənmişdi. Hünər göstərdiyi məkan isə Neft daşları olmuşdu.